Söz
Gülləni hədəfə söznən atıram,
Sözümü vermirəm heç ələ, qardaş.
Söznən oyanıram, söznən yatıram,
Söznən oynayıram mən hələ, qardaş.
Sözün yaddaşıdı sözün yaşıdı;
Ağızdan-ağıza söz qarıyacaq.
Dibinə su töksən ağac boy atar
Dibinə su töksən söz quruyacaq.
Neçə söz çəməni gömgöy, təzətər
Çimdinə-çimdinə hey söz yığıram.
Yıxıram qorxulu düşməni söznən,
Mən öz öyümü də söznən yıxıram.
Kasıb yatıb-durub itini öyər,
De bunnan savayı bir işi nədi?
Arvad gözlərinin odunu yeyər
Kişi ki, sözünün ətini yedi…
Gedirəm, gəlirəm boşu-boşuna
Xəyaldan şirin kam almaqdan ötrü.
Bir çöpün yiyəsi ola bilmirəm
Sözümün yiyəsi olmaqdan ötrü.
Qıvrılıb ilan tək qabıq qoyuram
Mən dizə çökürəm sözümün üstə…
Çörəyim dizimin üstdə olmasın,
Misralar yazsam da dizimin üstə.
Qorxaqlar dünyada hələ qan deyir,
Ağıl göməşdirir, əl göməşdirir.
Tərəflər meydanda pəhləvan deyil,
Tərəflər hələ ki, söz güləşdirir.
Uşaq xəyalında aldanan kimi,
Başında bir şirin nəşəli hava.
Durub oyuncaqla oynayan kimi
Söznən oynayıram mən binəva da.
***
Yad əllə dartılan quru yüyənsən,
Haraya çəksələr cəld yüyürənsən,
Bütöv dərrakəsən, uzaq görənsən,
Mənsəbli, şöhrətli nadansan hələ.
Harda aş orda baş, hazırsan hər an,
Beşsən şeş yanında şeşə dayanan.
Tavan titrədənsən hay-harayınnan
Döşünə döyənsən aslansan hələ.
Qıvraq yerişlisən, iti səslisən,
Açıq ürəklisən, hal-həvəslisən,
Mənnətdar olginən filankəslisən,
Özün də “kişisən”, “ad-sansan” hələ.
***
Mən şair olardım…
Məni xırda-xırda məhv elədilər.
Məni bir şerin sevinci üçün
Gör neçə illərdi yol gözlətdilər.
***
Əgər səhvlərini təkrarlamasan
Qatı şübhələrin ümidə dönər,
Kövrək qanadların bərkiyər bir az.
Həsrətin dağılan buluda dönər
Sinəndə sevginin göynəyi qalmaz –
Əgər səhvlərini təkrarlamasan.
Şirin xatirələr keçidi keçdi,
Üz tutub gedərsən hara aparsa.
Qarşında uçrumlar, uçqunlar heçdi,
Pəhsinmə büdrəmək qorxusu varsa –
Əgər səhvlərini təkrarlamasan.
Böyük istəklərdən keçmə, amandı,
Kiçik istəklər də bac verməz sənə.
Qəlbində bir arzu məşəli yandır
Duyan ürək olar, görən göz sənə –
Əgər səhvlərini təkrarlamasan.
Nə vaxt inamsızlıq doldu qəlbinə
Onda ölümünnən qabaq ölərsən.
İnamı əlinnən buraxma, yenə
Ömrü yaşamağa geri dönərsən –
Əgər səhvlərini təkrarlamasan.
Səni çaşdırmasa təsəlli, qılıq
Düşərsən əvvəlki cığıra, izə.
Çəkər əllərinnən yaxın ucalıq,
Durarsan zirvəylə onda göz-gözə –
Əgər səhvlərini təkrarlamasan.