Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.
Abil Ulusoy: Mən bir məsələyə də toxunmaq istəyirəm, Güney Azərbaycanla bağlı. Artıq bilirik ki, 1946-cı il fevralın 20-dən 7 martadək İranın baş naziri Moskvada Molotovla danışıqlar aparmışdır. Əsas məsələlər bunlar idi:
1. Sovet qoşunlarının İran ərazisindən çıxarılması.
2. Güney Azərbaycana milli muxtariyyətin verilməsi.
3. İranın şimalındakı neftin Sovetlərə uzunmüddətli konsesiyaya verilməsi və s.
SSRİ həmin dövrdə çox şey edə bilərdi. Necə ki Baltikyanı dövlətləri, Qərbi Ukraynanı və Qərbi Belarusiyanı zəbt etmişdi. Niyə Güney Azərbaycanı tutmadı? Litva, Latviya, Estoniya, Qərbi Ukrayna, Qərbi Belarusiya, – Güney Azərbaycan məsələsində isə geriyə çəkilmə baş verdi. Burada önəmli amil ondan ibarət idi ki, Güney Azərbaycan əhalisi türk idi. Bu, sovet rejiminin, onun başçılarının türkə olan münasibəti idi. Əgər orada türklər yaşamasaydı, mən qəti əminliklə deyirəm ki, Güney Azərbaycandan sovet qoşunları çıxmayacaqdı, SSRİ-nin oradakı hərbi varlığı Güney Azərbaycanın SSRİ tərkibinə qatılmasına gətirib çıxara bilərdi. Amerika və İngiltərənin də öz maraqları var idi. Bu təbiidir. Bunlar öz maraqlarını ortaya qoymuşdular. SSRİ, ABŞ və İngiltərənin maraqları Güney Azərbaycanın fəlakə-tinə gətirib çıxardı. Bəzi faktları yada salaq. Amerika hərbi müşavirlər, təlimatçılar, silah-sursat və s. ilə İrana kömək edirdi. İngilislər də bu qəbildən yardımlar edirdilər. Qərbdən kömək gözləyərək, yurdun Azadlığı üçün Amerikaya, Qərbə güvənənlərə bu bir Dərs olmalıdır.
Ağşın Ağkəmərli: Mən burada bir məsələyə toxunum, bu çox vacibdir. O dövrdə rəsmi statistika azərbaycanlıların sayını 5 mln. deyirdi. Əslində elə deyildi. Azərbaycan türklərinin sayı 16-18 mln. civarında olub. İkinci bir məsələ, mən də qəbul edirəm ki, SSRİ-nin İrana münasibəti türk amilinə görə müəyyən olurdu. Ancaq başqa bir məsələdə isə bir az baxışlarımıza düzgün yön vermək istəyirəm. O vaxtkı İran hökumətinin başçısı Qəvvamın hansı bicliklərlə, hansı oyunları oynamasından asılı olmayaraq, onun arxasında bir ingilis məkri dayanırdı. Yəni Qəvvamın türklərə qarşı münasibəti SSRİ ilə anlaşmaqla məhdudlaşmırdı. Dediyim kimi, ingilis məkri İranda minillik türk hakimiyyətinə son qoymaq məqsədi güdürdü. İran ərazisində türk kimliyini tarixdən silmək planını işləyirdi. Təsadüfi deyil ki, bu gün də fars rejiminin apardığı təbliğat həmin məkrin davamıdır. Diqqət verin, ingilislərin təyinatı ilə 1924-cü ildə coğrafiya komissiyası yaratmışdılar. Azərbaycan-türk adlarını dəyiş-məyə girişdilər, türk millətini təhqir və təhdidlərlə aşağıla¬maq əməlləri həyata keçirdilər. Adət-ənənələrini sıradan çıxartmaq, nəyi var yox eləmək qəsdi vardı. Bir daha türkün gücü, böyüklüyü, təsir imkanları üzə çıxmasın deyə, hər yerdə ona qarşı məhvetmə siyasəti yürüdülürdü. Bunun üçün də bizi bizdən yaxşı öyrənirdilər. Təəssüf ki, müəyyən nailiyyətlər də əldə eləyə bildilər.
Soylu Atalı: Elə buna görədir ki, biz həmişə xüsusi vurğu edirik, – Azərbaycan ümumİran hadisəsi kimi deyil, ayrıca götürülməlidir, vahid, bütöv olaraq dərk olunmalıdır. Siyasi dünya onu ümumİran hadisəsinin bir hissəsi kimi götürür, bundan sonra da bu cür götürəcək. Siyasi dünyaya gərək deyil ayrıca Azərbaycan hadisəsi, bütöv bir türk vahidliyi. Azərbaycan gərək özü-özünü heç bir bölgə içrə, təsir içrə saymasın. Nə qədər ki, farsla türk qeyri-müstəqil şəkildə iç-içə olacaq, orada ingilis olacaq, qeyriləri olacaq, pis niyyətlər qatıb-qarışdıracaq azadlığı.
İndi mən söhbəti qaytarıram ideologiya məsələsinin üzərinə. İdeologiyasız dövlət qurmaq və yaşatmaq mümkün deyil. XX yüzildə bizim dövlətimiz də oldu, hökumətimiz də oldu, hərəkatlarımız da oldu. Ancaq təəssüf ki, bunların heç birində əsaslı milli ideologiya olmayıb. Yaxud da ideologiya proqram səviyyəsində olub. Milli ideologiya əslində milli ideya əsasında formalaşa bilər. Yad ideyalar əsasında milli ideologiya formalaşdırmaq – gücün təməlsiz olması deməkdir. Mən düşünürəm ki, bizim milli ideologiyamızın olmaması səbəbindəndir ki, bu gün də biz özümüzə güvənmirik, öz səviyyəmizə güvənmirik, heç dövlətimizə də güvənmirik. Nə qədər ki, bizim öz ideologiyamız ilə dövlətimiz olmayacaq, əlbəttə, deyilən və deyilməyən problemləri biz yenidən yaşayacağıq. Dövləti dövlətə bənzədən milli ideolojiliyin gücüdür. Dövlətsiz xalq da xalq deyil, icmadır. Xalq icma səviyyəsində də hansısa dəyərlər yarada bilər, yaradır da. Ancaq icmanın yaratdığı dəyər xəlqi olmur. İcmanın yaratdığı dəyər arxivə gedir. Çünki dövlətsiz xalq əsarətdə olur, ən yaxşı halda başqa təsirlərdə olur, başqa dəyərlərin, mədəniyyətlərin icraçısı olur. Öz dəyəri ilə yaşamır, həyatını özümlü dəyərlərin tələbi ilə deyil, yad ənənələrə uyğun formalaşdırır. Bu da assimilyasiya deməkdir. Ona görə də dəyərlərin yaranmasından sonra xalqın həyat tərzində oturuşmasında dövlətin çox mühüm rolu var. Söz yox ki, dövlət millətdən aşağı hadisədir. Ancaq dövlət millətin yaşaması üçün çox mühüm hadisədir. Bununla belə bizim bir millət olaraq dövlətçiliyə münasibətimiz yetkin münasibət deyil. Çünki bizi içəridən çox dəyişiblər, özümüzə çox yadlaşdırıblar. Ən çox əsarət qatı olanda, biz dövlət qurmağa cəhdlər edirik. Biz gərək ağır əsarət altında yaşayaq ki, dövləti azadlığımızı istəyək?! Məsələn, gəlin götürək SSRİ dönəmini. 37-ci ildə düşünərlərimizi məhv elədilər və bu bir mərhələ oldu. Ondan sonrakı dönəmlərdə dövlət istəyi ilə, azadlıq istəyiylə həbs olunanlar olmadı. Çünki əsarət zahirən bizi incitmirdi. Bir var “şirin əsarət”, bir də var “qəddar əsarət”. SSRİ şirin əsarət idi. Süni xalqlar dostluğu, süni qardaşlıq görüntüsü yaradılmışdı. Torpaqlarımızı zəbt eləyənlərlə (ermənilərlə) “qardaşlaşmışdıq”. Bəşəri huma¬nizm nöqteyi-nəzərindən baxanda bu çox yaxşı bir şey kimi görünə bilər. Ancaq biz ermənilərlə hansı şəraitdə, hansı şərtlər altında qardaşlaşmışdıq?! – Bizim torpaqlarımızın zəbti və insanlarımızın soyqırımı üzərində dövlətə çevrilən ermənilərlə, yağılarla birdən-birə qardaş olduq. Heç bir hesab sormadıq, heç kimi ən yumşaq şəkildə desək, xəcalətlə, məsuliyyətlə üz-üzə qoymadıq. Pis çıxmasın, iradəsi zorlanıb ərə verilmiş bir qız durumuna saldı SSRİ bizi. İmperiya bizə yalançı səadət gətirdi, yalançı səxavət göstərdi, biz də uyduq, arxayınlaşdıq. Süni doğmalıq oyunlarında əsarət görünməz oldu. Ancaq Güney Azərbaycanda necə də amansız, dözülməz münasibət vardı soydaşlarımıza qarşı. Pişəvəri hökuməti qurulana qədər soyğunçuluq, talançılıq, istibdad elə bir səviyyədə idi ki, buna dözmək heç bir vəchlə mümkün deyildi. Mən o faktları burada sadalamaq istəmirəm, o faktlar bu gün də aradan qalxmayıb. Bax, bu qəddar əsarət kütləni səfərbərliyə məcbur edirdi ki, nəsə eləmək lazımdır.
Bizim millətimizin içində azadlıq istəyinin güclü olması, əlbəttə, həm də türkün öz xarakterindən irəli gəlir. Türk fitri azadlıqsevərdir. Ancaq dediyim kimi, bizi içəridən özünəyadlaşma həddinə gətirdikləri üçün elə bil qəddar əsarət olmayanda bir az arxayınlaşırıq. Bunun bariz nümunəsini biz Quzey Azərbaycanın bugünkü halında da görürük. Təəssüf ki, biz belə bir etiraf qarşısındayıq. Güney Azərbaycana qarşı qəddar bir əsarət hökm sürdüyü halda, Quzeydə bir arxayınçılıq formalaşıb. Hesab eləyirəm ki, bu da yenə “şirin əsarət”in başqa bir biçimdə içimizdə oturuşması ilə bağlıdır. Burada yenə milli ideologiya məsələsinin önəmi üzə çıxır. Bir məsələ ilə əlaqədar diqqətli olmaq gərəkdir. Söhbət hakimiyyət ideologiyasından deyil, milli ideologiyadan gedir. Hətta dövlət ideologiyası belə milli ideologiya demək deyil. Dövlət ideologiyası bir siyasi yöndür, o dəyişilə bilir, o taktiki gedişlərlə bağlı olduğu üçün müəyyən dövrdən bir dəyişilə bilir. Hakimiyyət ideologiyası isə müəyyən bir zümrəni – dövlətin başında duran zümrəni qorumaq üçündür. Milli ideologiya isə millətin var olmasına xidmət edən bir nizamdır – həm xarici münasibətlərin nizamıdır, həm də daxili münasibətlərin. Bu çox mühüm əhəmiyyət daşıyır. Bizim baxışımıza görə, ideologiya milli-ruhani ideya əsasında formalaşmalıdır. Çünki ruhani ideya millətin dəyəridir, onun mahiyyətindən yaranır. Əks halda qıraqdan ideologiya götürməklə özünü ifadə eləmək olmaz. İndi mən burada Asif Atanın milli müstəqilliklə bağlı bir açımını təqdim eləmək istəyirəm. Asif Ata deyir ki, müstəqillik üçün dövlət atributları nə qədər gərəkli olsa da, həlledici deyil. Müstəqil-liyin əsas qarantlarından biri müstəqil iqtisadiyyatın olması¬dır. İqtisadi asılılığın aradan qalxması üçün “aldığın qədər verməlisən”. Belə demək mümkünsə, asılılıq qarşılıqlı olmalıdır. Qarşı tərəfdə üstünlük yaranırsa, müstəqillik getdikcə zədə götürür – asılı müstəqillik yaranır. Təbiidir ki, xalqlar bir-birindən təcrid olunmuş şəkildə yaşaya bilməzlər, yəni qarşılıqlı asılılıq labüddür. Ancaq birtərəfli asılılıq əsarətdir. Avropa tərəqqisindən də bəhrələnmək olar, ancaq iqtisadiyyatın özülü, əsası milli potensialdan formalaşmalıdır.
İkinci amil müstəqil, milli mədəniyyətin olmasıdır. Bu gün bizim mədəniyyətimiz milli və müstəqil deyil, təəssüf ki. Avropa mədəniyyəti deyilən bir mədəniyyət həyatımıza total şəkildə daxil olub. Nə üçün mən bunu xüsusi olaraq vurğulayıram?! – Çünki istər keçmişimizdə, istər bugünü¬müz-də baş verən fəlakətlərimiz əsasən eyni səbəblərdən baş verir. Biz deyirik fəlakətlərimizdən dərs götürək, yəni sabah da eyni səbəblərdən meydana çıxan fəlakətləri yaşamayaq. Nə idi bizim fəlakətlərimizin səbəbi?! Əgər biz ötən yüzilin əvvəllərində xalqımızın həyatında cərəyan edən hadisələri diqqətlə izləsək, onun ictimai-siyasi, mədəni-mənəvi durumu ilə bugünkü durumu arasında elə bir əsaslı fərq tapa bilməyəcəyik. Yəni xalqımızın həyatında yad baxışlar, ideyalar, ideologiyalar oturuşduğundan, onu həmişə kənar əllər özünə qarşı idarə edib. Milli özümləşmə prosesi olmadan hərəkatlarımız yaranıb. Bizi əsarətin acısı səfərbər edir, ancaq bərkiyə bilmirik, birləşə bilmirik. Yolsuzluq girdabından çıxa bilməmişik. Ona görə də aqibətimizə məğlubiyyətlər yeriyib. Baxmayaraq ki, bu gün türk dövlətlərinin inteqrasiyasından danışırlar, simpoziumlar keçirilir, birgə konfranslar təşkil olunur, ancaq yenə də, o dövrü¬müzdən fərqli bir mərhələyə qədəm qoymamışıq, böyük mənada dəyişiklik yoxdur. Əgər bizdən kənarda dəyişik¬liklərin yaratdığı mühit varsa, bizim indiki yarımmüstəqilliyimizin ömrü qısa olmayıbsa, bunu həyatımızdakı əsaslı bir tərəqqi kimi qəbul edə bilmərik. Yarımmüstəqillik də ona görə deyirik ki, nə qədər ki, Azərbaycan bütövləşməyib, gücü bir yerə toparlanıb özünə gərək ola bilmir, hegemon güclər bizim indiki müstəqilliyimizlə daim oyun oynayacaqlar.
Üçüncü bir məsələ, müstəqilliyin qarantı olan müstəqil diplomatiyanın olmasıdır. Burada dövlətin dünyada özünü ifadə eləyə bilməsi, milli zəmində yaşaması önə çıxır. Bizdə əsaslı nə deyilirsə, o, kənardan gəlir, öz içimizdə yaranmır. Bizi idarə edən mexanizmlər daşınır içimizə, biz də onun əsasında diplomatiya yürüdürük. Biz özgələrin verdiyi ideoloji baxışlarnan formalaşıb böyük mənada necə müstəqillik nümayiş etdirə bilərik?! Biz Sovet Şurasından xilas olduq, Avropa Şurasının, MDB şurasının diqtəsi ilə yaşamağa başladıq. Qarşımızda şərtlər qoyulur: belə eləməlisən, belə düşünməlisən, belə yaşamalısan. Bunun nəyi müstəqillik oldu ki?! Xalq milli özümləşmə prosesi keçmir, vahid gücə çevrilmir. Başında duranın özbaşınalığına isə qəyyumların barmaq silkələməsini umur. Qəyyumların səxa-vəti əsasında yaranan müstəqillik elə əsarətdir.
Abil Ulusoy: Soylu bəy çox düzgün qeyd elədi, görünür, köklü bir bəlamız var, əsrin əvvəli ilə sonu, XXI əsrin əvvəli görürük ki, yurdumuzda baş vermiş hadisələrə münasibətimiz köklü şəkildə dəyişməyib. Çıxış yolu nədədir? Azərbaycan nə o dövrdə, nə də indi millətçiliklə məşğul olmayıb. Azərbaycan millətçilik dövrünü keçirməyib. Əsas çıxış yolu bu idi! Azərbaycanda çatışmayan bu idi. Asif Ata deyirdi, əgər Azərbaycan millətçilik dövrünü keçsəydi, o bu vəziyyətdə olmayacaqdı. Xaricdən gələn istənilən ideyanı, yad baxışları və s. öz milli süzgəcimizdən keçirib ona münasibət bildirəcəydik. Bu mənim millətim üçün dəyərlidir, yararlıdır, ya yox. Biz millətçilik dövrü keçmədiyimiz üçün bu hadisələrlə üzləşirik. Milli ideologiya məsələsinə qayıdaq. Çox maraqlı bir məqam var. Milli ideologiya yaranır. Hakimiyyət tutaq ki, milli ideologiyanı götürdü. Bu artıq hakimiyyətin ideologiyası olur. Milli ideologiya hakimiyyətləşəndə artıq millət qalır ideologiyasız. Ona görə də möhkəm oturuşmuş millətçilik olmalıdır ki, davamlı şəkildə milli ideologiya olsun. Asif Ata söhbətlərimizin birində mənə demişdi: “Xalq dilində danışanı hökumət dilində danışan anlamaz”.
Güney Azərbaycanda Milli Hökumətin devrilməsinin nəticəsində nə oldu? Nə baş verdi?
25 min insan dar ağacından asıldı, həbs olundu. Bu əslində fars şovinizmi tərəfindən Azərbaycan türklərinə qarşı törədilən bir soyqırım hadisəsi idi. İnsanlığa qarşı törədilən bu qanlı cinayət əməli hələ bu gün də təəssüf ki, öz ədalətli hüquqi qiymətini almayıb. Biz İran ərazisini genişləndirdik. İranı müxtəlif dövrlərdə parçalanmaqdan qoruduq. İranı abad elədik. Minilliklərə bərabər olan (İran coğrafiyasında) dövlətçiliyi qoruyub saxladıq. Bir əsrdə 4 inqilab elədik. İran xalqlarına azadlıq istədik. Əvəzində fars şovinistlərinə edilən xarici dəstəklərin köməyi ilə aldığımız məğlubiyyətlər oldu. Qoy bu bizə dərs olsun!
Mən belə bir fikirlə sözümü bitirirəm: “Xalqın əsarət dövrü olur, əsarət ömrü olmur” (Asif Ata).
Ulusumuz Var olsun!
Ağşın Ağkəmərli: Bizim bu gün, yəni XXI yüzilin əvvəlində apardığımız bu konular əslində XIX yüzilin əvvəllərində aparılmalıydı. O tarixi faciələrə yol verməmək üçün. Bizim üzdəniraq qonşularımız bu məsələ ilə bağlı əks istəklərini 1875-ci ildə Tiflisdə həll eləmişdilər. Bu gün kimliyindən asılı olmayaraq, onlarda istər Asala terror təşkilatı olsun, istər Daşnaksütun partiyası, istər Ermənistan kommunist partiyası olsun, onların məqsədi bir yönə olub – erməni dövlətçiliyi. Fəaliyyət istiqamətləri bir-birindən fərqli olsa da, niyyət bir olub. Ona görə bu gündən baxanda biz görürük ki, bu məsələdə 300 il gecikmişik. Əgər bu gün bizi nələrəsə yönəldən amillər gündəliyə gəlirsə, bu bizim dahiliyimiz deyil, bu bizim düşmənlərdən qorxumuzdur ki, çabalar göstəririk, bir-birimizə sığınırıq. Əgər düşmənlər hardasa bizdən əl çəksə, biz yenə səpələnəcəyik. Çünki əsas mühüm problem bayaqdan vurğuladığımız ideoloji boşluq¬ların olmasıdır ki, bizdən başqa bütün millətlər bu məsələnin zamanında həllinə girişir.
Soylu Atalı: Çox önəmli olduğu üçün sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Bu, dövlətçilik məsələsindəki fərqlərlə bağlıdır. Bir var erməni dövlətçiliyi və ona münasibət, bir də var bizim dövlətçiliyimiz və ona münasibət. Bunların çox böyük fərqi var. Belə ki, erməni dövlətçiliyini başqa qüvvələr qoruyur, bizim dövlətçiliyimizi bizim öz gücümüz qorumalıdır – Millətçiliyimizin yaratdığı gücümüz. Erməni dövlətinin olması ermənidən çox bizə qarşı olan başqa qüvvələrə gərəkdir – Türk Dünyasının arasında aranı qarışdıran erməni dövləti. Başqa mövzuda bu məsələyə toxunacağıq. Yəni dövlətçilikdən öncəki məsələlərimiz həllini tapmadığı üçün dövlətimiz bizə yar ola bilmir.
Beləliklə, istəkli yurddaşlarımız, biz bu gün milli dövlətçiliklə, millətçiliklə bağlı heç də insanlarımızın bildiklərini onlara öyrətmək məqsədi güdmürük. Bu məsələləri tarix kimi, hadisə kimi bizdən dərin bilənlər var və bu faktları kitablarda yazıb ortaya qoyublar da. Ancaq biz məsələlərin mahiyyətinə üz tutub Mütləqə İnam Dünyabaxışımızın ölçülərindən yanaşmaqla öz açımımızı ortaya qoyuruq, qiymətləndirmələrimizi təqdim edirik. Düşünürük ki, bu yöndən toplumu maarifləndirmək çox önəmlidir və bu istək daha da genişlənməlidir. Biz hadisələrin sadalanmasını deyil, tərəfsiz dəyərləndirilməsini istəyirik. Hadisələrdən bilgi toplamaq yox, hadisələri düşünmək və dərs götürmək gərəkdir.
Yəqin ki, sağlam tənqidi baxışlar da olacaq, biz bu baxışları da sayğılarla qarşılamağa hazırıq. Təki birlikdə ciddi şəkildə hadisələrin içinə girə bilək, yön yarada bilək.
Mən sözümü Asif Atanın carı ilə bitirirəm –
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!