SOYLU ATALI HƏYAT DİN İLƏ ALINMIR

İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək.
Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar cavab verməyə çalışmışdır. Ancaq dini dünyagörüşlər bu soruların cavablarını daha çox mücərrədliyə aparmış, mifoloji, əfsanəvi çalarlarla yükləmişdir. Bir sözlə, dindən umulan, istənilən konkret çalarlar açıqlığa, aydınlığa çıxmamışdır. Fəlsəfə də bu umacağın öhdəsindən, istənilən düzeydə, gələ bilməmişdir. Bu soruları cavablandırmaq üçün çoxsaylı anlayışlar yaranmış, bu anlayışların köməyilə ağlı heyrətə gətirən açıqlamalar (izahlar) ortaya qoyulmuşdur. “Dünya ruhu”, “dünya idrakı”, “dünya iradəsi”, “mütləq ruh”, “fövqəlqüvvə”, “fövqəliradə”,  “fövqəlinsan”, “obyektiv aləm”, “aqnostsizm”, “allah”, “ateizm”, “ilahi ədalət”, “vicdan”, “dao”, “idealizm”, “materializm”, “vəhdəti-vücud”… saymaqla bitməyən dini, fəlsəfi anlayışlar, nəzəriyyələr, ideyalar fərqli açılardan əbədi sorulara cavablar verməyə çalışmışdır. Hər biri o birinə etki göstərmiş, bir-birindən yararlanmalar, bir-birini danmalar baş vermişdir. Bir sözlə, hər biri soruların cavablarına yaxınlaşmaqda, az, ya çox anlamda qatqı göstərmişdir. Ancaq hələ də bu sorulara bütöv cavab bulunmamış, axtarışlar mütləq sonuca varmamışdır. Dedik, bizə görə bu axtarışlar əbədi prosesdir. Çünkü kainat anlamca sonsuzdur, heç sınırları da bəlli deyil.
Elmin gəlişməsi bu axtarışlara yardım etmişdir. Ancaq bu da, cavabların bulunması üçün yetərli deyil. Elm kainatdakıları durmadan kəşf edir. Bu prosesin özü də əbədidir. Çünkü kainatın mənası, dediyimiz kimi, sonsuzdur. Sonsuzluğun gizlinlərinin (sirlərinin) kəşflərini başa çatdırmaq da olumsuzdur. Bəs necə olsun, cavabının verilməsi olumsuz olan sorular həqiqətə, məntiqə uyğundurmu?! Ya da, cavabı verilməyən sorular necə yaranır?! Bizə görə, bu soruların cavablarını bulmaq fərdi xarakter daşıyır. Yəni elə sorular var, onların cavabını “söz”lə vermək doğrulmur, ömürlə – yaşamaqla yetmək olur.
Elə bil, böyük bir qalanın (qəsrin) çevrəsinə toplanan insanlar içəridə olan adamdan qalanın içini soruşurlar. Qalanın içini çölündəki üçün mütləq təsvir etmək belə olumsuzdur.
Bizim yuxarıda vurğu elədiyimiz sorular Məna ilə bağlı olduğuna görə, gerçək faktlarla, təzahürlərlə onu (Mənanı) bütöv anlada bilməyimiz də olumsuzdur. Demək, Mənanı dərk eləmək üçün Məna tələbi ilə yaşamaq gərəkdir. Onu qıraqdan təsvir eləmək dərk prosesinin açarı deyil, dərk prosesinə yardım edən bir çalardır, bir araçılıqdır. Dini dünyagörüşlər də insanla Məna (deyək ki, Allah) arasında araçıdır, yardımçıdır. Söz yox, bütün insanlar, bağımsız olaraq, Məna ilə (Allahla) ünsiyyətdə ola bilmirlər. Bu açıdan onların araçıya – mürşüdə, öyrətmənə, yol göstərənə (bələdçiyə) ehtiyacları var, həmişə də olacaqdır. Ancaq araçılıq (vasitəçilik) mexanizmi necədir, insana necə öyrətmənlik (müəllimlik) edilir, –  bu başlıca koşuldur (şərtdir). Din Mənanı (əslində Allahı) insana tanıtmaq üçün necə davranır, necə ölçü yaradır?! – Allahı insana tanıtmaq istəyən öyrətmən (deyək ki, peyğəmbər) birinci növbədə Allahı özü üçün düzgün obrazlaşdırmalıdır. Bu, nə üçün önəmlidir?! Allah (əslində Mütləq) ruhaniyyatın nizamlı biçim yaratması üçün inam qaynağıdır. Ona görə, Allahla insanı aldatmaq olmaz. Başqa sözlə, Allah anlamı ilə oyun oynamaq olmaz. İnsan üçün Allah – bütün mənəvi keyfiyyətləri imkan kimi özündə daşıyan idealdır. İnsan bu ideala can atmasa, onu dərk eləməsə özündə heç bir mənəvi ucalığı qoruyub yaşada bilməz. Əslində dünyanın gedişi – insanın idealı tanımamasına, ona can atmamasına görə əyilib. İdealı ömrə gətirmək gərəkdir. Yəni ədaləti, insafı, xeyirxahlığı, insansevərliyi nəzəriyyə kimi oxumaqla yaşamın uyumuna gözəllik qatmaq olumlu deyil. İdeal əlin toxuna biləcəyi, gözün baxa biləcəyi bir qatda (mərtəbədə) olmasa da, əlçatmaz da deyil. Əlçatmaz olsaydı, ruhaniyyatın heç bir anlamı qalmazdı. Ruhaniyyat – insanın idealı anlaması, ona qovuşması, onunla yaşaması deməkdir. İnsanı bu həqiqətə yönəltməyən, belə deyək, insanı bu həqiqətin qarşısına gətirməyən ruhaniyyat etkisizdir, gərəksizdir. Yəni əslində ruhaniyyat deyil. Məbədlərdə insana ibadət öyrətmək, onlara fantastik söyləmlər dinlətmək ruhaniyyat deyil. Doğruçu ibadət insanı Allaha qovuşdurmalıdır, Allaha yalvarış miskinliyinə endirməməlidir. İbadət – Allah anlamındakı insani keyfiyyətləri anlamaq, bu keyfiyyətləri ömrə gətirmək üçün olmalıdır, Allahdan cənnət adlı ödül ummaq üçün deyil. Allahdan mənəviyyat istəyərlər, ruzi-bərəkət istəməzlər. Allah mənəvi qüdrət qaynağıdır, kef qaynağı deyil. Yəni Allah Mənadır, gerçəklik deyil. Mənəviyyat Mənadır, ruzi-bərəkət gerçəklikdir. Allaha qovuşmaqda varlı, dövlətli olmaq yoxdur, insani varlığın təsdiqi var.
Ona görə deyirik, insanın öyrətməni Allahı düzgün obrazlaşdırmalıdır. Allahın yanlış obrazlaşdırılması insanın zərərinə işləyir. Məsələn, müsəlman namaz qılır. Namaz, yuxarıda dediyimiz kimi, Allahı unutmamaq anlamı daşımalı idi. Ancaq müsəlmanın şüurunda Allah cəhənnəmi, cənnəti, mərhəməti, amansızlığı olan bir varlıq kimi oturub. Ona görə, müsəlmanın namaz adlı ibadəti onun şüuruna mütilik aşılayır. O, ibadət edərkən qorxur, umur, yaltaqlanır, yalançı ümidə qapılır.
Bəs obrazlaşdırma necədir, yanlış nədədir?! Hər bir dünyabaxışın yarandığı dövr var, toplumsal, sosial, siyasal ortam var. Bu ortam insanların şüur baxımından formalaşmasında (əyri ya doğru) böyük rol oynayır. Dünyabaxış yaradıcısı bu rolu gözə, hesaba alır, ancaq dövrün, ortamın tələblərinə qarşı həqiqi ölçü yarada bilmir. Əməldə, yaşamda, davranışlarda, münasibətlərdə ədalətin, fəzilətlərin olmamasının nədənini insana yanlış anladır. İnsani münasibətlərdə nizamın bərpası üçün insandan qıraqdakı qüvvəyə minnətçi düşməyin gərəkdiyini deyir. Yəni, insan özündən qıraqdakı, ucalıqdakı qüvvəni narazı saldığı üçün cəzalandırılırmış. Bu ilk yanlış təyinatla Allahı obrazlaşdırma pozuntuya uğrayır. Bizə görə, bu görsəniş insana inamsızlıqdan doğan bir haldır. Yanlış obrazlaşdırmalara görədir ki, yaranan dünyagörüş özündən öncəkilərdən tam arına, ayrıla bilmir. Düşünülə bilər ki, öncəki baxışlardan pozitiv, uğurlu bir şeylərin qalması, qarışması pis deyil. Biz də elə düşünürük ki, öncəki uğurlu gələnəklərin qalması, davam eləməsi yaxşı haldır. Ancaq qarışıb qalan təkcə yaxşı məsələlər deyil, gərəksiz qalıqlar da qarışıb davam edir. İkinci bir yandan, bəzən uğurlu gələnəklər, özündən zəif gələnəklərin yaşaması üçün araç (vasitə) olur. Yəni, yeni dünyabaxış bütöv olmayanda, köhnəliyin gərəkli, gərəksiz qalıqları da qalır. Məsələn, bizim toplumumuz İslam dinini qəbul elədi. Ancaq bir sıra gələnəkləri də onun içində yaşatdı. Deyək ki, animizmin qalıqları olan ruhların sərbəst, insanlara görünmədən, insanlarla bir yerdə yaşaması kimi arxaik bir baxış çağımıza kimi gəlib çıxıb. Eləcə də, şamanizmin qalığı olan ələm bəzəmə (şiə təriqətinin daşıyıcıları bunu Əli ilə bağlayırlar). İnsan boyundan bir az artıq olan ağacın başına qara köynəkdə əl maketi, ya da, at nalı bağlayırlar. Bildiyimizə görə, bu əli Əlinin əli, nalı da atının nalı kimi qəbul edirlər…
Eləcə də, toplumumuzda ocağa tapınmaq, Günəşə and içmək, inək sağanda ona oxşamalar söyləmək (Zərdüştçülükdə maldarlığın önəmli sayılması ilə bağlı yaranıb) kimi gələnəklər davam edir. Əslində bu sonuncular Göytanrıçılıqdan, “Od işığı” ideyasından qaynaqlanan gələnəklərdir. Toplumumuzun gen yaddaşına oturub.
Başqa toplumlarda da buna bənzər görsənişlər yox deyil. Bu da onu göstərir ki, yeni ortaya çıxan dünyagörüşlərin necə olmasından asılı olmayaraq, insanı doğadan, keçmişdən tam qoparmaq olumsuzdur. Bəlkə ona görədir ki, insanın ruhani yaşam ölçüsü bitkin, bütöv olmur, bu üzdən də paralelliklər, kombinasiyalar da qaçılmaz olur. Genel olaraq götürəndə, ruhu bir ideyaya bağlaya bildinsə (ideyanın bütöv, ya da, nisbi olmasından asılı olmayaraq), o, min il gedə bilir. Dəyişilməsi olduqca çətindir. İndiki toplumun mövcud ideyaya bağlılığı da min il öncəki soylarından gələn bir gələnəkdir. Mövcud ideya nisbidir, bizim istəklərimizi ödəmir, başqa sözlə, ruhun istəkləri tam ödənilmir, ancaq davam edir. Çünkü ruh hansı dünyagörüşün yaratdığı gələnəklərə, ölçüyə köklənirsə, onun tələbatları da (nisbi olsa da), həmin gələnəklərlə, ölçülərlə ödənilir. Məsələn, ədəbiyyat, poeziya, musiqi ruhun tələbatlarıdır. Bu gün bizim toplumumuzda yaşam ölçüsünü İslam dini yaratdığına görə nəsr də, şeiriyyət də, başlıca olaraq, İslam dininin prinsipləri yönündə yazılır. Ancaq bəzən elə ruh insanları olur ki, onlar qəlibdən, mövcud ölçüdən qırağa çıxırlar, yenilik deyirlər. Məsələn, Yunus Əmrə, Nəsimi, Cəlil, Sabir… Bu şəxsiyyətlərin yaradıcılıqları olanla yetərlənmir, qabağa gedir, insanı yanlışların içindən çıxmağa çağırır. Əslində olanla yetərlənən, olanı deyən, öyən yaradıcılıqlar heç sabaha getmir də.
Biz dedik, yaşamın ölçüsünü ruhaniyyat yaradır, genel anlamda. Ruhun bütün tələbatlarını da, ruhaniyyatın yaratdığı nizam ödəyir. Ancaq eyni halda, ruhaniyyat qəlibindən qırağa çıxmaları da önəmli sayırıq. Deməli, biz, ruhaniyyatı istədiyimiz çəkidə, ölçüdə görmürük. Çünkü mövcud ruhaniyyatı din yaradıb. Dinin yaratdığı ruhaniyyat kamil ruhun tələblərini ödəmir, başqa sözlə, kamil ruh yaratmır. Dinin yaratdığı nisbi ruhaniyyat da yaşamın bütün yönlərində oturuşub. Yaşam isə kamil nizam tapmır. Bəs dindən nə istənilir, ona hansı açıdan yanaşmaq umulur?! Bu suala cavab vermək çox önəmlidir. Çünkü burada olduqca incə məsələlər var. Din elm deyil. Elm öyrəndiklərini bütün çılpaqlığı ilə ortaya qoyur. Yəni elm gerçəkliyi, bilinəni, görünəni, toxunulanı öyrənir. Üçölçülü sistemdən dördölçülü sistemə keçildi. Zaman, məkan, mühit anlayışları ilə, eləcə də, bu anlayışların nisbi xarakterlərinin dəyişilməsi ilə yaranan, baş verən olaylar qiymətləndirilərək sübuta yetirilir. Ancaq heç bir olayın, gedişin, prosesin, anlamı bu sistemlərin içərisinə girmir. Başqa sözlə, bu sistemlərlə Dəyişməz Anlamı aydınlaşdırmaq alınmır. Dəyişilməz Anlama aydınlıq gətirmək isə ruhaniyyatın qarşısında duran məsələdir. Ona görə elmdən istənilən açıqlamalar, sübutlar dindən (ruhaniyyatdan) istənilə bilmir. Çünkü Dəyişməz Anlam toxunula bilən, gözlə görünən deyil. Bu üzdən ruhaniyyat daha çox nəzəri açıqlamalar ortaya qoyur. Bu açıqlamaların çoxu da subyektiv xarakter daşıyır. Konkret dəlillər olmadığına görə araşdırmalara, polemikalara ortam yaranmır. Dəyişməz həqiqətə, sadəcə, inanmaq gərəkdiyi ilə bağlı hökm verilir. Haqlı olaraq, inama ağılla deyil, ruhla yanaşmaq tələb olunur. Çünkü bu məsələdə ağlın sorularına cavab vermək olumsuzdur. Ağıl gerçəkliyi ötə bilmir. Gerçəklik həddində isə Mənanı tanımaq olmur. Deməli, Mənanı ağılın soruları ilə çözmək alınmaz. Ruhun soruları isə cavabı özündə daşıyır. Bizə görə ruhun kamilləşməsi bütün gizlinlərin (sirlərin), mücərrəd soruların cavabı deməkdir. Nə qədər ki, insan ruhani kamilliyə yetmir, onu ağıl yönətir (idarə edir). Ağıl mövcudolma şərtlərini bəlirləməyə çalışır, yəni bioloji varolmanı qorumaqla uğraşır. Bu  zaman ağlın sualları ortaya çıxır: mən necə yaşayım, mövcudolmaya gərək olanları necə əldə edim, necə yerləşim, necə qorunum?! Çünkü sıradan yaşayan, yəni ağlın tələbi ilə yaşayan adam ömürdə məzmun tapa bilmir. Kamil ruh isə məzmunla dolur. Necə deyərlər, məzmunun özü olur. Bu zaman ruhun “mən niyə varam” sorusu ortadan qalxır. Çünkü kamil ruh ağıl həddindən yüksəyə qalxır. Dünya nədir, insani münasibətlər necə qurulmalıdır, ölümsüzlüyə necə yetməli – Ruh kamilləşməklə, yaşamaqla bu soruları çözməyə çalışır. Kamil ruh ağlın mövcudolma şərtlərini rədd eləmir, ancaq insanı ağıl həddində saxlamır, ömrü ağlın ixtiyarından yüksəyə qaldırır.
Söz yox, ağlın soruları heç vaxt ortadan qalxmayacaq. Çünkü bəşər övladı sonuncu fərdinə qədər kamil yaşamır. Başqa sözlə, insan anadan kamil doğulmur. Ancaq kamil örnəklər əbədi soruların cavabını bulmaq üçün qutsal yola çevrilir. Deməli, ruhaniyyat riyazi hesablamalarla, analizlərlə, təcrübələrlə öyrənilməli bir məsələ deyil. Ömrə çevrilməli, yaşanmalı, dərk olunmalı bir nizamdır. Gələnəksəl ruhaniyyat (din ruhaniyyatı) insana Məna tələbləri üstə yaşamağa yol açmadı. İnsanı Mənadan (Allah anlamından) ayırdı. İnsanı Allahdan uzaqlaşdırmaq həyatı gözəlliklərdən uzaqlaşdırmaq demək oldu. Bu dünyanı fani saymaq, o dünyanı öymək bütün fəzilətləri mücərrədləşdirdi, bu dünyada əlçatmaz elədi. Bəs bunları niyə elədi, etməyə bilərdimi, qəsdi nə idi?! Gerçək mövcud həyat insan arzularına cavab vermir. Yüksək idealların gerçək həyatda baş tutması, tətbiq olunması olumsuz görünür. Bir sözlə, gerçəkliklə ideal arasındakı ziddiyyətləri çözmək, ortadan qaldırmaq istəməklə baş tutmur. Din Allahla nizam yaratmaq istədi. Hər şeyin Allaha bağlı olduğunu, qurtuluşun Allahın istəyində olduğunu dedi. Bir sözlə, hər şey Allahdan asılıdır, insanı da o yönətir deyə hökm verdi. Dinə görə İnsanı Allah özünə qul yaradıb, insan onun əmrindən çıxmamalıdır. Ancaq bu əmr necə verilir, necə yerinə yetirilir, yetirilməlidir, bu, sonacan bəlirlənmədi. Allah peyğəmbər araçılığı ilə bu əmri verir, peyğəmbərin də istəyi odur, insanlar onun dediklərinə gözüyumulu boyun əyməlidirlər. İnsanın özü Allahla ünsiyyətdə ola bilmir, onu sorğulaya bilmir, onu tanıya, dərk eləyə bilmir. Bunu eləyərsə, dinə görə, dikbaşlıq (təkəbbürlülük) etmiş olar. Belədə insan yerlə göyün arasında dolaşan soruların qarşısında itib-batır.
Din insanın kamilliyini Allaha yetməkdə deyil, Allaha itaətdə görür. İtaətdə birlik yaranmır, üstdən aşağı asılılıq yaranır. Allahla insan arasında birlik, bağlılıq olmasa, yaşamın fəzilətlərlə zənginləşməsi, insanın ağ günə çıxması baş tutmaz. Dində insanın ağ günə çıxması yolu – Allahı razı salmaqla, onda insana qarşı mərhəmət oyatmaqla oluşdurulur. Yəni insanın ibadəti ilə Allahın mərhəməti mübadilə prosesinə dönüşür – “ver, verim”. Gərəksiz bir umacaqlıq, borcun ödənişi ilə yaranan anlamsız rahatlıq… Buna görə yuxarıda vurğuladıq ki, Allah obrazı doğru bəlirlənməlidir. Allahla insan arasında uçurum yarandı. İnsanın taleyi uçuruma düşdü. Bu uçurum dünyanın faniliyi ideyası ilə başladı. Bu dünyadan üstün, başqa bir yerdə “o biri dünya”nın olmasını uydurmaq böyük xəta idi. Söz yox, dünyada nə varsa ötəridir, keçicidir. Ancaq anlamsız, fani deyil. Ötəri cismani ömür belə, fani deyil. Allah (yəni Mütləq) dünyanın özündədir, dünyanın Mənasıdır, ayrı bir dünyanın yiyəsi, ağası deyil. Dünyada yaranış, doğuluş, yenilənmə olanaqları var. Dünyanı yaşadan budur, dünyanın əbədiliyi buna bağlıdır. Bu qonunu bir çox yazılarımızda geniş yazdığımıza görə burada davam etmirik. Bu qonunu ona görə vurğuladıq ki, din miflərlə, əfsanələrlə, rəvayətlərlə çuğlaşıb. Bunun nədəni yuxarıda dediyimiz məsələlərə bağlıdır. İnsanı dərk prosesindən uzaq tutanda onun sorularına cavab vermək olmur. Qaçılmaz cavab vermələr isə hər şeyi mifləşdirməklə, əfsanələşdirməklə baş verir. Ona görə, yaşamın ölçüsü, gerçəkləşməsi çətin olan, fantastik bir şəklə düşür.
Din ağlın sorularına cavab verməyə çalışdı. Ona görə mifik bəzəmələrdən yararlandı. Ruhun sorularına cavab vermək gərək idi. Bunun üçün, yuxarıda vurğuladığımız kimi, ruhu kamilləşdirmək ölçüsü yaratmaq gərək idi.
Burada gərəkən bir əkləmə yerinə düşər. Bəlkə mifləşdirmələr, əfsanələşdirmələr qaçılmaz olub. Axı o dövr üçün topluma inam vermək o qədər də sadə proses deyildi. Ağlı, düşüncəsi Allaha inamın tələbləri üçün yetərli olmayan toplumun arasında nizam yaratmaq sıradan bir olay deyildi. Üstəlik din gerçəkliyi, görünəni öyrənən elmin işini görmürdü. Görünməyəni tanıtmaq, ona inam yaratmaq missiyası yerinə yetirirdi. Adam bu çətinliyin qarşısında dayanıb qiymətləndirərkən dinə haqq vermək zorunda qalmazmı?! Axı yuxarıda da vurğuladıq ki, elmdən fərqli olaraq ruhaniyyat məsələsini təcrübi yolla, dəlillərlə, sübutlara dayanan bir söz deməklə aydınlaşdırmaq, öyrətmək olumsuzdur. Üstəlik də idealları xəyal etmək onu yaşamaqdan asandır. Bəlkə düşüncəsi dərinə getməyən sadə toplumu Allaha inandırmaq üçün xəyallar dünyası yaratmaq gərək idi. Olsun. Onda isə qarşıya başqa bir sual çıxır: Bəs günlərin bir günü bu xəyallar dünyasının, gerçəklikdə, idealların yaşaması ilə əvəz olunması gərək deyildirmi?! Axı gerçəkləşməyən xəyallar dünyası getdikcə miflərin, əfsanələrin müsbət etkisindən uzaqlaşıb böyük yalanlarla, cəfəngiyyatlarla dolur. Allah da, ruhaniyyat da oyuna gətirilir. Bəs xəyalların gerçəkləşməsi necə mümkün ola bilərdi?! Bu suala isə cavab vermək olduqca çətindir. Çünkü bu zaman özül prinsiplərə üz tutmalı olursan. Dində isə özül prinsiplər həqiqətlərə cavab vermir. (Biz bunu “Özül prinsiplərdə yalan olmamalıdır” yazımızda geniş açmışıq). Bəs nə etməli, dinsiz, yəni inamsız olmaz. Yalanla da olmaz, olmur da. – Bu suala sufilər hardasa cavab verməyə çalışıblar. Onlar dində Allahın ilkin tərifinə dayanıblar. “Yəni Allah doğmayıb, doğulmayıb, ortağı yox, yeri (məkanı) yox” deyimini əsas götürüb, “o hər yerdədir” məntiqini inkişaf etdiriblər. Allaha qovuşmağı qarşılarına məqsəd qoyublar. Bunu sufizmin dörd əsas prinsipi ilə gerçəkləşdirməyin olumlu olduğunu qəbul ediblər. Bu dörd prinsip – şəriətləşmə, təriqətləşmə, mərifətləşmə, həqiqətləşmə sufinin kamillik yolu adlanır. Allaha qovuşmağın yolu Allah obrazını doğru bəlirləməkdən keçir. Bunu biləndən sonra içdə təmizlənmə yolu keçilir. Ömür arındıqca həqiqətə ehtiyac böyüyür. Bu ehtiyacın adı eşqdir. Aşiqlik qatına qalxan sufi üçün Allahla aradakı uçurum, sınır ortadan qalxır. Bizə görə dinin uzunömürlü olması sufizmin bu ölçüsünə borcludur.
İndi sufi yetişmir. Hər adam Allahı yanlış obrazlardan ayırmağı bacarmır. Bunun öyrətməni, mürşüdü yoxdur. Dindar Allahla alver edir. Ruhaniyyatı üzdəki (zahiri) gələnəklərlə eyniləşdirir. Yuxarıda dediyimiz kimi, bu prosesə din özü yön verib. Dinin baş kitabının “Ən-ənfal” (Qənimət) surəsindən də görünür ki, peyğəmbər özü öz dediklərinə əməl etməyib. Yəni dünya malına tamah salıb, nəfsini arındırmaq yolu keçməyib. “Ən-nəbə” (Böyük xəbər) surəsində insanları  maddi zənginliyə, həzzə, kefə, qadın şəhvətinə tamahlandırıb. Əslində dinini fantaziyalarla, yalanlarla qəbul etdirmək yolu tutub. O dünya həzzi, ya da o dünya qorxusu ən böyük fantaziyadır.
Dünya ilə, həyatla heç bir bağlılığı olmayan fantaziyalar insanları bir neçə yerə ayırır: 1) Bu fantaziyalara səmimi inanan naşı bir kəsim; 2) Bu fantaziyalara özünü inanan kimi göstərən spekulyativ bir kəsim; 3) Dindən gerçəkləşməli həqiqətlər uman kəsim. Söz yox, dinə baxışda bu kəsimlərin heç biri bir-birini anlamayacaq. Hərəsi dinə öz açısından yanaşıb Allahı öz şüuruna uyğun obrazlaşdıracaqdır. Əslində obrazlaşdırır da. Deməli, din sanki topluma deyir: Allahın əmrlərinə boyun əy, Allahın alleqorik, mifik dediklərinin alt qatındakı anlamı da özün öyrən. Biz bu tələbi anlayışla qarşılaya bilərik. Axı biz dedik, bir çox soruların cavabı “söz”də deyil, onu ömrə çevirməkdədir. İnsan həqiqət tələbləri ilə yaşayanda onun özü üçün bir çox sirlər açılır. Yəni soruların çözümü insanın doğru yaşamasına bağlıdır. İnsan Allah anlamına (əslində Mütləq olana) yetdikcə bütün fəzilətləri, xeyri, ədaləti tanımağa başlayır. Mütləqin tələblərindən uzaqlaşdıqca, Mütləqlə bağlı sirlərin doğurduğu sorular cavabsız qalır. Buna görə deyirik, dinin alleqorik, mifik dili həqiqətləri ziddiyətli deyir. Ziddiyətlər genişləndikcə (hər kəs özünün bəsit baxışı ilə yanaşdıqca, ziddiyətlər daha da çoxalır) toplum cəhalətin içində qalır. Yaşamda sağlam ölçü tapmırlar. Uydurmalarla özlərini  aldadırlar. Beləcə elmin çağdaş axtarışları ilə ruh dünyası arasında da uçurum yaranır.
Öncə də dedik, insanın doğal ruh ehtiyaclarını ödəmək elmin işi deyil. Din də cəfəngiyyatdan qurtara bilmədiyinə görə, doğal ruh ehtiyacını ödəyə bilmir. Elmlə dini birləşdirmək də olumsuzdur.
Alleqorik, mifik şəkildə deyilənlərin alt qatındakı anlamı hər kəsin özünün görməsi məsələsinə gəlincə, məsələn, ölülər diriləcək, sorğulanacaq, sınaqdan uğurla çıxanlar cənnətdə əbədi kef edəcək. Ya da mələklər ordusunun Allaha yardım etməsi, dərəcələrə bölünməsi (baş mələk, köməkçi mələk) i.a. kimi deyimlərin alt qatındakı anlamı necə bəlirləməli?! Axı yalanın alt qatı olmur. Yalan elə üzdəkidir (zahiridir). Bu cür hibrid deyimlər dində çoxdur. Hər kəsdən bu yalanları anlamağı istəyərsən, hərə öz yalanları ilə daha da uçurum yaradar. Yaradır da.
Dində ibadətin anlamı da belədir. Yuxarıda biz vurğuladıq. Məsələn, namaz qılmaq əslində Allahı insana daim xatırlatmaq üçün olmalı olsa da, müti şüur yaradır, qul psixologiyasını saxlayır. İnsanın özünə inanması, özündən istəməsi, Allahdan istəməsi ilə əvəz olunur. Burada Allahla insanın Birliyi (vəhdəti) olmadığı üçün Allahdan istəmək özgədən istəmək anlamındadır. İnsan kamilləşmək əvəzinə özgədən rahatlıq, kef istəyir.
Yenə yazının bu yerində bir sözardı (haşiyə) çıxmaq yerinə düşər.
Bütün dünyagörüşlərdə doğru olan yönlər var. Ona görə, ayrı-ayrı çağlarda hansısa düşünür insanlar bəzi baxışları sintez etməyə çalışıblar. Bəzi baxış yaradıcıları isə, özünün ortaya qoyduğu nəzəriyyəni, ideyanı bitkin, yetkin sayıb insanlara sunub. Ancaq yaşamın elə tələbləri olur, onları bütöv ödəmək baş tutmur. Sonucda yeni axtarışlar ortaya gəlir. Yuxarıda da dediyimiz kimi,  bəşər övladı əbədi sorulara cavab axtarır. İrəli sürülən ideyalar reallığı, gerçəkliyi qapsaya bilməyəndə, çatışmayan nizam parametrlərinə kimlərsə qıraqdan əkləmələr, artırmalar edib. Sonradan əkləmələr ilkin ideyaya girə bilirmi, yoxsa yamaqmı olur?! Baxışın özül prinsiplərinə tərsmi olur?! Bu, çox önəmlidir. Məsələn, xristianlıqda kilsə hökmranlığı İsanın özündə yox idi. Sonradan yönətimə gətirildi. Bu əkləmə getdikcə eybəcərliyə çevriləndə protestantizm ortaya çıxdı… İslamda da bənzəri şeylər baş verdi. Məsələn, sadə müsəlman Allaha boyun əyməyə çağırıldı – “özünü dikbaş aparıb Allaha qarşı çıxma”. Bu deyimin isə işlək mexanizmi bəlli olmadı. “Padşaha qarşı çıxma, o nə əmr etsə gözüyumulu boyun əy”. Belə bir çağırış realdır. Canlı varlıqlar arasında canlı münasibətdir. Ancaq gerçəklikdə gözlə görünməyən, duyulmayan bir varlığa qarşı davranmaq xülyəvidir. Ona görə, bu cür tələblərin qarşısında çaş-baş qalanlara qarşı zor işlədilib, fiziki cəza verilib. Yəni Allah anlamına özü bildiyi, anladığı kimi yanaşan ayrı-ayrı insanların əməlləri küfr sayılıb, cəzalara uğrayıblar… Ona görə deyirik, Allaha baxışı dəyişmək gərəkdir. Allah ideyası çelişkili düşüncələrin içinə atılıb. Bu çelişkilərin içərisindən aydın həqiqətə yetmək olumsuzlaşıb. Məsələn, Allahı bizim üçün obrazlaşdıran İslam dini bir çox “izm”lərin qarışmış etkisi ilə çıxış edir. Deyək ki, monoteizm (Tövhid), politeizm (mələklərə inam), dualizm (Allahla iblisin bağımsız başlanğıc kimi çıxış etmələri) etkiləri. Biz bu məsələlərlə bağlı geniş yazdığımız üçün təkrar davam etmirik (bax. “İnsanlığın İnam Yolu”, “Elm və təhsil” nəşriyyatı. 2013).
İnsana baxışı dəyişmək gərəkdir. İnsanı qul saymaq, alın yazısı ilə yönətilən mexanizmə çevirmək bəşəriyyətin heyvana yenilməsinə yön verir. İnsanın Allah anlamı ilə iç-içə olmasına qarşı çıxmaq dünyanı əyri saxlayır. Bundan sonra da bu cür yanaşmalarla düzəlməsi alınmaz.
Burada yenə bir əkləmə edək.
İnsana münasibəti aydınlaşdırmaq üçün Firon Allahlığı ilə Nəsimi Allahlığını bir-birindən ayırmaq gərəkdir. Ağanın, zalımın, despotun özünü Allah adlandırması ilə, özünü dərk etmiş, mənəvi kamilliyə yüksəlmiş, özünü Allah anlamı ilə dolmuş, birikmiş sayan insanı eyniləşdirmək olmaz.
İnsan həqiqi qiymətini tapmalıdır. Tapmasa, əbədi soruların kölgəsində itib-batacaq. Ona görə biz, Asif Atanın Mütləqə İnam Ocağı, İnsanlığın Bayrağını başımızın üzərinə qaldırmışıq. Bu Bayrağın “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!” carı insanı özünə İnam qüdrəti yaratmağa çağırır…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

22 Qürub Ayı, 44-cü il. Saray-Soylu.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv