Soylu Atalı. İnsanlığın Yaşam Sevdası

Ocaq Yükümlüsü Soylu Atalı

(Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim)

 “İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər”
(Asif Ata).

 1. Gəlişmə – antigəlişmə

 Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınır­ların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə bağlı qalaq-qalaq kitablar basılır, elmi dərəcələr alınır, ödüllər qazanılır, şöhrət pillələri fəth olunur. Ancaq insanın içində gedən mürəkkəb proseslər – sarsıntılar, əyintilər, xəyanətlər, qəbahətlər bilinmir, dərk olunmur, aradan qaldırı­lmır. Bu ona görədir ki, gəlişmə əsilliyə yetmir.

Tarixi yaradanlar, tarixi yaşadanlar, tarixlə yaşayanlar, tarix­dən üstün yaşayanlar – gəlişmənin genetikası da, mahiy­yəti də bu kon­tekstdə bu sistemi aydınlaşdırmaqla öyrənilə bilər. Hər halda, biz belə düşünürük. Biz düşüncələrimizi yeritmirik, onu əsaslandırmağa çalışırıq. Bunun üçün bir sıra hal­larda böyük ədəbiyyatlara üz tutur, yaradıcı insanların bu yöndən əmək­lə­rindən yararlanmağı doğru sayırıq. Çünkü insan taleyinin durumunu ən çox böyük ədəbiyyatlar axtarır. Bu axtarışlarda bəşər mədəniyyətinin qabağa getməsinə qatqı göstərən dühaların rahatsızlıqları vurğulanır. O da var ki, bu rahatsız­lıqlar əsasən yazıçının içində gedir, kitaba yazılır. Gərək bu rahatsızlığın etkisini kitabdan qırağa çıxartmaq üçün düşünən insanlar hər yerdə hərəkətə keçsinlər. Hərəkət nizamı, hərəkət sistemi yaradan, ona yön verən yeni Mütləqə İnam Dünya­baxışı da artıq ortadadır…

İndi gəlişmənin genetikasını özündə daşıyan sistemə aydınlıq gətirməyə çalışaq. Biz “tarixi yaradanlar” vurğumuzun məntiqi ilə başlayaraq, bütövlükdə bu sistemi qapsamağı göz önünə alırıq.

Tarix çox mürəkkəb bir anlayışdır. Çünkü tarix – onu yara­dan­ların əməllərindən, xarakter­lərindən yazılır. Bu əməllər, xarakterlər insan varlığının necə ifadə olunması ilə bağlıdır. İnsanın Tanrıya, dünyaya, insana münasibəti necə gerçəkləşir, necə olaylaşır – bu münasibət çox qarışıq-dolaşıq özünü gös­tərir. Tarixin mürəkkəbliyi də buradan əmələ gəlir. Bəlkə insan özü də tarixin mürəkkəbliyini qaçılmaz sayır, ona haqq verir. Burada balaca bir aydınlaşdırma vermək yerinə düşər. Bir var insanın yanaşmasının zənginliyi, bir də var çelişkiliyi (ziddiyyət­liliyi). Zən­gin yanaşma kamil, yetkin səviyyəli insanda üzə çıxır. Çelişkili münasibət isə kamil olmayan, bəsit yaşam sürən insanda özünü göstərir.

Asif Atanın dünyabaxışında bəşər övladının səviyyəsi üç anlamda vurğulanır: məxluq, adam, insan. Məxluq ömrü hey­van­lığa uyğun yaşamdır. Adam səviyyəsi – güvənilməyən, qalxıb-enən, nisbi, dəyişkən yanaşmalarla izlənilən bir səviy­yədir. İnsan yönü isə kamil, sabit, anlamını doğruldan bir səviyyədir. Əgər bu ölçü ilə yanaşsaq, insanın Tanrıya, Dünya­ya, İnsana yanaşmasının zəngin, ya da çelişkili olmasının nədənini, nə demək olduğunu anlayarıq. Tarix də bu yanaşma­lardan oluşur. Gözə alsaq ki, tarix ən çox savaşlardan, qırğın­lardan, dünyanı talamaqdan, təbiəti pis anlamda mənimsə­məkdən soraq verir, düşünməliyik ki, bu tarix Adamlığın yarat­dığı gedişlərdir.

Tarix – əbədi bilik deməkdir. Ancaq anlamca əbədiliyə girməyən bilikdir. Bəlkə insanlıq qələbə çaldıqda tarix öz qanlı bilikləri ilə silinib gedəcəkdir. Nədən ki, tarixin bu qanlı bilik­ləri gələcəyin ümidlərinə kölgə, hətta ləkə salır. Pis örnəklərlə dolu olan tarix bilgiləri insan mənəviyyatının işığın­da niyə yaşamalıdır ki?! Bir sözlə, Adamlığın yaratdığı tarix çelişkili, İnsanlığın yaşadığı, yaşadıldığı tarix isə zəngindir. Məxluq isə tarix yaratmır.

çelişkili çoxdur, zəngin az. Azda Məna var, çoxda olay. Olay qalaqlanır, köhnəlir, Məna isə yeni­lənir, örnəkləşir.

Hüqonun “Səfillər”əsərindən örnək­lər götürməklə onun ide­ya axtarışlarını sunmaq mümkündür. Hüqo, bütün klassiklər kimi, təkcə yaşadığı dövrün deyil, bütün zamanların doğurduğu fəlakətlərin nədə­nini anlayıb. Bəşər övladının bu fəlakətlər dolanbacından qurtarmasına yardımçı olmağa çalışıb. O, öz yurdunun insanı ilə bəşəriyyətin taleyinin bir nöqtədə kəsiş­diyini əsaslandıra bilib. Onun ədalət uğrunda savaşı da bu nöqtə­dən addım götürür. O, ulusal-bəşəri fəlakətin, sosial ədalətsizliyin qaynağını bütün aydınlığı ilə görə bilir. Toplumun siyasət ortamına (mühitinə) çevrilməsini insanın taleyində sistem­ləşdirərək xristianlığın başlan­ğıcından gələn insan sevgisiylə bunu aradan qaldırmağın gərəkliyini önə çəkir. Xristianlığın bəlli prinsipləri ilə bunların ortadan getməsini ödəmək alınarmı, alınmazmı, – bu, məsələnin ayrı bir çalarıdır. Hüqo sənət araçılığı ilə nə eləyə bilərsə, onu eləyir. Çünkü yeni bir “xristianlıq”, başqa sözlə, yeni bir “dünyabaxış sistemi” yaratmaq Hüqonun işi, gücü dışındadır. Odur ki, biz də onun xrisianlıqda doğru bildiyi prinsiplərə üz tutaraq axtarışlar etmə­sini izləyirik. Xristianlığı köhnəlmiş, nisbi dünya­görüş saysaq da, bu, bizim Hüqo içdənliyinə (səmimiyyətinə) sayğı­mıza kölgə salmır. O ki qaldı, bizim bütün ədəbiyyat, sənət örnəklərinə yanaşma­mızda “dünyagörüş” məsələsini önə çək­mə­yimizə, bu doğaldır (təbiidir). Çünkü hər bir yanaşmanın, bütövlükdə varlığın özülü İnanc məsələsinə dayanır. Biz əsər boyu izləyirik, Hüqonun özü də insanın düşdüyü qaranlıqların işığını İnancda axtarır. İnsan Tanrı anlamına inanmalıdır. Bu İnamda onun öz növündən olanlarla birgə yaşamaq nizamı var. Bu nizam Tanrı anlamın­dan doğan ədalət, həqiqət, vicdan anlayışlarının yaşadılması ilə qoruna bilər. Bu anlayışlar insan ömründə mütləqləşəndə yüksək (ali) həyatın gözəllikləri dərk olunur. Toplumsal (icti­mai) həyat mənəviyyat işığıyla aydın­lığa çıxarsa, qarala­malarla, qaranlıqlarla dolu olan tarix də öz ömrünü başa vurar, qanlı biliklərlə bu günə daşınmaz, İnsan­lığın tarixi başlayar. İnsanlığın tarixini tarixdən üstün yaşa­yanlar yazır, daha doğru­su, yaradır. Tarixdən üstün yaşayanlar yüksək həyatın qurucu­larıdır. Onların ömrü, işi ölümündən sonra deyil, çağında da dək olunarsa, tarix qaralamalardan azad olub yüksək həyatın tələblərini öyrədə bilər. Başqa sözlə, tarixdən dərs götürməklə qurucu tələblərə yetmək olar.

Deyirlər tarix təkrar olunur. Bu ona görədir ki, Adam İnsanlaşmır. Adamlığın doğurduğu əməllər bütün dövrləri bir-birinə bənzədir. İnsanlığın doğurduğu əməllər – dövrünə zəngin­lik gətirir, hər anın o birindən üstünlüyünü, zənginliyini ortaya çıxarır. Adamlıq – köhnəlik yaradır, daha doğrusu, öz əməlləri ilə köhnəlir. İnsanlıq yenilik yaradır. İnsanlığın yeniliyi işığa çevrilir, işıq köhnəlmir, bütün dövrlərdə yenilənir. Biz həqiqət aşiqlərinin dərisinin soyulmasını, odda yandırılmasını misal deyə bilərik. 15-ci yüzildə həqiqətçinin (Nəsiminin) dərisini soydular, ancaq həqiqəti yenə (məğlub edə) bilmədilər. Həqiqətin işığı bütün zamanların qaranlığının üzünə düşür. Onun davamında Brunolar ayılır, həqiqətin işığını sönməyə qoymur. Onların axtarışları fərqli görünsə də, hər birinin qaynağı Həqiqətdir.

Biz dedik, həqiqətə tapınanlar tarixdən üstün yaşayırlar. Yəni bir dövrə sığmırlar, bir dövrdə qalıb köhnəlmirlər, əbədiy­yətin mənəviyyatında döyünən ürəyə çevrilirlər. Böyük ədəbiy­yat da, böyük sənət də bu döyüntülərdən süzülüb gəlir, yük­sək mənəviyyatın pozulmaz sistemində yaşayıb işığın gücü­nə qarışırlar. Hüqo da bu işığa qatqı verən sənətkarlardandır.

Yuxa­rı­da vurğuladıq ki, toplumsal bəlalara dirəniş göstər­mək üçün Hüqo insanı xristianlığın ehkamlarında yaşadılan fəzi­lət­lərə çağırır. Ancaq o, fəzilətləri kilsələrdə, dini qurum­lar­da deyil, bireysəl (fərdi) əməllərdə, düşüncələrdə tapır. Onun “Səfil­lər”i də həmin əməllərdən, düşüncələrdən başlanğıc götü­rür. Əsəri başlayan olay bir az fərqli görünsə də, dediyimizi olayların sonrakı gəlişmələrində davamlı izləyə bilirik. Birey­səl əməllər məbədlərin içindən yön alır. Sonra toplumun içinə yeriyir, ayrı-ayrı bireylərin (fərdlərin) ömründən şəri çıxararaq ürəklərin özünü məbədə çevirir.

“Cənab Mirielin yeparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danışacağımız əhvalat üçün heç bir cəhətdən əhəmiyyəti olmasa da, hər şeyi dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə də, faydasız deyildir. Adamların yaydıqları şayiələr həqiqət, yaxud yalan da olsa, hər halda, insanın həyatında, xüsusən, onun sonrakı taleyində, onun öz əməlləri qədər əhəmiyyətli rol oynayır. Cənab Miriel Eks də məhkəmə palatası müşavirinin oğlu idi, deməli, məhkəmə aristokra­tiyasına mənsub idi…

Nəhayət, inqilab başlandı. Hadisələr sürətlə bir-birini təqib edirdi, məhkəmə məmurlarının seyrəlmiş, təqib edilən ailələ­rinin hərəsi bir yana qaçıb dağıldı. Miriel inqilabın hələ ilk günlərində İtaliyaya mühacirət etdi. Arvadı çoxdan bəri düçar olduğu döş xəstəliyindən orada öldü. Uşaqları yox idi. Bəs Mirielin sonrakı həyatı necə quruldu? Köhnə Fransa cəmiyyəti artıq süqut etmişdi. Mirielin öz ailəsi məhv olmuşdu. Mirielin tərki-dünya etməsinə və yalqızlığa çəkilməsinə səbəb, bəlkə də, bunlar olmuşdu? Yaxud, bəlkə də, eşqbazlıq və əyləncələr içində ömür sürərkən o, varlığını qıran və maddi rifahını pozan ictimai sarsıntılar qarşısında dayanmağa qadir insanın bəzən lap ürəyinə dəyib, onu yerlə-yeksan edən gizli və dəhşətli zərbələrdən birinə düçar olmuşdu? Bu suallara heç kəs cavab verə bilməzdi: yalnız bu məlumdur ki, Miriel İtaliyadan qayıtdıqda artıq keşiş idi”.

(“Səfillər”, səh.5. “Qanun Nəşriyyatı”,
“Əli və Nino Nəşriyyatı”, 2013.)

– Toplumun halı, həyatı nə qədər rəngarəng, nə qədər əl­van, nə qədər mürəkkəb. Hərə bir cür düşünür, bir cür yaşayır, həqi­qət hərəyə bir cür çatır, hərə ədaləti özünəyarar görür, birgə (vahid) ölçü yox, birgə amal yox. Arzular başqa, arzuların ödənməsi üçün tələblər başqa. Hər kəsin istəkləri bir-biriylə toqquşur. Birgə yaşayışı qurmaq, nizamlamaq bu şərtlər içində olduqca çətindir. Ona görə toplum adlanan mühitdə doğulan insan bu mürəkkəbliyin içində dağınıq tərbiyə alır. Bu mühitə bənzəyən insan mühitin bütün tələblərini öz ömründə gerçəkləşdirməyə çalışır. Kef, əyləncə, eşqbazlıq, yüksək təbə­qə­yə mənsub adamların üzgörə sayğısını duymaq, şöhrət, ödüllənmək, bir sözlə, hər kəsdən üstün görünmək – mühitin başlıca tələbləri bunlardır. Bütün bunlar insanın mahiyyətindən qıraqdadır. Ya da bütün bunlar insanın ömrünə girdikcə, mahiyyət işığı onun ömründən qırağa çəkilir. Günlərin bir günü toplum adlanan mühitdə hansısa səbəbdən kəskin bir dəyi­şiklik baş verdikdə hər şey uçub-dağılır. Həyat insana boş, anlamsız görünür. Əyləncə içində yaşamış insanlardan çox az kəsiminin həyatında dönüş başlayır. Budur, inqilab Mirielinin yaşadığı üzdəki dəbdəbələri vurub dağıdır. Ailəsi belə, məhv olur. O, böyük bir sarsıntı içinə girir. Bu sarsıntı Mirie­lini toplumun aldadıcı mühitindən uzaqlaşdırıb tərki-dünya edir. Tərki-dünya kimi bir yaşamı doğru saymırıq. Ancaq toplum (cəmityyət) mühitinin dəyişilməsinə etki göstərə bilməyən insa­nın ondan qaçmasını anlayırıq. Toplum necə var, elə qalırsa, insan üçün toplumun içində ondan yüksək yaşamaq olduqca çətindir. Tarix boyu toplumun içində toplumdan yüksək yaşamağı çox az insanlar bacarıb. O da var ki, toplumun dəyişilməsinə etki göstərə bilməyəndə, istər onun içində arı (təmiz) yaşa, istər ondan qıraqda, bunun elə bir önəmi yoxdur. Ancaq həqiqətin yolunu tapmaq asan deyil. Bəzən insan toplumun həşirində boğulanda yalqızlığa çəkilir. Bu yalqızlıq tarixin ilkin (ibtidai) dövrlərində necə olub, bilmirik. Bildiyimiz tarixlərdə isə yalqız­­lığa çəkilən insanlar məbədlərə üz tutub. Məbədlərdə onların yalqızlığını Tanrı sevgisi doldurub. Onlar dünyadan, bəlkə belə demək doğru olar, toplum mühitindən ayrılmaqla Tanrı ilə birliyə yetiblər. Bundan sonra onların ömrü­nü toplum deyil, Tanrı tərbiyə eləyib. Başqa sözlə, özləri özlərini Tanrı sevgisiylə yenidən qurublar. Yenidən qurulma – yenidən doğulmamı deməkdir, nisbidirmi, mütləqdirmi, bu məsə­lə­nin ayrı bir yönüdür. Nədən ki, bu sualın cavabı insan ömrünə etki göstərən dünyabaxışın ideya səviyyəsindən çox asılıdır. Hələ ki, bu məsələnin incəliklərinə girmədən olaylara yanaşma­ğımızı qiymətləndirməyi Mirielinin tapındığı dünya­baxışın açısından götürəcəyik. Bütöv dəyərlən­dirmələrə gəldik­də isə öz istəklərimizə də üz tutmağa çalışacağıq. Yuxa­rı­da deyil­di ki, Mirieli toplumsal həyatda sarsıldıqdan sonra inanc evinə çəkilib tərki-dünya yaşayır. Ancaq o, Tanrı ədaləti ilə dolub insanlara qayğı göstərməyi həyatının tələbinə çevirir. Onun çalışmaları Tanrıya sevgi evi ilə insanlara qayğı ünvanı arasında xeyirxahlıq yolu çəkməyə başlayır. Bu xeyirxah­lığın sorağı artıq ölkənin hər yerinə yayılırdı. Əsər bundan sonra Mirielinin xeyirxahlıq faktlarını sadalamaq yox, insan duyğu­larında, əməllərində baş verən müqəddəs dəyişiklikləri göstər­mək xətti tutur. Biz də əsərdə ömürlərin bir-birinə etki göstər­məsi ideyasını izləyirik.

Biz dedik ki, toplumun halı, həyatı çox mürəkkəb, çox rəngarəngdir. Ancaq hamı üçün genel (ümumi), ortaq olan qaçılmaz məsələlər də var. Bunlardan biri, hamını birləşdirən, onların danışdığı dildir. Biri qanunlardır. Dil – hamının bir-birini anla­ması üçün gərəkən bir dəyərdir. İnsanların içində, düşün­cəsində bir-birinə uyğun olan da, olmayan da nəsnələr var. Bir-birinə uyğun olanlar insanlıq tələbləridir. Bu tələblər insanları, araçısız (vasitəsiz) olaraq, bir-birinə yaxınlaşdırır, anlaşdırır. Bir-birinə uyğun olmayan məsələlərdə isə insanlar bir-biri ilə qanunlar araçılığı ilə anlaşırlar. Ancaq bir çox hallarda qanun özü insanlarla anlaşmaya girə bilmir. Çünkü qanun insanın həyatını dəyişmir, onu öz mahiyyətinə çatdırmır, sadəcə, insa­nın qarşısında tələblər, yasaqlar qoyur. Əslində qanun top­lum­sal həyatı zor araçılığı ilə (vasitəsiylə) nizamlayır. Zor toplumsal (ictimai) davranışlarda daha amansız pozuntular əmələ gətirir. Qanun insana deyir – oğurluq eləmək olmaz, eləyərsən, zinda­na düşərsən. Ancaq insanın oğurluq etməməsi üçün ortam yaratmır. Söz yox, qanun deyəndə biz dövlət-insan münasi­bətlərinin nizamlanmasını gözə alırıq. Söhbət isə bütün hallarda insandan gedir. İnsan qanunu yazır da, pozur da. Deməli, qanunu yazan onu asanlıqla poza da bilirsə, qanunun ortada olması hər şey demək deyil. Qanun yazı­landa başlıca olaraq humanist düşünülür. Ancaq yerinə yetiriləndə bir təbəqənin üstünlüyünü qoruyur. Bunun etkisini əsərdəki ayrı-ayrı obrazların taleyində aydın görmək olur. Əsərin baş obrazı Jan Valjanın taleyi isə daha böyük örnəkdir: “Ehtiyac bu bəd­bəxt ailəni getdikcə daha artıq sıxırdı. Bir dəfə qış olduqca ağır keçdi. Jan Valjan işsiz idi. Ailəsi çörəksiz qaldı. Sözün tam mənası ilə. Yeddi uşaq çörəksiz qalmışdı.

Bir bazar axşamı Faverol meydanındakı çörəkçixana sahibi Mober İzabo yatmağa hazırla­şırkən, dükanın qabağındakı də­mir şəbəkəli şüşə pəncərəyə nəyin isə bərk dəydiyini eşitdi. O, tez dükana girdikdə yumruqla sındırılmış şüşədən və deşilmiş şəbəkədən bir qolun içəri soxul­duğunu gördü. Qol bir çörək götürüb yox oldu. İzabo dərhal küçəyə çıxdı, oğru var qüvvəsi ilə qaçırdı, İzabo oğrunun dalınca yüyürüb ona çatdı. Oğru çörəyi atmışdı, lakin əli qan içində idi. Bu Jan Valjan idi…

Şiddətli çəkic zərbələri ilə dəmir xaltanı onun boynuna bənd etdikləri zaman o ağlayırdı, göz yaşları onu boğur, danışmağa qoymurdu. Yalnız ara-sıra: “Mən Faverolda ağac kəsirdim” deyə bilirdi. Sonra yenə hönkürə-hönkürə sağ əlini yuxarı qaldırır və yeddi dəfə getdikcə daha aşağı salırdı, elə bil, yeddi uşağın başına toxunurdu. Onun bu hərəkətindən başa düşmək olurdu ki, onun cinayəti, nədən ibarət olursa-olsun, yeddi körpəni yedirmək və geydirmək üçün edilmişdir.

O, Tulona göndərildi. Onu iyirmi yeddi günə boğazı zəncir­li halda arabada oraya apardılar, Tulonda ona qırmızı dustaq köynəyi geydirdilər. Vaxtilə onun həyatını təşkil edən bütün keçmişi, hətta adı belə qeyb oldu. O, artıq Jan Valjan deyildi: o, 24601-ci nömrə idi. Bacısı necə oldu? Onun yeddi kiçik uşağı necə oldu? Kimə nə dəxli var! Cavan ağac kökündən kəsilərsə, onun üzərindəki bir ovuc yaşıl yarpaq necə olar?”.

(“Səfillər”, səh.59)

– Qanun toplumsal nizamın qarantı sayılsa da, burada biz qanunun əsaslı bir faciəyə özül qoyduğunu izləyirik. Qanunun gözü qarşısında insanların yaşamını səfalət ələ keçirir. Bütöv bir ailənin aclığı söz qonusudur. Körpəni necə anlatmaq olar ki, yaşadığın ölkənin qanunu sənin ac qalmağına hökm vermişdir. Çünkü qanunun yolu ilə işləmək olanaqları yoxa çıxmış, çörək əldə etmək ehtimalı əldən getmişdir. İndi qalıb qanunsuzluq yolu, yəni çörəyi oğurlamaq. Bu isə aclığı ortadan qaldırmağın çıxış yolu deyil. İki cəhətdən. Birinci odur ki, davamlı oğurluq eləmək olası deyil. Körpə bu gün bir tikə çörək yesə də, sabah yenə ac qalacaq. İkincisi isə odur ki, bu birdə­fəlik oğurluq baş tutacaq, yoxsa çörək oğurlayan yarı yolda yaxalanacaq?! Əsərdən götürdüyümüz örnəkdən göründüyü kimi, ac yetimləri bir günlük belə doyurmaq baş tutmur. İndi qanun yeddi körpə uşağın, eləcə də, hələ sevib-sevilməyə macal tapmayan, gəncliyin ən ilkin romantikasını duymayan 24 yaşlı gəncin – Jan Valjanın faciəsinə hökm verəcək. Bu gəncin köksündə hansı iztirablar döyünür, hansı fəlakətlər böyüyür – belə şeylər qanunun qulağına girmir. Suçlunu cəzalandırmaqla suç aradan qalxmır, yenə yaşayır. Qanun cəzalandırmağa suçlu axtarır, suçu cəzalandırmaq adında isə nə anlayışı var, nə də məntiqi. Əslində insana normal yaşam ortamı yaratmadan dövlət qanunlarını ona yeritmək, habelə aclıqdan, əlacsızlıqdan bu qanunları pozanları cəzalandırmaq cinayətdir. Doğrudur, dövlət mühakimə olunmur. Ancaq dövlətin mühakimə olunma­ması üçün onun qanunları İnsanlığın mənəvi prinsiplərindən yazılmalı, insana qayğı üstə gerçəkləşməlidir.

Başqasının nəyinisə oğurlamaq pis şeydir. Oğurluq tüfeyli­lərin işidir. Bəs tüfeyliliyi kim yaradır, bu cür yaşam ölçüsü nədən qaynaqlanır?! Dövlət bunca qutsallaşdırılırsa, bu soru­lara cavab verməli deyilmi?! İnsanın yaşadığı ölkədə, gəz­diyi torpağın üstündə yaşamaq haqqı pozulursa, gündəlik təkcə çörəyi belə əldə edə bilmirsə, o hansı qanunlarla yaşamalıdır?! Necə olur, eyni növdən olan bəşər övladı bunca ayrı-seçkiliyə uğrayır, bütün bunlar, dövlət kimi qutsal sayılan, ona hər cür üstünlüklər verilən qoruyucu bir sistemin gözləri qarşısında baş verir?! Ya da bu ayrı-seçkiliyi elə dövlə­tin özü yaradır. Belədə haqqı pozulan insan necə davranmalı, necə münasibət sərgilə­məlidir?! – Söz yox, təbiətin qanunları əsasında davrana­caqdır. Təbiətin qanunları isə mövcudluğu qorumaq üçün hər şeyə əl atmağı ortaya çıxarır. Dövlət təbiətin qanunlarını toplumun içərisinə buraxmır. Ancaq dediyimiz kimi, toplumu təbiətin başqa canlılarına xas olan keyfiy­yət­lərdən də təmizləmir, ya da təmizlənmə qanunlarını yaşatmır. Təbiətin qanunları heyvanat aləminə özgündür: güclü zəifi parçalayıb yeyir. Zəif də özün­dən zəifi mənimsəyib mövcud olmasını sürdürür. Heyvanın mənəviyyatı, şüuru olmadığı üçün bu qanunları dəyişmək olumsuzdur. Ancaq insan öz mənəviyyatı, şüuru ilə heyvandan ayrıldı. Birgə yaşayışını qorumaq üçün təbiət qanunlarını deyil, toplum qanunlarını əsas götürdü. Başqa sözlə, bu qanunları özü yaratdı. Üstəlik, bu qanunları həyata keçirmək üçün dövlət adlanan bir mexanizm də düşündü. Ancaq arzuları özünü doğrultmadı. O (insan), toplum qanun­ları ilə arzuladığı əda­lə­ti, həqiqəti əldə edə bilmədi. Qanunlar arzularından doğ­du, arzuları arı idi, içdən idi. Onu yerinə yetirərkən isə xarak­terinə üz tutdu. Xarakteri isə yuxarıda vurğu­­ladığımız kimi, təbiətin verdiyi keyfiyyətlərlə yüklü olaraq qaldı. Başqa sözlə, bioloji istəklərlə, bioloji tələblərlə yaşadı. Öz üzərində işləyib mənəviyyatın tələblərini eşitmədi. Ona görə dövlət – elmli, bilikli, ancaq təbiətdən gələn xarak­terlərlə yaşayanların əlinə keçdi. Sonucda dövlətin başında zəifləri əzən, onların olanaqlarını mənimsəyən kimsələr otur­dul­du. Bu da, bir daha vurğulayaq ki, Təbiətin nizam qanun­larına uyğundur, İnsanlığın nizam qanunlarına yox. Deməli, insan toplumda yenə yalqızdır, yenə yazıqdır. Biz bunları, haqqında danış­dığımız əsərin obrazlarının taleyində, axıra qədər izləyə bilirik. Kator­qaya sürülməklə Jan Valjanın içində, dövlət, onun qanunları, hər cür heyvani duyğuları bərpa eləyir. Budur, insan toplumda heyvandan ayrıl­malıykən heyvana qaytarılır. Hey­van­ca davrananların zalımlığı, ədalətsizliyi, qəddarlığı bir gəncin dustaq ömründə elə ağır iz buraxır, sanki bircə dənə müqəddəs duyğu saxlamır. Dövlətin aradan qaldıra bilmədiyi səfalət bir gənci oğurluğa zorladı, qanun bu gənci tutuqlamaqla toplum üçün ondan daha qorxulu bir xarakter yaratdı. O, fizik­səl azadlığa çıxandan sonra daha hansı cinayətlər törə­dəcəkdir?! Toplum anlamadı ki, onun yaratdığı qanun (tutuqlama qanunu) insanı tərbiyə eləmir, olan-qalan tərbiyəsini də korlayır. Qanun zor işlətmək­lə, qəddarlıq eləməklə insandakı naqisliyi döymür, xalisliyi döyür. İnsana qarşı hansı münasibət sərgiləyirsənsə, o müna­sibətə uyğun cəhətlər dirçəlir.

Xristian­lığı qəbul eləmiş dövlət, ən azından, İsanın sevgi çağırışlarının mahiyyətini anlamalı, ona bəlli bir ölçüdə əməl etməli idi. Tərsinə, dövlət İsanın çağırışlarını yaşatmır, xris­tian­lığı özünün ağalığını qorumağa yönəldir. Buna görədir ki, ruhani dünyabaxışla dövlət nizamı arasında daim çelişkilər (ziddiyyətlər) ortaya çıxır. İsanın təlimi ilə sonradan dövlətin qəbul elədiyi xristianlıq arasında da çelişkilər beləcə yaşamaqdadır. Top­lum da bütün dövrlər­də İsanın təlimi ilə deyil, xristianlığın rəsmi­ləşən quralları ilə davranır. İbadət evləri yaranır, mənə­viy­yat evləri yaranmır. Toplum Tanrının qarşısında borcunu ödədiyini düşünür, Tanrı ilə birləşmir. Tanrını özündən güclü sayır, Tanrını içsəl gücü saymır. (Əslində Tanrı insandan güclü deyil, Tanrı – insanın gücüdür). Tanrıdan ayrılır, ona görə də təbəqələrə bölünür. Zalım da ibadət evlərinə gedir, məzlum da. İbadət insanı Tanrıya qovuşdurmur. Tanrı ilə birləşməyən zalım zalımlığı ilə, məz­lum məzlumluğu ilə qayıdır ibadət evindən. Təbəqə­lə­şən toplumda Tanrı var olmur. Ədalətsizlik qüvvədən düşmür, həqiqətsizliyin etkisi aradan qalxmır, mənəviyyatsız­lığın po­zun­tuları genişlənir. Özünə yiyə olmayan toplumun ixtiyarı bütünlüklə dövlətin əlinə keçir.

Yuxarıda da dedik, dövlətin başında mənəviyyat adamları deyil, təbəqə adamları durur. Bu təbəqə üstün təbəqə sayılır – varlı, zorlu, hakim. Təbəqəçiliyin hakim olduğu döv­lətdə ədalət bərqərar ola bilməz. Dövlət səfillər yaradır – səfillik ortamına çevirir aşağı təbəqənin yaşamını. Səfalətin içində işləyən qanun əslində təbəqəçiliyi qoruyur. Qanun səfilə deyir, acından öl, ancaq qanunu pozma. Yəni səni talayıb ac qoyanlardan oğurluq eləmə.

Əslində dövlətə, onun qanunlarına sayğı – toplumun birgə­yaşayış nizamının (ədalətli, vicdanlı bağlılıqların) qorunmasına sayğıdır. Ancaq birgəyaşayış nizamı insandan heyvan əmələ gəti­rirsə, durum xeyli mürəkkəbləşir. Biz buna Jan Valjanın taleyində aydınlıq gətir­məyə çalışırıq. Hüqo öz obrazlarının düşdükləri mühiti, bu mühitdəki durumlarını çox sadə bir dildə çatdıra bilir. Eyni halda, hər bir obrazın xarakterini, xarakterində baş verən dəyişiklikləri bütün aydınlığı ilə catdıra bilir. Biz bunları izlədikcə öz çağımızla Hüqo çağının arasında bağlılıqlar görürük. Bütün çağlarda toplumsal sorunlar bir-birinə bağlı şəkildə qırmızı xətlə uzanır. Bu xətdə dəyişiklik apara biləcək ideya qüdrəti sanki ortaya çıxmır, ya da bu ideyanı gerçəkləşdirə biləcək mexanizm yaranmır. Zaman keçdikcə sivilizasiyanın apardığı islahatlar həmin qırmızı xəttə toxuna bilmir. Gəlişmə (tərəqqi) üzdə gedir. Bu səbəbdən də gəlişmə ilə antigəlişmə daim yanaşı (paralel) mövcud olur. Dediyimiz kimi, toplumun yaşam araclarında (vasitələrində) gəlişmə özünü göstərsə də, təbəqələrarası münasibətlərdə, dövlətin yönətimin­də, qanunların işləməsində, toplumsal davranışlarda antigəliş­mə qorunub saxlanır. Yaşamağın ən ilkin biçimini belə itirən gənc Jan Valjan katorqa taleyinə sürüklənir. Fiziki, mənəvi işgəncələrlə üz-üzə qalır. İllərlə sürən bu işgəncələr onun fiziki dözümlülüyünü artırsa da, mənəvi kimliyində çox ağır izlər buraxır. Mənəviyyat çiçək kimi incə, həssas məsələdir. Çiçəyə qulluq edəndə sevgi ətri saçır, tapdalayıb əzəndə üfunət qoxuyur. İnsan mənəviyyatına yanaşma da beləcədir. Budur, Jan Valjan məhv edilmiş mənliyi ilə kator­qadan qayıdır. O artıq arı duyğulu gənc deyil, müqəddəsliyə bağlı duyğularını itirmiş yetkin yaşlı bir kişidir. Gəncliyin qaynar bir çağında buxovlanmışdı onun varlığı. Ancaq düşün­mək olmaz ki, bu buxovu o, katorqa həyatında tapmışdır. Əslində o, heç vaxt azad olmamışdır. Yaşadığı toplum da onun üçün ümidsizlik qaranlığına çevrilmişdir. Katorqa qaran­lığına o, başqa bir qaranlıqdan sürülmüşdür. Katorqa həyatında ülvi duyğuların üzə çıxmasına, böyüməsinə ortam olmadığı kimi, dustaq yaşamından qıraqda da, belə bir ortamın olmasından söz gedə bilməz.

İndi o, azadlığa çıxıb toplumun içinə qayıdır. Ancaq necə qarşılanır – hamı ona yad ünsür kimi baxır, hamı ondan qorxur. Heç kim onun udduğu havanı udmağa belə ortaq olmaq istəmir. Hamı ona arxasını çevirir, hər kəs onun sorğularını cavabsız qoyur. Özünün katorqada ağır zəhmətlə qazandığı puluna da ona bir tikə yemək vermirlər. Bu yanaşma nədir, toplumsal (ictimai) qınaqdırmı, ən adi çörək oğurluğunu belə damğa­lamaqdırmı?! – Yox, bunların heç biri deyil. Axı o, xəzinədən pul, dövlətdən yaraq, tövlədən dana oğurlamayıb. Sadəcə 7 azyaşlı yetimlərin ehtiyacından yana bir tikə çörək oğurlayıb. Burada qanun hər şeydən yüksəkmi tutulur?! – O da deyil, olması yaxşı da deyil. Qanunun insan həyatından yüksək tutulması daha betər eybəcərlikdir. Sadəcə bu yanaşmada qanun toplumun pozulmuş, alçalmış psixologiyası kimi ortaya çıxır. Biz başlan­ğıcda da vurğulamışdıq, qanun toplumu alçaldır, insanı da bu alçalmış toplumun gözündən salır. Deməli, birgə yaşayan insanlar bir-birinə yad əhvalda yaşayırlar. Qanun bu yadlığı qoruyur. Yadlığı qoruyan qanun dövləti insana sevdirə bilərmi?!…

Jan Valjan qalmağa yer, yeməyə bir tikə çörək axtarır. Ancaq bunları ona heç kim vermir. Kim versin, kimdən alsın – toplumda ədalətin ən ilkin şəkli belə dəyişikliyə uğramış, ürəkləri tərk etmişdir. Ya da ilkin (ibtidai) ədalət duyğusu “normal” toplum sakininə qarşı oyana bilir, katorqalı kimsəyə yox.

Jan Valjanın şüurunda özünün də varlığı çoxdan qaranlığa bürünmüşdür. Bəlkə də ədalət adlı bir anlayış onun yadda­şından silinib getmişdir. Belə isə, bəs nə üçün o, inadla qapıları döyməkdə davam edir? – Görünür ki, insanın təbii şüurunun dərin qatlarına, ümidin işığını axıra qədər söndürə biləcək qaranlıq girə bilmir. Axı necə ola bilər ki, yeri gələndə itə də qapı açan toplumun içindən kimsə öz növündən olana qarşı bunu eləməsin?!

Budur, Jan Valjan axırda Mirielinin qapısını döyür. O, bura­da, toplumda bu çağa kimi görmədiyi, mərhəm müna­sibətlə qarşılaşır. Toplumdan qıraqda, qanundan üstün bir münasibəti dərk eləmək, o anda, söz yox, çox çətindir. Tanrı işığı ilə formalaşan insan sevgisini ilk dəfə duyan katorqalı birisi hələ də heç nədən məmnun görünmür. O, bütün günü heç yerdə əldə edə bilmədiyi yeməyi, yatacağı əldə eləsə də, döyül­müş mənəviyyatında tərpəniş görsənmir. Bu qədər diqqətin, qayğının qarşılığında buradan da oğurluq edir. Bu dəfə yepis­ko­pun gümüş şamdanlarını. Ancaq Tanrı sevgisi ilə yaşayan insanlarda şamdan tamahı olmaz. Ona görə Yepiskop Tanrı anlamından içində böyütdüyü mərhəmət işığını Jan Valjandan əsirgəmir. Onun yenidən tutuqlanmasının qarşısını alır. Hər kəs asan yol seçir – oğrudur, qurtardı, deməli, onu tutdurmaq ədalətli yoldur. Ancaq içində Tanrı hikmətilə yaşayan adam belə düşünmür, yanlış əməlləri doğuran nədənləri dərk etməyə çalışır. Yepiskop da belə davranır. Deməli, mərhəmət var, ədalət var, vicdan deyə bir şey var. Çox vaxt insan bunların öz içində imkan kimi olduğu­nu bilmir, bu anlayışları başqaları öz əməlləri ilə qıraqdan ona göstərir. Sonrakı bölümlərdə görə­cə­yik ki, mərhəmət, ədalət, vicdan duyğuları Jan Valjanın içində yüksək səviyyədə özünü göstərir. Qanun öz kəsə gediş­ləri ilə insanda belə duyğuları oyada bilməz. Ancaq Yepis­ko­pun pis dav­ranışa pisliklə deyil, xeyirlə qarşılıq verməsi bir insan ömründə köklü dəyişikliyə nədən olur.

Başqa yerdən bar verən ağacın toxumunu gətirib öz bağçasında əkən bir adam bu çağa kimi bağbanlıq eləməzdi, indi o, cəfakeş bağban olmaq, bar bəsləmək olanağı tapır. Tor­pağı az yararlı, çox yararlı da ola bilər, ancaq mütləq yararsız ola bilməz. Yetər ki, insan bunu görməyə, anlamağa başlasın.

Əsərin sonrakı fəsillərində biz Jan Valjanın ağıllı bir ixti­raçı kimi ortaya çıxdığını izləyirik. O, özünün sadə bir ixtirası ilə Monfermeyl şəhərini də varlandırır, bütövlükdə ölkəyə də önəmli bir tutumda gəlir qazandırır. Üstəlik nə qədər işsiz insanların dolanışığı üçün ortam yaradır. Ancaq çox ilginc bir durumu qiymətləndirmək tələbi ilə üzləşirik. Jan Valjan bu işləri görərkən də qanundan gizlənməli olur. O, adını, kimli­yini dəyişmək zorunda qalır. Qanun isə gec-tez onun kimliyini üzə çıxarıb qovmağa başlayır, başqa cür desək, “mərdi qova-qova namərd eləmək” işini yerinə yetirir. Ancaq nədən – bax, bunu dərk eləmək çox çətindir. Axı yoxsul insanların qayğısına qalan, bütövlükdə bir şəhərin yaşam səviyyəsini öz əməyi, ağlı ilə yüksəldən Madlen nə üçün mənəviyyatında katorqa damğası daşımalıdır?! Öncə insanları suç işləməyə zorlamaq (deyək ki, çörək oğurlamaq qaçılmazlığına soxmaq), sonra da onu əbədi suçlu saymaq nədən dəyişməz həyat ehkamına çevrilməlidir?! – Burada Tanrısal sistemə özgün olan dini baxış­ların yanlış etkisi görünməyə başlayır. Yuxarıda vurğula­mışdıq ki, “xristi­anlığı köhnəlmiş, nisbi dünyagörüş saysaq da, bu, bizim Hüqo içdənliyinə sayğımıza kölgə salmır”. Biz xristian ehkam­larının yanlışlarını qəbul etməsək də, Hüqonun insanları bu baxışın mərhəmətçilik ideyasına çağırmasını anlamağa çalışı­rıq. Çünkü Hüqo ədibdir, dünyabaxış yaradıcısı deyil.

Bununla belə, insanla qanun münasibətlərini aydınlaş­dırmaq gərəkdir. Biz bunu eləyərkən, o dövrün üz tutulmalı dini ideyalarını danmaq (inkar eləmək) qaçılmazlığı ilə qarşılaşırıq. Semit baxışlarında qəbul olunması alınmayan (mümkün olmayan) bir sıra nəsnələr vardır. Onlardan biri insan varlığına yanaşmadır. Bu yanaşma odur ki, bəşər övladının ilk əcdadları olan Adəmlə Həvva rəbbin buyruqlarına əməl etməmiş, Cənnətdə yasaq edilmiş buğda ağacından dadmışlar. Sonucda onların ayıb yerləri görünmüş, bu, rəbbin qəzəbinə nədən olmuşdur. Bu böyük “günaha” görə onlar Cənnətdən qovulmuşlar. Buradan çıxan məntiqi tutmaq üçün bütövlükdə düşüncənin daşıdığı özəl­liklərə aydınlıq gətirək. Bu ideyada həm dolaşıqlıq var, həm də tələskənlik. Dolaşıqlıq odur ki, hər şeydən arı, duru sayılan Cən­nətdə yasaq edilmiş buğda ağacı niyə var?! Əslində bu dolaşıqlıq tələskənlikdən doğmuşdur. Yəni tələskənlik – ger­çək­liyi anlamadan onu danmaqla ortaya çıxmışdır ki, bu da dolaşıqlıq yaratmışdır. Buğda yaşam aracıdır (həyat vasitəsidir). Buğdadan dadmağı günah elan eləməklə yaşama qarşı çıxılır. İkinci, “onlar buğdadan dadanda ayıb yerləri göründü”. Yəni doğub-törədi, bəşər oldu. Deməli, günahın elan olunması insanın bəşər olmasına qarşı çıxmaqdır. Bununla da, bəşər övladının əzəli günahkar olması ideyası ilə insan varlı­ğına qarşısıalınmaz bir ağırlıq gətirilmişdir. Tanrı qarşısın­da günah işlətmiş Adəmlə Həvvanın günahına bütün bəşəriyyət əbədi ortaq edilmişdir. İndi bu qonunun yuxarıda qoyduğumuz – “öncə insanları suç işlətməyə zorlamaq, sonra da onu əbədi suçlu saymaq nədən dəyişməz yaşam ehkamına çevrilməlidir” sorğusu ilə bağlılığına aydınlıq gətirək. Min ildir dini baxış insan şüuruna yeridib ki, bəşər övladı özünün ilk əcdadı olan Adəmlə Həvvanın Tanrı qarşısında yol verdiyi günahdan çıxmayıb. Bu şüurla yaşayan insan qanun yazır. Qanun da deyir ki, Jan Valjan öz mənəviyyatını yüksək dəyərlərlə dol­durub Madlen olsa da, ona haqq tanımaq olası deyil. Çünkü o, gəncliyində, bacısının körpə uşaqlarının acından ölməməsi üçün oğurladığı bir tikə çörəyə görə əbədi “günah” qa­zan­mışdır. Deməli, Tanrı Cənnətdə yasaq edilmiş buğda ağacı əkib, sonra bundan dadanları cəzalandırmaq hökmü vermişdir. “Əbədi günah” ideyası bu məsələdən qaynaqlanır, toplumsal yaşamda da qorunub saxlanır. Baxın, insan Tanrı anlamı ilə bağlı necə yanlış düşüncə daşıyır. O bu yanlış düşüncəni toplumsal yaşamında da gerçəkləşdirir. Deməli, insanın gerçək yaşamındakı bütün sorunlardan qurtuluşu Tanrı anlamı ilə bağlı yanlış düşüncələrdən qurtulmasındadır. Həyatın bütün çalar­larının – ədalətin, mərhəmətin, vicdanlı yaşamağın doğrulması insanın öz içində yanlış düşüncələrdən, yanaşmalardan azad olması ilə baş tuta bilər. Burada biz Asif Ata dünyabaxışındakı “İnsan Yönü” ideyasına gəlib çıxırıq. Nədən Asif Ata dönmədən israr edir: “Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!”. Əslində Asif Ata Tanrısal sistemi yanlışlardan qurtarır, başqa sözlə insanı qurtarır!…

Yuxarıda vurğuladıq ki, qanun toplumda yüksək təbəqənin istəklərini qoruyur. Yüksək təbəqə varlanır, zorlanır, dövlət yönətimini ələ keçirir. Yoxsul, imkanı oğurlanmış təbəqə isə mövcudluğunu qorumağa çalışır. Əlindən alınanları geri qay­tar­maq, adam kimi yaşamaq, nəfəs almaq istəyir. Bu zaman qarşısında qanunu görür. Qanun onu hədələyir, düşdüyü aqibət­lə barışmağa zorlayır.

“Heyhat! Allah insanlara yaşamaq üçün hava vermişdir, qanun isə Allahın verdiyi havanı satır”.

(“Səfillər”, səh.12)

Bu düşüncəni anlamaq üçün Tanrı – gerçəklik məsələsinə yeni­dən qayıtmaq yerinə düşər. İlk baxışdan oxucu deyər ki, burada anlaşılmayan nə var ki, qanun insana ögey münasibət bəsləyib. Yox! Bu ilk baxış durumun mahiyyətini tam ifadə etmir.

Asif Ata deyir, İnsan – Məna ilə Gerçəklik birliyidir. Ancaq Məna – Gerçəklikdən üstündür, dərindir. Yəni insanın bioloji xassələri olsa da, o, əsasən ruhsal varlıqdır. Fiziksəl mövcud­luğu bədəndir, mahiyyəti İnsanlıqdır. O, fiziksəl mövcudlu­ğunu qoruyarkən ruhsal mahiyyətini unutmamalıdır. Başqa canlılar kimi mövcudluğunu qorumaq üçün öz növündən olan­ları məhv etməməlidir. Çünkü o, Mənadan gəlir. Məqsədi – gəldiyi, başladığı Mənaya qovuşmaq, onun tələblərinə uyğun yaşamaq olmalıdır. Asif Ataya görə, insanın bioloji, fiziki biçiminin olması onun günahı deyil. Biçim olmasa Məna da olmaz, başqa sözlə, bilinməz. Məna görünüşə gəlməlidir (təza­hür etməlidir), gerçək şəklə düşməlidir. Düzdür, Məna görü­nüşə gələndə əksilir, azalır. Ancaq bunsuz varlığı bütöv düşün­mək mümkün deyil.

Məna görünüşə gəlib gerçəkləşsə də, ger­çək­liyə çevrilmir. Yəni həm də Məna olaraq qalır. Məna öz gerçəkliyini cəzalan­dırmır. Belə bir məntiq yoxdur. Ancaq semit dünyabaxışında Məna ilə gerçəklik başqa-başqa məsələ­lərdir. Burada Məna (Allah) gerçəkliyi quraşdırıb yaradır. Sonra bu gerçəkliyi (Adəmlə Həvvanı) sınağa çəkir, tələb­lərinə uyğun olmadığı üçün cəzalandırır. Göründüyü kimi, Allah anlamına yanaşma fantaziyalaşır. Fantaziyalara uyan insan toplumsal yaşamda da doğru bir sistem qura bilmir, çünkü özünü dərk etmir. Özünü dərk etmədiyi qədər isə özgəsinə ziyan verir.

Biz bu dediklərimizin görüntülərini əsərin başqa bir obra­zının xarakterində, davranışlarında da aydınca izləyə bilirik. Bu obraz polis məmuru, qanun keşikçisi Javerdir. Onun üçün var­lığın bütün mənası yalnız qanunda toplanıbdır. Qanundan qıraqda heç bir məntiq onun ağlını, düşüncəsini uğraşdırmır (məşğul etmir). Əsərdə Javerin sevgisinin, sevgilisinin, ailəsi­nin, övladlarının, qohum-qardaşının olub-olmaması haqqında bilgi verilmir. Bəlkə də yoxdur. Olsaydı, qanunu mütləq sayması bəlkə də alınmazdı. Çünkü öz yaxınlarının da necə yaşaması gö­zü­nün önündə olacaqdı. Onlar da Javerin qanunbazlığından doğan tələblərinə tam cavab verə bilməyəcəkdilər. Biz əsərin gedişində görürük ki, Javer üçün sevgi yoxdur – qanun var; mərhəmət yoxdur – qanun var; ana fəryadı yoxdur – qanun var; körpə gələcəyi yoxdur – qanun var; mənəvi gəlişməni anlamaq yoxdur – qanun var. Bir sözlə, Tanrı yoxdur – qanun var. Yuxarıda saydıqlarımızın hamısı Tanrı anlamına özgündür. Javer qanun qaxacıdır – quru, soyuq, cansız, qorxulu. Bu halı biz talesiz, körpəsini dolanışıq ucbatın­dan mərhəmətsiz meş­şan­ların (Tenardyelərin) tapdağına buraxıb gəlmiş Fantinanın fəryadına yanaşmada oxuyur, dərk edirik:

“Cənab Javer, mənə yazığınız gəlsin!

Fantina bu sözləri ikiqat əyilib, dizi üstündən qalxmayaraq yaşarmış gözləri ilə heç bir şey görməyərək danışırdı. Əllərini ovaraq, yarıçılpaq sinəsinə sıxırdı, quru və qırıq-qırıq öskür­dü­yü üçün səsi can verən adamların qorxunc pıçıltısı kimi yavaş­cadan çıxırdı. Böyük kədər zavallı adamların üzünə nur salan ilahi və qorxunc bir qüvvədir. Bu halda Fantina yenə gözəl görünürdü. Arabir sükut edərək miskincəsinə casusun ətəyini öpürdü. Onun yalvarışları daş qəlbləri belə yumşalda bilərdi, lakin ağac bir qəlbi yumşaltmaq mümkün deyildir.

Javer: – Yaxşı, yetər, – dedi, – dediklərinə qulaq asdım! Gə­rək ki, nə lazımsa hamısını söylədin. Di get. Altı ay həbsxa­na­da yatacaqsan; lap allahın özü də burada bir iş görə bilməz”.

(“Səfillər”, səh.129).

– Budur, polis casusunun içində heç bir mərhəmət duyğusu görünmür. İnsanca bir duyğu içində baş qaldırsaydı, insan faciəsinin sirrinə varardı. Araşdırma aparıb durumu qiymət­ləndirərdi. Burada onun üçün hansısa səfeh bir burjuaya əl qaldıran “fahişəni” cəzalandırmaq var. O düşünür ki, bu addı­mında tam haqlıdır. Toplumsal nizam pozulmamalıdır.

İşin ən pis cəhəti odur ki, qanun hərəkəti görür, yaşanan acı­nı isə anlamır, duyğuları əzən gərginliyin nədənini görmür. Fantinanın ürəyindən qan axır, o, öz körpəsinin yaşaması üçün ondan tələb olunan pulun necə əldə olunmasının ümidsizliyini yaşayır.

Şaxtalı bir qış günündə yarımçılpaq bədənini soyuqdan qorumağa paltarı olmadığı halda, tərbiyəsi kefdən, əyləncədən başqa bir şey olmayanın biri onun açıq sinəsinə göz dikir. İsteh­zalı baxışı, gülüşü, davranışı ilə tərbiyəsizlik edən bir axma­ğın qar topu Fantinanın bədəninə dəydikcə ruhunu gizildədir. Ruhuna yığılan gərginliyin ağırlığı altında onu ələ salanı cırmaqlamağa başlayır. Bununla da qanunu pozur, “cinayət” işlədir. İndi o, qanun qaxacı Javerin ixtiyarındadır. Heç bir fəryadın, yalvarışın, göz yaşının, yuxarıda vurğu­ladı­ğımız kimi, Javerin içində yeri, üzərində insanca etkisi yoxdur. Fantinanın içində bir ananın ümidləri can verir. Bunu isə qanunu qoruyan görmür, Fantinada Tanrıya qarşı şübhə, insanlığa qarşı nifrət bəsləyir. Tanrının varlı­ğına qarşı şübhə, insana qarşı nifrət isə torpağın altına gedən ölümə qoşulmur ki. Toplumun qabalığında, qanunun yabalığında yenidən göyərir, yenidən qayıdır səfalətin əlinə keçən talelərə…

 

  1. Xeyir – Ümidin yenilməzliyidir

…Ancaq xeyiri mütləq şəkildə yenmək (məğlub eləmək) də olmur. Mənəviyyatını səfalətin basqısından qurtara bilənlər xeyirin işığını yenidən yandırırlar.

Javerin qaranlıq baxışlarının qarşısında fəryad qoparan Fantina birdən başqa bir mənzərə ilə üzləşir. İndi onun ümidsizliklə yaşaran solğun gözlərinə xeyir öz işığını salaraq son ümidin sönməsinə imkan vermədiyini izləyir. Budur, şəhər meri, Javerin üzərində hüquqi hökmü olan Madlen, ümidsiz­ləşən bir ürəklə amansızlaşan bir ürəyin arasına keçmiş, Fantinaya xoşbəxtlik vəd eləmişdir.

Öncə Fantina Madlenin gəlişinə qəzəblənmişdi. O, elə bilir­di fəlakətlərini yaradan Madlen olmuşdur. Axı o, Madlenin ixtirası ilə işləyən fabrikdə çalışırdı. O, buradan dedi-qodu həvəskarla­rının əli ilə işdən qovulmuş, bununla da körpəsinin qayğılarını ödəyə bilməyəcək duruma düşmüşdü. Fantina yanlış olaraq, fəlakətinin suçunu Madlendə görmüş, onun üzünə tüpür­müşdür.

“Sonra bu merin, dövlət məmurunun sakit bir halda üzünü silib “bu qadını azad edin!” dediyini eşitdikdə, Javer birdən-birə çaşıb qaldı. O düşünmək və daşınmaq qabiliyyətini itirdi. Heyrəti son dərəcəyə varmışdı. Dili tutulmuşdu”.

(“Səfillər”, səh.130)

– Ömründə bir dəfə əzabın nə olduğunu düşünməyən, Tanrı sevgisini duyğularına yaxın buraxmayan Javer üçün belə bir “cinayəti” bağışlamaq cinayət idi. O, Madlenin (Jan Valjanın) ürəyindən xəbərsiz idi. Müqəddəs bir ürəyin qanundan yüksək­də durmasını dərk edə bilməzdi.

Qanunu heç kim sevmir. Qanun həm qoruyur, həm öldürür – mövcudluğu (canı, cismi) qoruyur, varlığı (mənəviliyi) öldü­rür.

“Fantinanın keçirdiyi macəra nədir? Bu macəra qul satın alan cəmiyyətin macərasıdır. Cəmiyyət bu qulları hardan satın alır? Səfalətdən”.

(“Səfillər”, səh.126)

“Bu adam ona qurtuluş əlini uzatmışdı, həm də ən dəhşətli bir şəkildə təhqir edildiyi zaman uzatmışdı. O, səhv etmişdimi? Öz qəlbini köksündən dəyişməli idimi?.. O, büsbütün özünü itirmişdi. O, çaşqın, pərişan bir halda dinləyir, baxır və cənab Madlenin hər bir sözü ilə qəlbində dəhşət saçan nifrət dünyası dağılır, əriyir, məhv olur və sevinc, etimad və məhəbbət gəti­rən, anlaşılmaz və ürəyi qızdıran bir şey doğmağa başlayırdı”.

(“Səfillər”, səh.133)

 – Fantina Tanrının varlığı ilə görüşürdü. O bu varlığı nifrət elədiyi bir ömürdən qarşılayır, ona qarşı sərgilənən əmələ ad axtarırdı – bu ad mərhəmətdir, ədalətdir, həqiqətdir. Fantinanın ürəyində ölməkdə olan duyğular – mərhəmət, ədalət, həqiqət adlanan işıqdan mayalanırdı. Tanrının yaşadığı bir ömrə nifrət bəsləmək mümkün deyildi: Xoşbəxtlik duyğusu da, nifrət duy­ğu­sunun gücdən düşdüyü zaman, sevgi duyğusunun yaşamaq istəməsindən doğulmağa başlayır.

Çox ilgincdir. Bir anda yaranan dəyişikliklər hansı sirləri açır – məchul duyğuların bəlirlənməsi Xeyirin Şər üzərində qələ­­bə­si deyilmi?! Bayaqdan bütün ümidlər sönmüşdü, Şər mütləq qalib görünürdü. Fantina üçün ümidlə ümidsizlik bir-birinə qarışmış, onların anlam fərqi aradan getmişdi. Fantinaya elə gəlirdi ki, onun təkcə (yeganə) yardımçısı var – ölüm. İnsa­nın düşüncələrində həqiqətin aydınlığı itirsə, ölüm haqqında qorxulu təsəvvürlər tamam dəyişir. Ölümün gəlişini hazırlayan cazibə yenilməz qüdrət kimi adamın qarşısına tikilir. Ancaq Fantinanın bunu düşünməsi hələ tezdir. Axı o özü üçün yaşamır. Onun körpəcə “Torağay”ını tapdaqda buraxıb əbədi səssizliyə çəkilməsi mümkün deyil.

İnsanın taleyində faciənin mütləq çalarlarını izləmək necə də cazibəlidir. Həm belə bir məşum əzabın olmasını istəmə­mək, həm də onun necə sonuca varmasını ilahi bir maraqla izləmək də bizim – oxucuların çelişkisidirmi (ziddiyyətidirmi)?!…

Əzab, işgəncə ölümün əyləncəsidir. Biryolluq ölüm yavaş-yavaş (tədrici) gələn ölümdən – çapqın, talançı, sökücü, üzücü ölüm­dən daha ədalətlidir. Biryolluq ölüm fiziksəl sondur, yavaş-yavaş ölüm mənəvi son. Fantinanın taleyinə əl qoyan faciə onun mənəvi sonunu hazırlayır.

Elə ki, insanın nəinki fərəhlən­məyə, hətta ümidsizləşməyə belə gücü qalmayıb, deməli, ölüm canlanıb. Yəni ölüm təkcə cansız meyit demək deyil, həm də göz baxa-baxa, ayaq gedə-gedə varlığın heçə çevrilməsidir. Yeriyən ölüm, boylanıb ba­xan ölüm, danışan, eşidən, çığıran, bağıran ölüm… Ölüm yeri­yir, ancaq bu yerişdə yol olmur; Ölüm baxır, ancaq heç nəyi görmür; Ölüm duyğulu görünür, ancaq heç nə düşünmür. Ölüm­də tərpəniş görünər, ancaq həya­ta bənzəməz. Ölüm həyatı udur, ancaq heç vaxt var ola bilmir.

Həyat toplumsal (ictimai) quruluşun basqısı altında dəyişik­liyə uğrayır. Bu dəyişiklik ömürləri faciə xarabalıqlarına çevi­rir. Fantinanın faciəsini son həddə çatdıran da belə bir ortam­dır. Bu ortamın, izlədiyimiz bu gedişdə, qoruyanı şər kabu­suna çevrilən Javerdir. Javerin məntiqinə görə bu ortamın quralları onun gözləri qarşısında pozulur – “fahişə”nin biri çox asanlıqla azadlıq əldə edir. (Bayaq­dan həyata istehza edən ölüm çalarları Madlenin varlığında gələn Xeyirin işığı ilə çəkilib gedir). Fantinanın azadlığının ixtiyarı Javerin əlindən çıxır. Onun düşüncəsinə görə, hər şey baş-ayaq gəlir. Qoruduğu qanun bir anda sarsılıb etkisini itirir. Bəs onda Javer kimdir, onun varlığı nədə özünü göstərir? Bu düşüncə ədaləti bərpa eləmək istəyindənmi doğur, yoxsa xarakterin şərə qarışmasındanmı?! Üzdən baxanda ədalətin bərpası görünə bilər, ancaq o nə ədalətdir ki, insan taleyinin acılarına biganə qalır?!

Şər insanın xarakterində öncədən də ola bilər, sonra­dan qazanılmış da ola bilər. Yəni sonradan şərləşdirilən xarak­ter. Həmişə aclıq, maddi ehtiyac zəif adamların xarakterini şərin ixtiya­rına itələyir. Təminat qarşılığında Xeyirə qarşı getmək, insanlığı ayaq­lamaq, vicdanı susdurmaq şər tələbi ilə olur. Bunları Javer haqqında söyləmək özünü doğrultmur. Çünkü o bunları təmi­nat­sızlıqdan eləmir, xarakterindən çıxış edir. Deməli, şər onun xarakterində, təminat vədi ilə, sonradan qazanılan deyil. İnzibati xarakterlər qanunun insana yanlış yanaşması ilə formalaşır. Ona görə də belə adam xeyirə qarşı öc olur, ancaq xeyiri qoruduğunu düşünür…

Biz bu əsərdə Hüqonun araşdırdığı olayları elə-belə sada­lamaq istəmirik, çağımızın xarakterik eyniliyini aydınlaşdır­mağa çalışırıq. Hüqo, insan varlığına yanaşmada, qanunun bir təbəqənin ağalığını qoruduğunu sübuta yetirir. Ancaq biz bunların, 18-ci yüzilin sorunu kimi, arxivlərdə qaldığının deyil, çağımızda yaşadığının, hakim etkiyə çevrildiyinin görən­ləriyik (şahidləriyik). Özü də uzaqlarda yox, lap elə öz ölkə­miz­də, gözümüzün qabağında. Parlament hakimiyyəti qoruyur, güc nazirlikləri hakimiyyəti qoruyur, məhkəmə hakimiyyəti qoruyur. Ancaq xalqı qoruyan görünür.

Hakimiyyətin mənafeyini qorumaq məntiqi də var, xalqın varlığını qorumaq məntiqi də. Bunlar bir-birindən ayrılıb. Haki­miyyətin varlığını qorumaq – bir təbəqənin mənafeyini təsdiq edir, ayrı-ayrı bireylərə, onların ailələrinə üstünlük yaradır. Xalqın varlığını qorumaq – insanlığın, dəyərlərin yaşa­ma­sını təsdiq eləməkdir.

Dövlətin yuxarıda adı çəkilən strukturları hakimiyyəti xalqdan qoruyur, xalqı isə özündən, bir-birindən. Hakimiyyətin qorunması – ağalığın xalqdan üstünlüyünün qorunmasıdır, xalqın qorunması da ağalığın qorunması kimi özünü göstərir, yəni birgə yaşayışın, onun canının, cisminin qorunması demək olur. Burada xalqın varlığının anlamı qorunmur, çünkü xalqın varlığı – onun insanlığı, dəyərləri deməkdir. Buna görə də dövlət xalqın doğması deyil. Yadlıq da yad əhvallar doğurur. Xalq dövlətdən öz haqqını almaq üçün, onu yönətən haki­miyyətlə qovğalara girməli olur. Bu qovğalar böyüdükcə qarşısıalınmaz olur, devrimlərə (inqilablara) qədər inkişaf edir. Söz yox, devrim çıxış yolu deyil, ancaq yüzillər göstərir ki, tarix öz gərgin gedişini hər zaman devrimlərlə yoluna qoymağa çalışıbdır. Eyni halda, çıxış yolu olmadığını da dönə-dönə sübut etmişdir.

Devrimi kim edir – oliqarxlar, burjuaziya, yoxsa yoxsul kütlə? Burjua-yoxsul kütlə biryerdəliyi ilə başa gələn devrim­lərin tarix­dən daha çox tanıqı (şahidi) olmuşuq. Bəs bu devrim­lərin bəslə­diyi, böyütdüyü, ortaya çıxartdığı həyat, qayda, münasi­bət, yön necə olub, necədir? Çox hallarda hərəkət etməyə maddi imkanı olmadığı üçün yoxsul kütlə sosial etirazını devrim səviyyəsinə qaldırmaq üçün burjuaziya ilə birləşir. Sonuc­da burjuaziya hakimiyyəti ələ keçirib yeni inhisarçılıq yaradır, yoxsulluq isə, ortada səngisə də, aradan qalxmır. Yoxsulların devrimi də özünü doğrultmur, doğrultmaz. Çünkü üzdə baş verən dəyişik­lik prinsiplərə toxunmur. “Səfillər” əsərində də izlədiyimiz olay­­lar, səfalət içinə atılanların faciə­ləri, ayrı-ayrı çağlarda baş verən, devrimlərdən sonrakı görsə­niş­lərdir.

Biz, insanları dev­rim eləməyə meyilli olduqlarına görə qınamırıq. Bu meyil insanın içində qarşısıalınmaz bir tələbdir. İnsan ən ağır şərtlərlə yaşamağa qadirdir. Ancaq bu şərtlər ölüm həddinə qalxarsa, insanın içindəki həyat eşqi üsyan eləməyə başlayar. Bu üsyan hər şeyi bir anda qırıb tökər. Yanlış qurulan quruluş bu cür hərəkətlərə daim yol açır. Ancaq bizim dediyimiz odur ki, bu dağıntıların üzərində bütöv ədalət bərqərar olmaz. Çünkü döyüş həyat uğrunda gedir, həqi­qət uğrunda getmir. Ona görə Asif Ata deyir, bəşər ədaləti Ruhsal Dirçəlişlə (Ruhani İntibahla) bərpa edə bilər, devrimlə yox. İnsan dəyiş­məsə, həyatı heç nə dəyişə bilməyəcək.

Haqqında danışdığımız əsər də Ruhsal Dirçəlişə yardımçı olan bir dəyərdir. Yardımçılıq yarımçıqlıq deyil. Çünkü, yuxa­rı­da vurğuladığımız kimi, bu əsər bədii dəyər olduğu üçün Ruhsal Dirçəlişin bütöv nizamını ortaya qoya bilməz, ancaq yardımçı ola bilər.

Bu əsər ədalətli yaşamağın gözəlliklərini ayrı-ayrı bireysəl xarakterlərdə göstərməyə çalışıb. Həm də bu xarakterlərdə həyatın anlamına, gerçəkliyinə özgün olan sevgi səhnəsi, kədər səhnəsi, xoşbəxtlik səhnəsi, bədbəxtlik səhnəsi, ölüm səhnəsi ən yüksək səviyyədə təsvirə gəlir. Bu təsvirlər oxucunu ciddi düşündürür, toplumunn durumunda onun da sorumlu olduğunu aydınlığa çıxarır. İnsan toplumun durumunu yalnız görürsə, bu azdır, onu dərk eləmək gərəkdir. Dərk eləmək isə Tanrının sirlərinə yetmək istəyiylə mümkündür. Tanrının sirri dünyanın sirri deməkdir. Tanrı dünyanın anlamıdır. Biz burada anlayışları, başqa sözlə, Tanrı sözünü toplumun vərdiş elədiyi şəkildə işlədirik. Ancaq toplumun Tanrıda düşündüyü xarakter heç də bizim verdiyimiz anlamla üst-üstə düşmür. Bu üzdən “xristian­lığın ehkamlarını köhnəlmiş saysaq da, Hüqo içdənliyini anlamağa çalışırıq” yazmışdıq. Yəni Hüqo insanları inancdakı qutsallığa çağırır. Bu zaman o, inancda nəyin doğru, nəyin yanlış olduğunu araşdırmır. Biz də buna görə onu qınamırıq. Ancaq öz düşüncələrimizi ortaya gətiririk ki, oxucu bizim, bu əsərin din ehkamlarına yanaşmasını ideal saymadığımızı dərk eləsin. Çünkü nə xristianlıq, nə də başqa dinlər Tanrını dünyanın anlamı saymır, ağası, yaradıcısı, qurucusu sayır. Ona görə Asif Ata dinlərin Tanrı ideyalarını yanlış sayır, bütövlükdə “Tanrı anlamı”nı isə öz Dünya­baxı­şında əsilliyə yetirib qarşımıza çıxarır. O bu anlamı verər­kən “Tanrı” sözünü deyil, “Mütləq” sözünü qullanır. Nədən ki, artıq “Tanrı” sözü insanların ağlına dini anlamda oturub başqa keyfiyyətlər aşılayır… Bu haqda çox yazmışıq, yuxarıda da vurğu­lamışıq. İndi isə əsərin sevgi, kədər, faciə, xoşbəxtlik, bədbəxt­lik, ölüm səhnələrindən ayrı-ayrı örnəklər göstərib, düşüncə­ləri­mizi aydın bir nizamla davam etməyə çalışacağıq. Daha doğrusu, yuxarıda vurğu­ladığımız genel (ümumi) olayları daha konkret faktlara bağlamağı sağlayacağıq.

  1. Şər aldada bilir, ancaq varlığa yetmir

İstər Jan Valjan, istər Fantina, həyatda onlar üçün hazır­lanmış fəlakətlərə özləri addım götürmüşlər, ancaq balaca Ko­zet­ta fəlakətə yönəlik addımı özü atmamış, bir növ istəmədən fəlakətə itələnmişdir. Ona görə toplumun mənəvi durumunu onun taleyi daha aydın göstərə bilir.

Kozettanın anası – Fantina gəncliyin naşı romantikasına uymaqla səfalətə yem olmuşdur. Əslində o, sevmək-sevilmək ehtiyacından bu aqibətə uğramışdır. Sevgi ilə ağıl – insan üçün gərəkən şərtlərdir, ancaq bunlar çox vaxt bir-biri ilə yol getmir. Budur, Fantina ilk sevgisinin tələbi ilə Tolomes adlı birini ər sayaraq ona qoşulmuş, ondan boyuna uşaq düşmüşdü. Ancaq inanılıb yaxa verilən Tolomes Fantinanı atıb yoxa çıxmışdır. Üzdən baxanda elə görünür ki, bütün fəlakətlərin nədəni sevgi duyğusu olmuşdur. Əslində isə toplumsal nizamsızlıq elə du­rum yaradıb ki, müqəddəs duyğularla yaşayanlar münasi­bət­lərdə yanılır. Yəni toplumsal gediş müqəddəs duyğuları suçla­yan, mühakimə edən əhvallar doğurur. Ancaq bu cür halları top­lum­sal (ictimai) qanunauyğunluğa çevirən quruluşu heç kim, heç nə mühakimə eləmir. Qanun da bu quruluşun şərtlə­rindən doğmuş yalançı nizam yaradır. Yalançı nizamda mə­sum, arı bir qəlbin sevgiyə bürünməsindən sonra ilginc qüsur­lar ortaya çıxır – sevən adam yanlışlar edir. Bu yanlışın sonucu Kozettanın taleyinə toxunur… Onu böyütmək, yaşatmaq gərək­dir. Fantianın isə buna maddi olanağı yoxdur. O, körpəni Te­nard­yelər ailəsinə tapşırıb iş axtarmağa başlayır. Həyatının yeni dramatizmi də bundan sonra başlayır.

“Bəzi adamlar var ki, xərçəng kimi daim qaranlığa doğru çəkilir; ömürlərində irəliyə getmək əvəzinə geriyə gedirlər. Öz mənəvi eybəcərliklərini artırmaq üçün həyat təcrübələrini alət edirlər və pozularaq işıqdan qaranlığa doğru sürünürlər. Te­nard­yelərin də xasiyyəti belə idi… Bu cür adamların keçmiş­ləri həyəcanlı, gələcəkləri isə dəhşətli olur. Burada hər şey gizlidir, onların nə etmiş olduqlarından və nə edəcək­lərindən heç bir kəsin xəbəri olmur”.

(“Səfillər”, səh.103)

 

“Kozettanın hər bir hərəkəti başına bir çox kobud və haqsız cəzaların yağdırılmasına səbəb olurdu. Zavallı və aciz qızcığaz! Onun nə yer üzündə nələr olduğundan, nə də Allahdan xəbəri vardı; daim cəza alır, daim döyülür, söyülür və qarşısında ana məhəbbətinin səhər şəfəqləri altında yaşayan, özü kimi iki balaca məxluq görürdü”.

(“Səfillər”, səh.105)

 “Məhəllədə ona “Torağay” deyirdilər. Xalq ad qoymağı çox sevir; kiçik bir quşdan çox yer tutmayan, daim titrəyən, qorxan, evin və kəndin içində hələ hamının yatdığı bir zamanda, dan yeri ağarmamış hər kəsdən əvvəl küçələrdə və çöldə görünən bu uşağı torağaya bənzətmiş və ona bu adı qoymuşdular.

Ancaq bu zavallı torağay heç ötməzdi”.

(“Səfillər”, səh.106)

– Burada biz səfalət içində yaşayan, bir-birinə tərs iki aqibəti görürük. Biri Tenardyelər ailəsi, biri də Kozettadır. Tenar­dye­lər zamanın tələbi ilə səfilləşmiş olsalar da, mənəvi yoxsulluq onların varlığında əsas amil kimi özünü göstərir. Yəni bir var könlündə səfalət doğanlar, bir də var səfalətin içinə atılanlar. Tenardyeləri könlündə səfalət doğanlar tipinə özgün etmək olar. Kozetta isə səfalətin içinə atılmış faciə yav­rusudur. Aldanmış zavallı bir ananın yanlış davranışından başlayan bir fəlakəti – mənəviyyat üzünə həsrət qalmış Tenardyelər ən yüksək səviyyəyə çatdıraraq, müdhiş bir faciə səhnəsinə çevirmişdilər. Bu faciənin özəlliyi ondadır ki, balaca bir varlıq illərlə adi ağlın kəsdirə bilməyəcəyi bir ağırlığın altında yaşaya bilmişdir. Bəlkə də bu ağırlığın Tanrı işığının ürəklərdən ayrılmasından doğduğunu dərk etsəydi, başqa bir ağırlıqdan – insan dünyasına nifrət duyğusunun ağırlığından bu körpəcə varlıq parça-parça olub dağılardı. Axı o, hələ Tanrının varlığını eşidəcək, anlayacaq bir yaşa çatmamış, Tanrısız, dünyasız bir ailəyə təslim edilmişdir. İndi onun həyat üçün formalaşmamış ağlına, heç kimsəyə verə bilməyəcəyi məchul suallar gələ bilərdi: – Nə üçün onun yuxusu dan yeri ilə birgə sökülməli, çəkdiyi zəhmətlərin ağrısı qaranlıq olub onun varlı­ğına tökülməlidir?! Niyə ona heyvanca münasibət bəslənməli, ancaq onunla yaşıd olan başqa körpələrə qarşı şəfqət duyğusu bağışlanmalıdır?! Onun anası kimdir – Fantinadırmı, yoxsa sığındığı ailənin ona hazırladığı faciədirmi?! Təhqirlərlə, sö­yüş­lərlə, döyülmələrlə bəslənilən faciənin döşündən süd əmən Kozetta necə dərk edə bilər ki, sevinc adlı bir duyğu onun qəlbinə yaxın gəlmir, ya da gəlməyə qoymurlar. Bu suallar Kozettanın varlığında gizlənib, nə vaxtsa üzə çıxacaqmı – bəlli deyil. Belə bir durumu lənətləyə biləcək nə din var, nə də Tanrı. Tanrı da ayrı-ayrı könüllərə çəkilibdir sanki. Uzun-uzadı ağırlıqlardan, çətinliklərdən sonra hansısa könüldə nə vaxtsa dolanıb Kozettaya rast gələcəkdir. Bu körpə yavrunun könlünə işıq salıb hansısa duyğuları bərpa edəcəkdir.

Məsələnin bu durumunu söyləməzdən öncə Tenardye xa­rak­terinin üzərinə qayıdaq. Hüqo bu obrazı əsərin başlanğı­cından sonuna kimi mütləq şər kimi qələmə vermişdir. İlk baxışdan oxucu işin bu cəhəti ilə barışmaya bilər. Yəni insan mütləq şər daşıyıcısı ola bilməz. Ən pis adamın belə ayrı-ayrı əməllərində xeyir tərkibi də özünü göstərməlidir. Elə bədii əsərin bir cəhəti də odur ki, şərin həyatda mütləq etkiyə xas olmadığını sübut eləsin. Ancaq bir az dərindən yanaşanda Hüqoya haqq verməli oluruq. Çünkü Tenardye xislətindəki eybəcərlik bütöv biçim almasaydı, Kozetta faciəsinin miqyasını da bilmək çətinləşərdi. Eyni halda, Jan Valjanın bənzərsiz qayğıkeşli­yin­də xeyirin qələbəsinin hikməti də oxucu duyğu­suna böyük etki göstərməzdi. Bununla biz “şər hökmən olma­lıdır” qərarı vermirik. Onsuz da bilirik ki, toplumsal həyat öz bətnində şər xisləti daşıyır. Başqa sözlə, toplumsal həyat xeyirə mütləq qovuşa bilmir. Bu yarımçıqlıqda isə şər özünə yer tapa bilir. O da var ki, şərin mütləqləşməsindən söz gedə bilməz, bütünləşmək üçün şərə yer yoxdur. Şərin varlığı yarımçıqlıqda, fəlsəfi dillə desək, nisbidə, ötəridə bəlli olur. Asif Atanın fəlsəfəsində vurğulanır ki, Xeyirin mütləq varlığı bireysəl (fərdi) ömür­lər­də başa varır, toplumsal həyatda isə xeyir həmişə nisbi­ləşir. Ancaq xeyirə canatma tələbi heç vaxt azalmır. Bireysəl kamillik də bu tələbdən əmələ gəlir.

Yuxarıda bildirdik ki, şər mövcudluğunu sürdürmək üçün həmişə özünə Tenardye xisləti axtarır. O, Tenardye xislətində həm mövcud olur, həm də gizlənə bilir: soyğunçuluq elədiyi halda, xilaskar kimi tanınır; hər şeyi, hər kəsi öz çıxarına qurban verdiyi halda, yiyə kimi görünür. Bir yerdə biz Tenard­yenin Ponmersini soyduğunu görürük. Ancaq Ponmersi onu özünün xilaskarı olaraq düşünür.

 “…O yenə əyildi, yığını dağıdıb mane olanları bir kənara atdı, ölünün qolundan yapışdı, başını azad etdi, bədənini yuxarı qaldırdı və bir neçə dəqiqə sonra, ölü olmasa da bihuş olan bu adamı yolun qaranlığında sürüdü. Bu kirasir idi, zabit idi, hətta görünür, lap yüksək bir rütbə sahibi idi, kirasanın altından qalın qızıl epoleti görünürdü, başında kaskası yox idi. Qana bulaşmış üzündən qılınc zərbəsindən əmələ gələn dərin bir yara keçirdi. Bununla belə, burada söylənilməsi münasib görülə bilərsə, xoşbəxt bir təsadüf sayəsində, meyitlər onun üzərində qübbə kimi bir tay təşkil etdiyindən o əzilməmişdi, qolu, qıçı sağ qalmışdı. Gözləri qapalı idi.

Kirasasında gümüş Fəxri legion xaçı görünürdü.

Sərsəri xaçı qopardıb şinelinin dərin və gizli ciblərindən birinə dürtdü.

Saat olan ciblərini yoxladı, saatı tapıb gizlətdi. Sonra jilet ciblərini axtardı, pul kisəsini tapdı, onu da mənimsədi. Can verməkdə olan bu insana yardım etmək üçün göstərdiyi səylər bu dərəcəyə çatdıqda, zabit birdən-birə gözlərini açdı. Zərif bir səslə: – sağ ol! – deyə mızıldandı”.

(“Səfillər”, səh.236)

– Biz Tenardyenin şəxsində insanlığın qaralan üzünə baxırıq. Əslində bu əməllərin yiyələrini hər yerdə görürük. Lap elə beş addımlığımızda. Onlar sərbəstdirlər. Biz onlara heç nə demirik, deyə bilmirik. Çünkü biz bütün bunları sadəcə bilirik, əlimizdə isə heç bir dəlil yoxdur, onlar çox qürurlu davranırlar. Ancaq elə ki, əlimizə balaca bir dəlil keçdi, onlar pişiyə dönür­lər. Onlar qorxduqları üçün gizlənməyə başlayırlar. Onla­rın bu duruma düşməsi qələbədirmi, – nəyin, kimin qələbəsidir – demək çətindir. Ömürlər insanlığın qarşısında sarsılıb daşıdığı şərdən imtina eləmir, (şərlə birlikdə) geri çəkilməklə şəri gizlə­yirlər. Əslində isə şərin fəsadını başqaları biləndən sonra yox, insan­lığın ömrə gəlişindən sonra qalibiyyət-məğlubiyyət məsə­ləsi çözü­mü­nü tapır. Şər məğlub olub bir ömürdə öz yerini xeyirə verən­dən sonra…

Tenardye soyur, aldadır, insan ləyaqətini alverə çevirir. Bu, açıq görünür, ancaq heç bir toplumsal qınaq olmadığı üçün o sərbəstdir. Onun sərbəstliyini şərtləndirən ikinci bir cəhət də vardır – Tenardye vicdan əsasında düşünüb addım atmağı heç bir vaxt ağlına gətirməyib. Ona görə 6-8 yaşlı bir uşağı qoşqu heyvanı yerində görmək onu rahatsız eləmir. Meşşan üçün insan taleyi onun çıxarından üstün deyil ki. Kozetta onun üçün göydəndüşmə pay idi. Öncə Fantinanın analıq duyğularını buxov­­lamaq əməli, sonradan isə Jan Valjandan daim nələrsə qoparmaq meyli onun “gəlir sevincini” ödəyirdi. Tenardyenin sevinci qorxulu sevincdir. Onun sevinci ancaq fəlakət törədir. Burada biz mənfi sevinc ideyasına gəlib çıxırıq. Çox ilginc bir məsələdir. “Sevinc” heyvani bir duyğudurmu, insani duyğu­durmu?! – Görünən odur ki, bu duyğunun hansı cəhətə özgün edilməsi onun qaynaqlandığı məsələ ilə bağlıdır. Sevinc şərdən də başlanğıc götürür, xeyirdən də. Doğrudur, sevinc şərdən başlanğıc götürsə də, əməlin sonucu mütləq şər deyil. Yəni əməl tam olaraq şəri təsdiq eləmir. Məsələn, Tenardye niyə sevinir?! Deyək ki, Kozettanı sığınacağına götürməklə Fantina işləyib ona pul göndərəcəkdi. Bu pulu isə o, balalarını böyütməyə, ailəsinin mövcudluğunu qorumağa yönəldəcəkdir. Ya da kisəsini Kozet­ta üçün açan Jan Valjandan daha çox pul qoparacaqdı. Yenə də ailənin mövcudluğu qorunacaqdı. Bu sonucdur. Ancaq əməlin gedişi şəryönlü addım­lardır. Ona görə biz Tenar­dyenin sevincini mənfi sevinc adlandırırıq. Çünkü, yuxarıda dediyimiz kimi, sonuc bir ailənin acından qurtarması olsa da, davranışlar şəri ifadə edir. Bu çelişkili durumda xeyir nisbidir. Sevinərkən Tenardye də “balalarımı qoruya biləcəm” deyə düşünmür, “aldada bildim, ya da məcbur edə bildim” deyə düşünür. Bizim də qarşımıza çıxan məsələ onun balala­rının dolanıb-dolana bilməyəcəyi məsələ deyil, insanlığın məzhəkəyə çevrilməsi məsələsidir. Birisinin balası başqa biri­sinin balasının fəlakətindən xoşbəxtlik əldə etməlidirmi?! İn­san­lığa arxa çevirib istər öz balasına, istərsə də başqa birisinə xoşbəxtlik qazandırmaq, istənilən halda, ikrah duyğusu oyadır. İnsanlığa doğma olan hər bir düşüncə yiyəsi belə bir şeyi ancaq nifrətlə damğalaya bilər…

Bütün bunlara baxmayaraq, əsəri sonacan izlədikdə görürük ki, həqiqət Tenardye əməllərinin kölgəsində qalmır, üzə çıxıb əsil münasibətlərin doğulmasını sağlayır…

Toplum bireylərin zəif keçmişindən güclü faciə yaradır. Biz bunu Fantinanın taleyində izlədik. Gəncliyin naşı inamı, pozulmuş toplumda ömrü puç edir.

Kozetta – Fantinanın faciəli taleyindən doğulsa da, toplumun durumunu Fantina taleyi qədər qabarıq şəkildə göstərə bilir. Fantina toplumun qadına yanaşmasının bütün çağları qapsayan bir görsənişidir. Fantina sevib-sevilmək istəyirdi, ancaq toplumun pozğun tərbiyəsi ilə harınlamış birisi, onu bir gül kimi qoxulayıb ayaqlar altına atdı.

Toplum heç bir durumu anlamı üzrə qiymətləndirə bilmir. Ona görə Fantinanı sadəcə fahişə adlandırır. Fantinada ananı görməyib fahişəni görənlər, bütövlükdə qadın ləyaqətini sual altına atırlar. Öncələrdə də belə olub, çağdaş toplumda da belədir.

Qadında hiylə görürlər, ancaq bu hiyləni doğuran səbəbi görmürlər. Hiylə kimə qarşı yönəlir?! – Qadın üzərində öz gücünü sınağa çəkən kişiyə qarşı. Kişi gücü mənəvi hikmətə də çevrilə bilər, zora da. Zora çevrilən kişi gücü qadında özünə qarşı hiylə doğurdu. Hiyləyə haqq vermirik, sadəcə hiyləni qına­­yarkən onu doğuran səbəbi görməyin gərəkliyini vurğu­layırıq. Xəyanətlərin, qəbahətlərin, pozğunluqların səbəbini yalnız qadına yükləyən toplum ədaləti bərqərar eləyə bilməz.

Qadın aşırı duyğusaldır. Onda bütün duyğular aşırı dərəcə­dədir. Ona görə qadının qarşısında kişi təvazökar davra­narsa, kobudluq etməzsə, ondakı bütün qutsal duyğuların oyanışına təkan verər. Qadının könlü müqəddəslik yatağıdır. Bu müqəd­dəsliyə yiyə çıxanda qadın allaha çevrilir, bu müqəddəsliyi ayaqlayanda isə qadın fahişəyə çevrilir. Bu düşüncə – “qadının taleyi öz əlində deyil” anlamına gəlmir, “qadının özgürlüyünə toxunmaq yolverilməzdir” anlamına gəlir. Asılılıq məsələsinə gəlincə, qadın kişidən nə qədər asılıdırsa, kişi də qadından bir o qədər asılıdır – həm fiziki, həm də mənəvi. Qalır hər kəsin öz yerini bilməsi, dərk eləməsi.

Bir sözlə, qadına yanaşma – İnsana yanaşma səviyyəsində dərk olunanda doğru olur. Ona zəif cinsin bireyi kimi yanaş­maq həqiqi ölçü sayıla bilməz. Qadının zəif sayılması yalnız fiziksəl əmək ortamında gözə alına bilər.

Beləliklə, Fantinaya yanaşmanın eybəcərliyini toplumun yaşamındakı qırağaçıxmalara bağlamaqla aydınlaşdırsaq da, Kozettaya yanaşmanı hansısa qırağaçıxmalara bağlamağa çə­tin­lik çəkirik. Toplum Fantinanı fahişə adlandırıb onun əzab­larını gözardı edə bilər, bəs Kozettanın əzablarına nə ilə haqq verir?! – Axı o heç fahişəliyə yuvarlanacaq yaşda da deyil. Deməli, məsələ kiminsə fahişə olub-olmamasında deyil. Toplum özü Tenardye xislətinin daşıyıcısıdır. İnsanlığa inam aradan gedəndə toplum Tenardye doğur. İnanmaq qədər gərəkli nemət ola bilməz. İnam Tərəqqinin açarıdır. Toplum buna arxa çevirir.

Tenardye inamsızlığının, insansızlığının yaratdığı ortamda hər şeyin qəhr olunduğu görünür. Kimin ağlına gələr ki, Kozet­ta adlı faciə yavrusu əslində Tərəqqinin solmaz çiçəyidir. Tenardye xislətli toplum da onun soldurulmasına göz yumur. Ancaq əsərin sonrakı bölümlərində biz Kozettanı elə tərəqqinin solmaz çiçəyi kimi də görürük. Əslində bunca ağırlıqların, sarsıntıların altında Kozetta pozulmalı, mənən məhv olmalı idi. Ancaq fitrətdəki, mayadakı Tanrı hikməti üzə çıxırsa, ən pis ortamın belə, insandakı xeyir tərkibini məhv eləməsi baş tutmur. Bura­da biz yazının başlanğıcında vurğulanan epiqrafı yenidən xatırlatmaq istəyirik: “İnsan ən pis mühitdə belə yaxşı olaraq qala bilər”. Bu düşüncənin burada yerinə düşmədiyi, yəni Kozettaya özgün olmadığı görünə bilər. Əslində isə birbaşa bağlıdır. İnsanı mühit yaradır deyirlər. Bu düşüncə həqiqət olsaydı, Jan Valjan ən qəddar, qorxulu bir varlıq kimi formalaşmalı idi. Lap elə Kozetta, dediyimiz kimi, bunca təhqirlərin, mənəvi işgəncələrin sonucunda idbar bir varlığa çevrilməli idi. Ancaq görünən odur ki, inam insanı mühitdən yüksəyə qaldıra bilir. Kozetta Tenardye eybəcərliyindən yüksəkdə duran Jan Valjan atalığına inanır, güvənirdi. Tərəqqi də mühitdən yüksəkdə yaşayan insanların ləyaqətinə bənzəyir.

Jan Valjanın gəlişinə qədər Tenardye dünyasızlığında Ko­zet­­ta­nın taleyi təsəvvürlərdə faciəvi bir sonuca varırdı. Fanti­nanın acınacaqlı taleyindən də ancaq bu durum yarana bilərdi. Əsərin Jan Valjanın gəlişinə kimi olan parçalarında Kozettanı harda görürüksə, onu ancaq fəlakət izləyir.

“Qızcığaz aciz bir halda ətrafına boylandı. Nə etsin? Haraya getsin? Qabaqda Tenardye qarının kabusu, arxada isə – qaranlığın və meşələrin bütün cinləri dururdu. Lakin Tenardye qarı daha qorxunc idi, Kozetta onun qabağında geri çəkildi. Qızcığaz yenə bulağa doğru yüyürməyə başladı. Qaça-qaça kənddən çıxdı, qaça-qaça meşəyə girdi, o artıq heç bir şeyə baxmır, artıq heç bir şeyə qulaq asmırdı. Yalnız nəfəsinin daraldığını hiss etdiyi zaman bir az ayaq saxladı, lakin yenə də dayanmadı. O, ümidsizlik içərisində yoluna davam edirdi. O, ağlamağını saxlayaraq, yüyürürdü. Meşənin gecə səsləri onu hər tərəfdən bürüdü. O artıq heç bir şey düşünmür, heç bir şey görmürdü. Bu balaca məxluq gecənin nəhayətsizliyi ilə üz-üzə gəlmişdi. Bir tərəfdə dünyanı bürümüş zülmət, o biri tərəfdə isə – bir heç, bir zərrə”.

(“Səfillər”, səh.256)

 – Biz kimin haqqında dinləyirik – gənclik çağına ayaq qoymuş bir qızınmı, yetkin yaşda olan bir qadınınmı, yoxsa özünü hər bir qorxudan qoruya biləcək güclü bir kişininmi?! – Bunların heç biri deyil, heç kimi, heç nəyi olmayan zavallı bir təbiət yavrusu haqqında danışılır. İndi hər şey ona yaddır, təbiət də doğma deyil. Təbiətin məchul qaranlıqları içindən nələr gözləməmək olar. Qorxa-qorxa ucsuz-bucaqsız qaran­lıqların içinə yerimək – bir anda varlığının sonuna çatmaz­dımı?! İstənilən balaca, böyük bir vəhşi, hələ dünyanı anlamaq üçün ağlı, şüuru böyüməyə macal tapmayan bu körpəciyəzi haqlamazdımı?! Onun kövrək, titrək ürəyi bu sualların altında çırpınmağa tələsiyir. Bütün bunlar, Tenardyelərin qarşısında, onun varlığını təhqir edəcək sualları eşitməmək üçün idi. Həyat bu körpəciyə necə tez bir zamanda dərs verdi. Bu qədər amansızlıqmı olar?!

Adamlar Tanrı ilə doğmalaşmaq üçün Məbədlərə topla­nırlar, ancaq Kozettanın məsum varlığındakı Tanrını heç kəs görmür. Əslində məbədlər də adamlara Tanrının körpə sevin­cin­də, ana fəryadında, insan əzabında yaşadığını öyrədə bilmə­dilər. Toplum – Tanrının yaşaya bilməyəcəyi, başqa sözlə, Tanrısallığın qoruna bilməyəcəyi bir ortamdır. Ona görə birey (fərd) toplumda işgəncəli ömür sürür. Kozettanın taleyi toplumun durumunu göstərir. Bu əsərdə toplumun bütün faciəsi bir obrazda toplanıb sanki. Doğrudur, faciə obrazlar arasında paylanmır. Hər bir obrazın taleyində faciə bütün dolğunluğu ilə özünü göstərə bilib. Sadəcə Kozettanın azyaşlı olması yaşadığı acıları daha etkili eləyir.

Biz, əslində insan qəlbinin mühitlə bir yerdə məhv olma­yacağını aydınlaşdırmaq üçün bu düşüncələri sərgilədik. Yəni “insan ən pis mühitdə belə təmiz olaraq qala bilər”. Bunu sonrakı bölümdə vurğulamağa çalışacağıq.

  1. Xeyir – özündən keçənlərin İşığıdır

Yuxarıda dedik ki, Jan Valjan bəs qədər maddi qazanc əldə eləyə bilmişdir. Üstəlik o, şəhər meri təyin edilərək hüquqi imtiyazlar qazanmışdır. Ancaq o, vicdan əsiri olduğu üçün başqa birisinin Jan Valjan adı ilə mühakimə olunmasına dözmür, özünü tanıdır. Onun yerinə qurban gedən birisini qurtardıqdan sonra isə özünü ələ vermək düşüncəsindən daşınır. Yenə də qaçıb gizlənməli olur. Onu buna zorlayan tutuqlanmaq qorxusu deyildi, bala həsrətiylə acılar içində həyata gözünü yuman Fantinaya vermək istədiyi xoşbəxtliyi başa çatdırmaq düşüncəsi idi. Fantinanın yarımçıq ömrünün faciəsi Kozettanın taleyində davam etməməli idi. Jan Valjanın özünün bireysəl həyatı puç olmuşdu, zəhmətlə qazandığı puldan başqa heç nəyi, heç kimi yox idi. Nə ailəsi vardı, nə qohumu, nə dostu. Sevgili olmadı, ər olmadı, ata olmadı. Zaman hər şeyi onun əlindən aldı. Ancaq heç nə onun içindəki mərhəməti, xeyirxahlığı öldürə bilmədi. O, Kozettanı bulmalı, atalıq duyğusunun da, insan sevgisinin də boşluğunu varlığında doldurmalı idi. Varlı­ğında boşluq daşımaq çox ağırdır. Boşluq – mənəvi sarsıntılar yaradır. Bu sarsıntıların ağrısı ömrə ağırlıqlar gətirir.

Jan Valjan Kozettanı tapır, həris, meşşan Tenardyelər ailəsinə gözləniləndən artıq para verib Kozettanı özü ilə aparır. Ancaq Kozettaya azadlıq verməsi özünə baha başa gəlir. Kozettanın azad böyüməsi, rahat nəfəs alması üçün ən qorxulu çətinlikləri yaşamalı olur. Çünkü katorqa həyatından sonra nə üçün, kimin üçün yaşadığının önəmi yox idi. O, fiziksəl sonuna kimi sadəcə yaşamalı idi. Ancaq Kozetta onun həyatına gələndən sonra yaşamının anlamı dəyişdi. İndi o, Kozettanın xoş­bəxtliyi üçün yaşayır. Bu, onun içindəki tanrısal hikmətin – mərhəmətin, xeyirxahlığın tələbi idi. Varlığında buraxdığı bü­tün boşluqları Kozettaya xoşbəxtlik verməsi ilə doldurmağa çalışırdı.

Ancaq yaşamın da öz quralları var – Kozetta böyüyür, böyüdükcə Jan Valjanın nisgilləri də böyüyürdü. O, Kozetta üçün ata, ana, qardaş, bacı, dost – hər şey oldu, ancaq sevgili ola bilmədi. Biməzdi də. Əgər olsaydı, yaş uyğunsuzluğu ilə Kozettaya xoşbəxtlik deyil, bədbəxtlik gətirərdi. Yəni yaşlı olduğu üçün tez öləcək, gənc Kozetta isə yenə tək qalacaqdı. Mənəvi kriteriyaları da gözardı eləmiş olacaqdı.

Kozetta gəncdir, onun sevib-sevilmək ehtiyacı var. Bu, həm də onun təbii haqqıdır. Ona qarşı ata, ana boşluğunu doldurmaq vüsalı bir ayrı şeydir, sevgili olmaq məsələsində isə vüsala yetmək tamam fərqli anlam daşıyır. Budur, Kozetta Mariusu görür, içində, özünün indiyə kimi yaşamadığı, anlamadığı ilginc duyğular baş qaldırır. Jan Valjan Kozettada qarşısı­alın­maz duyğuların baş qaldırmasını görüncə öz içində də yeni sarsıntıların baş qaldırdığını duyur. O, Kozettadan ayrı yaşaya biləcəyini düşünə bilmir…

Marius əsərdəki aydın obrazlardan biridir. O, gəncliyin qəlbində vicdanı, sadəliyi, halallığı yetkin səviyyədə yaşadan sevgi yavrusu kimi çıxır qarşımıza. Ancaq, dediyimiz kimi, Jan Valjan üçün arzuolunmayan bir varlıqdır. Çünkü Marius Ko­zet­tanı onun varlığından uzaqlaşdıra biləcək bir qüvvədir. Jan Valjan özü sevgili həsrəti ilə yaşamayıb, ancaq Mariusun ortaya çıxması ilə, Kozetta ilə Marius arasında yaranan sevgi duyğusunun ona nələr yaşadacağını bütün varlığı ilə duymağa başlayır.

Kozettanın Jan Valjanın içində gizlənən mənəvi izti­rab­lardan xəbəri yoxdur, ancaq bu məsələdə onun suçu da yoxdur. O, sadəcə sevilir, özü də sevməyə can atır. Budur, onun xoşbəxt­liyinin sınırları özü üçün indi aydınlaşmağa başlayır. Çünkü həyatın anlamı, bütün çalarları ilə, insanın varlığında özünü göstərəndə xoşbəxtlik bütövləşir. Belə olmasa, əzablarla böyü­müş bir insanda, bəlkə də yaşa­maq üçün həvəs də qalmaz­dı. Məsələn, Kozetta üçün həyat Mariusu görəndən sonra məna­lanmağa başlayır. Yoxsa onun üçün həyat bu çağa kimi elə bir ciddi söz sərgiləməyib. Jan Valjanın ona qarşı qayğıları da sevgili olmaq tələbinin qarşısında azdır. Doğrudur, Tenardyelər ailəsindən qurtulduq­dan sonra Kozettanın duyğularında çox dəyişik­liklər yarandı. Ancaq dəyişikliklərlə zənginləşən bu duyğular belə, onu hələ sevginin, ayrılığın, uzaqlığın, yenidən qovuşmaq ehtiyacının əzablı nəşəsi ilə sınağa çəkməyib. Ona heç nə – istər monastr sakitliyi, tərki-dünyalığı, bakirəliyi olsun, istər Jan Valjanın yaratdığı dinclik, sakitlik ortamı, ya da Kozetta ilə birgə keçirdiyi əyləncəli gəzintilər olsun, Mariusun xəyalı qədər çəkici (cazibəli) gəlmir. Qadın özünü birinə etibar edəndən sonra Tanrının anlamını gerçəkləşdirən əməllər quru­cusuna çevrilir. O, sevgili olur, ana olur, ailə olur, soy (nəsil) olur, xalqın, daha geniş anlamda bəşəriyyətin bir parçasına çevrilir. Kozetta üçün artıq belə bir aşama yetişib. Doğrudur, heç bir insan vurulanda belə şeyləri düşünmür. Başqa sözlə, bunların olması üçün vurulmur. Vurğunluq – ilahi bir işıqdır, bir anda adamın könlünə düşür, onun bütün duyğuları sehrlənib bir nöqtədə birləşir. Vurğunluq sirdir, heç kim bu sirri açmaq haqqında düşünməz, onun yanğısıyla yaşamalı olar. Bu yanğı­dan qıraqda insana hər şey sönük, qiymətsiz görünür. Kozetta da bu hala düşür, Marius da. Hətta Marius Kozettanın izini itirdikdən sonra ölməyin yollarını axtarmağa başlayır.

Jan Valjan Kozettanı Tenardyelər qaranlığından işığa çıxartsa da, bu sevgi yavrularına əngəl olsaydı, Kozetta üçün qiymətini itirərdi. Həm də ikinci dəfə, Jan Valjanın əngəli adlı, qaranlığa qayıtmaq Kozettanın varlığını elə sarsıdardı ki, onun üçün yaşamağın bir anlamı qalmazdı. Çox qəribədir, bir-birinə doğma olan insanların istəkləri hansısa nöqtədə bir-birinə yad kimidir. Ancaq buna baxmayaraq, bütün bu çabalarla Jan Valjanın istəyi Kozettanı xoşbəxtliyə çatdırmaq idi. Sonra bəlli olur ki, bundan qıraqda onun özünün xoşbəxtliyi yox imiş. Yoxsa böyük bir çelişki (ziddiyyət) boşluğunda hər şey qabaq-qarşı gələrdi. Nədən ki, Jan Valjanın bu qədər diqqətinin, zəhməti­nin, qayğısının qarşılığında, ömründə birinci yol gördüyü birisinin – Mariusun ondan yüksək tutulması heç cür anlaşıl­mazdı. Kozettalar üçün Tanrıdan könlünə gələn bir sirrin izahını ilk dəfə gördüyü bir başqasında tapması heyrət­doğu­rucudur. Bu elə sirdir ki, buna əngəl ola bilmək hər kəsin gücü dışındadır. Sevgi elə bir gücdür ki, heç kimə, heç nəyə boyun əymir, tərsinə, ürəkləri öz əsirinə çevirir. Budur, iki gəncin uğradığı bu halı əsərdən izləyirik:

“1832-ci ilin may ayı davam etdikcə gündən-günə daha artıq ətir saçan, daha artıq qalınlaşan sıx ağaclar kölgəsində, başlı-başına buraxılan bu kiçicik bağda hər axşam iki adam görünərdi: onlar bütün ismət və bəkarət dəfinəsini özlərində cəmləşdirən, qəlbləri səmavi bir xoşbəxtliklə dolu olan, insan­dan daha çox mələyə bənzəyən, duyduqları sevinclə məstləşən, təmiz, pak, nəcib, zülmətdə bir-biri üçün işıq saçan iki gəncdi. Kozettaya elə gəlirdi ki, Mariusun başı üstündə şəfəq vardır, Marius da Kozettanın ətrafında halə görürdü. Onlar bir-birinə təmas edirdi, bir-birinə baxırdı, bir-birinin əlindən tuturdu, bir-birinə sıxılırdı, lakin onların aşmadığı bir hüdud vardı. Onlar bu hüdudu ona görə aşmırdılar ki, bunu nalayiq hərəkət hesab edirdilər, onlar belə bir hüdudun olduğunu bilmirdilər. Marius bir hüdud hiss edirdi – bu hüdud Kozettanın məsumluğu idi, Kozetta da bir hüdud hiss edirdi – bu hüdud Mariusun vicdanı idi. Onların ilk öpüşü həm də sonuncu öpüş oldu. Bu öpüşdən sonra Marius ancaq dodaqlarını Kozettanın əlinə, ləçəyinə, ya da hörüyünə toxundurardı. Kozetta onun üçün qadın deyildi, ətirdi…

Gecə onlar bağda olanda bağ sanki canlanır, müqəddəs bir yer olurdu. Bütün güllər onların ətrafında açılır, onlara ətir saçırdı, onlar da ürəyini açır, öz ruhlarını çiçəklərə saçırdılar. Şirəyə dolmuş, məst olmuş, nəşəli, gur bitkilər bu iki gəncin ətrafında tir-tir əsirdi, onlar sevgi sözünü söyləyirdi, ağaclar bundan tutrəyirdilər”.

(“Səfillər”, səh.666)

– Bu nədir, sadəcə romantik xəyaldırmı?! – Çağımızın bir çox insanlarından sorarsan, deyər ki, bu bir təxəyyül uydur­masıdır. Gerçək yaşamda belə bir ilahi sevgi coşqusunun olmasına çoxları inanmaz. Hər kəs gerçəkliyə, zamana baxarsa, ondan uzağa baxmazsa, bunu görməz, görməsi alınmaz. Zaman ilahi xilqətə çevrilənləri yaxına buraxmır. Zamanın tələbi ilə yaşayanlar da bunu anlamır. Öz içi ilə zamanın arasında uyğunluq görən adam bədii obrazlarda göstərilən sağlam yönlərlə doğmalaş­maq istəməz. Çağımızda bədii kitab­ların oxunmamasının bir nədəni də budur. Sevgiyə, sevdalı yaşama meyil aradan getdikcə insan olmağın dəyəri gözdən düşür.

Ancaq bütün bunlara baxmayaraq, yazıçı insanları zaman­dan üstün olan həqiqəti görməyə çağırır. Biz kitabdan götür­dü­yümüz örnəyi oxuduqca sevdalı ürəklərin varlığını dərk edirik. Könüllər dünyasının gözəllikləri işıq seli kimi axıb duyğu­la­rımıza dolur, varlığımızı müqəddəs diləklər aydınlığına qovuş­durur. Oxuduqlarımızı yazan kimdir, hansı dildə yazılıb?! Təbi­ətin bakirə gözəlliyinə müqəddəs nəğmələr söyləyən gənc könüllərin milləti kim, dili nə?! – Onlar türkdürlərmi, hələ lap qədimdən bəşəriyyətə ruhaniyyat gələnəyi öyrədən hind xalqı­nın yavrularıdırmı, Məcnunluq aşiqliyinin odunda qovrulan ərəb yeniyetmələridirlərmi?! – Nə fərq edər ki?! İnsanlığın ruhundan mayalanmış sevda mələkləri elə bizik, bizimkilərdir, doğma­larımız, sevdiklərimizdir.

Yazıçının böyüklüyü bir xalqın tarixi kimliyini nə qədər işıqlandırırsa, bəşəri qiyməti bundan daha yüksəkdir. Hüqo bu gün pozulmuş Fransız toplumunun mənəvi özülündə insani, bəşəri işığın olduğunu sübut etməyə çalışır. O işıqdan ayrıl­mağın özünəyadlaşma olduğunu anladır. Bütün bunlar özüm­lüyü qorumağın bərpası üçün göstərilən çabalardır.

Bu gün bəşəriyyətin özünəxaslığını danan Avropa Birliyinin aparıcı dövlətlərindən biri Fransadır. Terrorçuluqla, soyqırımçılıqla uğraşan erməni azğınlığının arxasında duran Fransa hara, bəşər dünyasına Hüqo yaradıcılığı kimi bir dəyəri verən Fransa hara. Birincini biz nifrətlə damğalayır, ikinciyə isə, Hüqo varlığına bağlı olduğu dərəcədə, sayğı sunuruq.

  1. Xeyirə qovuşduran Kədər işığı

 Biz dedik ki, əsərdə ideal səhnələr verilmişdir. Faciə ilə fədakarlığın birləşdiyi anlar o qədər çəkicidir ki, həyatın özü kimi varlığımıza yeriyir. Budur, Jan Valjan içini ağır sarsın­tıların didib-dağıdacağı addımları atmağa başlayır. O, Mariusu ölümün əlindən alıb Kozettaya qovuşdurur. Bu, onun üçün olduqca ağır bir sonluqdur. Ömrünün ahıl çağında Kozettadan uzaqda yaşamaq, varlığını yenidən tənhalığın girovuna çevir­mək – sözə sığmayan bir əzab aşamasının başlanğıcıdır. O, katorqa kimi fiziki əzabın öhdəsindən gəlmişdi, ancaq mənəvi əzaba dözmək fərqli bir iradə tələb edir. Burada onun ömür nizamı sökülür. O nizam ki, Jan Valjanın varlığındakı bütün boşluqları, demək olar ki, doldurmuşdur. Bu nizam – Kozetta ilə onun həm fiziki, həm də mənəvi birliyidir. İndi bu birliyin fiziki bağlarına son verən Mariusu Jan Valjan öz əliylə mey­dana qaytarır.

Yuxarıda vurğulamışdıq ki, Kozettanın izini itirdikdən sonra Marius ölməyin yollarını axtarırdı. O bu yolu dövlətin köhnə quruluşuna qarşı qiyam qaldıranlara qoşulmaqla tapmış­dı. Həm ideoloji niyyətini gerçəkləşdirir, həm də bu vuruşda ölməyi göz altına almışdı. Ancaq bu döyüş meyda­nında ölüm­cül yaralanmış Mariusu Jan Valjan qurtarmaq qərarı verir.

Bununla belə, bu qərarı gerçəkləşdirmək Jan Valjan üçün fiziki anlamda da ölümlə öcəşmək idi. Hər yan göz altında, hər küçə, hər yol bağlı. Jan Valjan keçilməsi mümkünsüz olan yeraltı yolu – tullantılar axıdılan yolu seçir. Əslində bundan başqa o, özünə yol tapa bilməyəcəkdi. Bu, ölüm yolu idi. Jan Valjan bu yol ilə öz içində Kozettaya vəd elədiyi xoşbəxtliyi tamamlamaq istəyinə doğru gedirdi.

“Jan Valjan qabağa gedir, can verən, ya bəlkə də – kim bilir! – ölmüş bir adamı çiynində aparırdı. Su onun qoltuğuna çıxmışdı. O, hiss edirdi ki, batır: ayaqlarını bu dərin bataqlıqda güclə tərpədirdi. Qalın palçıq təbəqəsi onun üçün həm dayana­caq nöqtəsi idi, həm onun yeriməsinə mane olurdu. O yenə də Mariusu yuxarı qaldırır, var qüvvəsini toplayaraq irəliləyirdi; irəlilədikcə daha artıq suya batırdı. Sudan bayırda onun ancaq başı, bir də Mariusu tutduğu əlləri qalmışdı…

Jan Valjan daha artıq dərinə getdi, başını geri atdı ki, su ağzına dolmasın; onun üzünü bu qaranlıqda görən olsaydı, onu zülmət içində üzən bir maska zənn edərdi. Jan Valjan Mariusun əyilən başını, göyərmiş üzünü güclə seçə bilirdi. O, bir daha var qüvvəsini toplayaraq axırıncı dəfə bir addım da atdı: qəfildən ayağı bərk bir şeyə toxundu, o, özünə istinad nöqtəsi tapa bildi. Bu, bir an da gec olsaydı, onun işi bitərdi…

Çuxurda o, həyatdan məhrum olmasa da, sanki bütün qüv­vəsindən məhrum olmuşdu. Son dəqiqələrin gərginliyi onu lap əldən salmışdı. O, elə yorulmuşdu ki, hər üç addımdan bir daya­nıb dincəlir, divara söykənirdi. Mariusu daha yaxşı dalına almaq üçün bir də divarın çıxıntısında oturanda elə hiss etdi ki, daha yerindən qalxmayacaq, elə orada qalacaqdır. Lakin onun qüvvəsi tükənsə də, iradəsi qırılmamışdı. O, ayağa qalxdı”.

(“Səfillər”, səh.856-857)

 – Biz bu səhnədə daha çox əzabı görürük. Ancaq ruhumuz bu əzabın arxasında ucalan mənəviyyat abidəsinə üz tutaraq, insan varlığından saçılan müqəddəslik işığına səcdə qılır. Fəda­karlığın hər şeyi – qorxunu, ölümü, yoxluğu yendiyi qısa bir zaman kəsiyində əbədiyyətin ruhumuza görünməsindən bəxti­yarlıq duyğuları yaşayırıq. Nə böyük hal, nə böyük örnək! Tanrı anlamının insan varlığında bütün dolğunluğuyla özünü göstərməsi – sevgiyə, mərhəmətə, ədalətə, vicdana inam yarat­ması sözə sığmayan bir sirr kimi üzə çıxır. Bel götürəndə bir sıra bədii əsərlərdə insan Allah kimi obrazlaşır. Onun (insanın) ünvanına Allah sözü deyilməsə də, xarakterik olaraq Allahlıq keyfiyyətlərinin daşıyıcısı kimi tanıdılır. Bu yanaş­manı biz ən çox Tolstoyun əsərlərindən izləmişik. Zamanın balaca saydığı, toplumun yenik saydığı, qanunun günahkar saydığı insan – özünün Tanrısal əməlləri ilə əbədiyyət carçısı olduğunu sübuta yetirir…

Marius artıq qurtarılmışdır. Ancaq buna baxmayaraq, Jan Valjanın qəlbi rahatlıq tapmır. Bunun bir nədənini yuxarıda vurğuladıq ki, Kozettaya bağlı varlığı yalqızlığın sıxıntıları içinə girməkdədir. İkinci nədəni isə onun, toplum üçün, qaranlıq keçmişi olan birisi kimi qalmasıdır. O bu çağa kimi hər kəsdən gizli yaşamışdır. Adını, kimliyini dəyişib gizlənərək yaşamaq insan üçün ən ağır, izahı çətin olan bir durumdur. Ancaq o, bunu eləməyə də bilmirdi. Yuxarıda da dedik ki, Jan Valjana nə qanun dinclik verir, nə də toplumun yanaşması ona yer saxlayır. Bu çağa kimi o, gizli yaşaya bildi. Ancaq indi, Kozetta ilə Marius ailə qurandan sonra, onun gizli yaşaması özünə mümkünsüz görünür. Onun içində elə bir ilahi dəyişik­liklər baş verib ki, hər kəsi aldatmaq mümkün görünə bilər, ancaq özünü, vicdanını aldadıb yaşamaq heç cür mümkün ola bilməz. Onun içində yaşanan gərginlikləri əsər daha yaxşı ifadə eləyibdir. O bu sirri açmaq üçün bütün varlığını vicdanına təslim edərək Mariusun qarşısında dayanıb hesabat verir. Bu hesabat əslində onun İnsanlıq qarşısında qutsalcasına boynuna almalarıdır (etiraflarıdır). Hər kəsin, hətta Kozettanın gözündən düşəcə­yin­dən qorxmur, ancaq vicdanın qarşısında gözükölgəli yaşa­maqdan dəhşətli sarsıntılar burulğanına düşür. Əsərdən götürdüyümüz örnəkdən bütün bunları aydınlığı ilə görmək olur:

“Buna görə də sizin yanınıza gəldim ki, hər şeyi açıb sizə deyim. Hər şeyi, ya bəlkə də, hər şeyi! O şey ki, ancaq mənə aiddir, o barədə heç danışmaq lazım deyil; bunu mən öz ürə­yimdə saxlayıram. Əsas şeyləri siz indi bilirsiniz. Bu qayda ilə mən öz sirrimi götürüb sizə gətirdim. Mən onu sizin gözü­nüzün qabağında açdım. Belə bir qərara gəlmək asan deyildi. Mən bütün gecəni öz-özümlə mübarizə etmişəm. Ah, mən öz-özümü inandırmağa çalışırdım ki, burada vəziyyət bir başqadır. Şanmatye məsələsində olduğu kimi deyil, indi mən öz adımı gizlətməklə heç kəsə yamanlıq etmərəm, Foşlevan adı mənə, etdiyim xidmətə görə bir minnətdarlıq kimi, cənab Foşlevanın özü tərəfindən verilmişdir, mən bu adı yenə saxlaya bilərəm, sizin təklif etdiyiniz otaqda xoşbəxt həyat keçirə bilərəm, heç kəsi zəhmətə salmaram, öz guşəmdə yaşaram, Kozetta sizin olsa da, onunla bir evdə yaşamaq, hər halda, mənim üçün bir təsəlli olar – siz elə bilirsiniz mən bunları düşünmürdüm? Bizim hər birimiz xoşbəxt olardı. Mənə əvvəlki kimi cənab Foşlevan deyərdilər, hər şey öz qaydası ilə gedərdi: Hər şey, ancaq mənim qəlbim narahat olardı. Hər tərəfdən üstümə sevinc yağardı, lakin mənim qəlbimdə qaranlıq gecə hökm­ranlıq edərdi. Xoşbəxt olmaq kifayət deyil, adam gərək öz-özü ilə sülh içində yaşasın. İndi belə bir şey təsəvvür edin: mən cənab Foşlevan olub qalaydım, deməli ki, əsil simamı gizlə­dəydim, deməli ki, sizin çiçəklənən xoşbəxtliyiniz qarşı­sında sirrimin üstünü örtəydim, qəlbimdəki zülmətlə bu işıqlı dün­yada gəzəydim, deməli ki, sizə xəbərdarlıq etmədən katorqanı sizin evə gətirəydim, süfrənizin başında oturaydım, fikrimdə də bu olaydı ki, siz mənim kim olduğumu bilsəniz, məni buradan qovarsınız; sizin adamlara mən qulluq etməyə imkan verəydim, “belə də dəhşət olar!” Birdən elə olaydı ki, dirsəyim sizə toxunaydı, – əslində, bu gərək sizi iyrəndirəydi; sizin əlinizi sıxmaq mənim üçün bir oğurluq olardı!

Sizinlə bir yerdə keçirdiyim bu həyatda mənim yeganə qayğım bu olacaqdı ki, bu dəhşətli quyunun qapağını yerindən tərpətməyə yol verməyim. Bu qayda ilə mən ölü olduğum halda, sizin kimi dirilərə bağlanmış olardım. Kozettanı həmi­şəlik özümə buxovlardım. Siz, o və mən katorqa dustağının yaşıl qalpağı altında üç başdan ibarət bir şey olardıq. Bu, sizi sarsıtmırmı? İndi mən ən bədbəxt insanam, amma onda ən rəzil bir adam olardım. Bu cinayəti mən hər gün edərdim! Bu qara maskada öz sifətimi hər gün gizlədərdim! Mən sizi hər gün öz rüsvayçılığıma şərik edərdim! Hər gün! Sizi, mənim əzizlərimi, sizi, mənim balalarımı, mənim məsum mələklərimi! Susmaq asandırmı? Qəlbindəkini gizlətmək asan şeydirmi? Yox, asan deyil! Susmaq var ki, yalan deyir. Mən öz yalanımı, rüsvay­çılığımı, alçaqlığımı, qorxaqlığımı, xəyanətimi, cinayətkar­lı­ğımı damla-damla içərdim, sonra onları qusardım… Kozettanın üzünə baxardım, onun mələk təbəssümünə iblis təbəssümü ilə cavab verərdim, – bununla da ən rəzil bir adam olardım! Niyə axı? Xoşbəxt olmaq üçün. Mən xoşbəxt olum? Mənim xoşbəxt olmağa haqqım var? Məni həyatdan kənara atıblar cənab!”…

(“Səfillər”, səh.918-919)

– Burada bir neçə məqama diqqət yetirmək gərəkir: Jan Valjan bütün əzabların ağırlığı altına girərək Kozettaya təkcə xoşbəxtlik vermir, həm də onun bakirə ləyaqətini öz qaranlıq keçmişinə bulaşdırmaqdan qoruyur.

Üzləşdiyimiz bu durum əslində toplumun faciəsidir. İnsa­na yanaşmanın bunca əskikliyi heyvanat aləminin qalib görkə­mi ilə ölçülə bilər.

Jan Valjan özünə toplumun gözüylə baxıb suçlu görür. Halbuki quruluşun onun ömründə əkdiyi balaca bir suçu o, çoxdan öldürüb gömmüşdür. İndi onun qəlbində haqqın göyel (səmavi) sirləri yaşamaqdadır. O, bütün yanlış­ların, suçların üzərində mənəviyyat zirvəsinə yüksəlmişdir.

Burada üzdən baxanda günahı boynunaalma (etiraf) var. Qulağımıza çatan odur. Əslində isə qarşımızda günahsızlıq boynunaalması yaşanır. Bununla da arılıq, duruluq harayı enir qəlbimizin dərinliklərinə – bu dərinliklərdən inam, sevgi qazanır özünə qarşı.

Bu haraylarda hər şey – yalan da, günah da, qorxaqlıq da, xəyanət də vicdanın ehtiraslı alovlarında yandırılır, ürək günah­sızlıq dəryasına çevrilib durulur.

O, Mariusun qabağında suçlu bildiyi yaşantılarını dilə gətirir. Ancaq bunları deyərkən o, təsəlli istəmir, nə də bağış­lanacağını düşünüb ümid gözləmir. Ömrünü bütün şəffaflığı ilə göz önünə qoyduqdan sonra ruhu sakit bir hala dolur. O, özünü bədbəxt adlandırsa da, bəxtiyarlıq pilləsinə ayaq basmışdır. Bu pillə onun fiziksəl varlığından çox illər sonra da səcdəyə layiq xatırlanacaqdır…

Jan Valjan bunları niyə edirdi, nəyi çatmırdı? Əslində o, boynuna alır, vicdanını ləkələnməkdən qoruyur. Toplum isə onun qüsurunu keçmişdən gələcəyə daşımağa çalışır. Günah­sızlığa çıxmış bir insanın ömründə günahı qorumağa çalışan toplum günahkar toplumdur.

Jan Valjan bütün bunları elədikdən sonra ruhu bu cəhətdən sakitliyə çatır. Ancaq başqa bir cəhətdən ruhunu daha amansız sarsıntılar içinə atır. O, Kozettadan ayrılmaqla özünü yalqız­lığın pəncəsində ölümə məhkum edir. Əgər o, indiyə kimi Kozetta üçün yaşamışdısa, bundan sonra nə üçün yaşayacağını kəsdirə bilmir. Marius bir çağlar Kozettadan sevgili kimi ayrıl­dığı üçün sarsılıb ölümə yuvarlanırdı. Jan Valjan isə Kozet­tadan ayrılmağı – insan varlığının anlamından ayrılmaq kimi dərk edərək həyatdan üzülür. Hər iki səhnədə insana verilən qiymət çox yüksəkdir.

Əsərin dramatik bir səhnəsi də Mariusla Kozettanın Jan Valjanın əsil kimliyini tanıdıqları andır. Tenardye qazanc əldə eləmək istəyiylə şər xislətini ifadə eləsə də, Marius Jan Valjanın müqəddəs varlıq olmasının sirlərinə yetir. Tenardye pul qarşılığında Foşlevanın Madlen olmasını, onun yeraltı yollarda, guya, meyit soymasını söyləyir. Bununla da Marius, Kozettaya bağışlanan pulların Jan Valjanın halal əməyi ilə başa gəldiyini, üstəlik onun özünü ölümdən qurtardığını bilir. İndi onun qəlbinə Jan Valjan ilahi bir insan kimi qayıdır. Onunla birlikdə yaşamaq xoşbəxtliyinə tələsir. Ancaq artıq gecdir. Böyük sarsıntılar öz işini görmüşdür. Mariusla Kozetta Jan Valjanın ölüm anlarını izləməyə çata bilirlər:

“Jan Valjan gülümsəyirdi.

Cənab Ponmersi (Mariusun soyadıdır – S.A.), siz məni öz yanınıza aparsanız da, mən yenə əvvəlki adam olub qalma­yacağammı?

… Biz düşünən kimi Allah da düşünmüşdür, o öz qərarını dəyişmir; mən gərək gedəm. Bizə nə lazım olduğunu Allah bizdən yaxşı bilir. Qoy cənab Ponmersi Kozetta ilə xoşbəxt olsun, qoy gənclik aydın səhərlə birləşsin, qoy yasəmənlə bülbüllər, mənim balalarım, sizə fərəh versin, qoy sizin həya­tınız, çiçək açmış çəmən kimi, günəşlə dolu olsun, mən daha heç bir şeyə gərək deyiləm, mən ölməliyəm; belə lazımdır, bu yaxşıdır. Başa düşün, yaxşı fikirləşin, daha heç bir şey eləmək olmaz, mən hiss edirəm ki, hər şey bitmişdir…

Sənin nə xoş təbiətli ərin var, Kozetta! Onunla bir yerdə olmaq, mənimlə bir yerdə olmaqdan sənin daha artıq xoşuna gəlir.

Qapının dalından səs gəldi. Həkim içəri girdi. Jan Valjan dedi:

– Xoş gördük, doktor. Bunlar mənim zavallı balalarım!

Marius həkimə yaxınlaşdı. Ona ancaq bircə kəlmə söz dedi: “Cənab…” Lakin bu sözün deyilişində ifadə olunmamış bir sual vardı. Həkim bu suala ancaq mənalı baxışla cavab verdi.

Jan Valjan:

– Bir şey bizim ürəyimizcə deyilsə, bu heç də Allahdan narazılıq eləməyə bizə haqq vermir, – dedi.

Hamı susdu. Hamının qəlbində bir iztirab vardı.

Jan Valjan Kozettaya sarı döndü. Ona elə diqqətlə baxdı ki, sanki Kozettanın surətini əbədiyyətə aparmaq istəyirdi. Jan Valjan enməyə başladığı zülmətin elə bir dərinliyində idi ki, hələ Kozettanı görərkən ona valeh ola bilirdi. Sanki, Kozetta­nın işıq saçan zərif üzünün əksi onun solğun çöhrəsinə düşmüşdü. Qəbirin də öz sevinci var…”

(“Səfillər”, səh.960-961)

– Bu faciədirmi, yoxsa təbii qanunauyğunluqdurmu?! – Necə də məsum bir durum canlanır gözümüzün  qarşısında. Faciənin də məsumu, amansızı olurmuş. Səhnə kədərli olduğu dərəcədə çəkicidir. Bu kədərdə həsrət o qədər gözəlləşir ki, ölümün aman­sızlığı, qorxusu, yoxluğu aradan qalxır. Ölüm həyatın inkarı kimi deyil, davamı kimi dərk olunur. Faciə –  müna­si­bət­ləri aydınlaşdırır, könülləri daha da yaxınlaşdırır. Ona görə də burada bizə təbii qanunauyğunluq kimi görünən hallar insani qanunauyğunluğun təsdiqi olur. Nədən ki, bir insan ömrünün bütün uğurlu, uğursuz yönlərini öyrənir, həyatın gerçəkliyi amansız olsa da, onun mahiy­yətinə doğmalaşırıq. Bu bir mək­təb­dir. Mənəvi, fiziki ömrü­müzü tərbiyə eləmək baxımından belə ömürlər uğurlu örnək­lərdir.

Bu örnəkləri bəzən kimlərsə həyat təcrübəsi sayır, biz saymırıq. Həyat öyrətmir, döyür. Bizi də həyatın döydüyü, ancaq əyə bilmədiyi ömürlər öyrədir. Əyilməzlik, dönməzlik, ədalət, vicdan bir arada olanda mənəviyyatın gücünə çevrilir, bu güc yeni örnəklər yaradır.

Hüqo da bu örnəkləri tanıdan qüdrətli sənətkarlardandır. Ona bu əsəri üstə sayğımız da sonsuzdur. Əsər insan mənəviy­yatını aşağılayan gedişlərə qarşı həyəcanlı bir etirazdır. Zama­na ağalıq eləyənlərə də etkili xəbərdarlıqdır. Bu cəhətdən Hüqo əsərini ədəbi tənqid üçün sanki bağlamışdır. Hər şeyi o qədər dolğun, aydınlığı ilə yazmışdır ki, əlavə söz deməyə ehtiyac qoymamışdır. Biz də Hüqonun anlatdıqlarını yenidən anlatmaq istəyindən uzağıq. Sadəcə, Hüqonun çağı ilə öz çağımız ara­sında bağlılıqları göstərməyə, insanı qapsayan sorunların bütün yüzillərin (əsrlərin) bətnində daşındığına diqqət çəkməyə çalı­şırıq.

Belə götürəndə Hüqonun xəyal dünyası ilə bizim insanlıq uğrunda savaşımız arasında bir yaxınlıq vardır. Xəyal da ruhun axtarışlarından yaranır, ürəyin zənginliyinə çevrilir. Bu zəngin­lik ümid işığı kimi insanın varlığına yayılır. Ürək daim xəyallar bəsləyir. Böyük amallarda addım atarkən xəyallar işin başlan­ğıcı olur. Əgər ürəkdə yeni xəyallar qurulmasa, ümidsizlik başlayır. Ümidsizliklər ürəyi gəmirsə ruhun ölümü yeyinləşər. Həyatımızda bədii ədəbiy­yatın rolu da belə məsələlərə təkan verməsindədir. Düzdür, yüksək idealları gerçəkləşdirmək bədii ədəbiyyatın işi deyil, ancaq yüksək ideallar haqqında düşün­mək hər kəsin haqqıdır, bu önəmlidir. Yüksək ideallar haq­qında düşünən hər kəs öz ölkəsini ədalətin bərpa olunacağı ünvan, öz xalqını isə ədaləti gerçəkləşdirib təsdiq edəcək qüd­rət hesab edir. Məsələn, Hüqo öz obrazının diliylə Fransanı əda­lət uğrunda mübarizə yetirən bir ölkə, onun insanlarını isə bəşəriyyətə cəsarət örnəyi göstərə biləcək uğur daşıyıcıları hesab edir. Başqa xalqların təfəkkür daşıyıcılarında da bənzər düşüncələrə rast gəlmək mümkündür. Bu istək, bu niyyət baş tutacaq-tutmayacaq, bu, məsələnin ayrı bir yönüdür. Böyük düşüncə yiyələri öz düşüncə sistemlərinin ədaləti bərpa edə biləcək gücdə olub-olmamasını düşünməz. Onlar bir istək ortaya qoyurlar, başqa düşüncə, cəsarət yiyələri isə bunu başa çatdırmaq görəvini öz üzərlərinə götürürlər. Bu proses harda başa çatacaq, necə sonuclanacaq – bu da artıq gələcəyin ixtiyarında olan məsələdir. Ancaq heç kəs yaxasını qırağa çəkməməlidir, hər kəsin tərəqqiyə qatqısı olmalıdır…

Biz də deyirik ki, türk bəşərin qurtarıcısıdır. Bu deyilişdə – qurtarıcı ideya daşıdığımıza, bu işi özümüzün başladığımıza görə qərar veririk. Ancaq bu qərar ədəbi örnəklərin verdiyi qərarın başlanğıc götürdüyü məsələlərdən çox fərqlidir, üstündür. Bizim qərar dediyimiz məsələ Asif Atanın ortaya qoyduğu Dünyabaxış sistemi ilə bağlıdır. Köhnə inancların, köhnə ölçülərin bütünlüklə yenisi ilə əvəz olunması, verdiyimiz qərarın, başqa sözlə, Asif Ata gəlişinin özül faktıdır. Asif Atanın qərarı – İnsanlığı ölçüyə çevirən böyük bir gəlişmədir. Bu ölçü bütün bəşəri düşüncələri, bədii örnəkləri öz içinə alır. Bu ölçü Yeni bir Sivilizasiyanın açarıdır. Bu açarın qapı açdığı dünyada Hüqoların antitərəqqiyə qarşı etirazlarına, insan sevgilərinə, ədalət istəklərinə də yiyəlik qüdrəti yaşayır!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

16 Köçəri Ayı, 37-ci il  22 Günəş Ayı, 38-ci il.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv