Açuna çoxdan bəlli olan “ayir-buyur” imperiya prinsipi yalnız imperiya dövlətləri üçün deyil, eləcə də antixalq rejimləri üçün keçərlidir.Xalqa bağlı hakimiyətlər yer üzünün harasında olur olsun xalqın birliyinə çalışır- özünün bugününü, gələcəyini xalqın birliyində gördüyü üçün.Xalqı sevməyən, nəyə görəsə xalqa yad hakimiyətlər yalnız hansısa ölkə ilə savaş durumunda xalqın birliyini istəyir, o da yalnız özünü qorumaq üçün. Savaş bitəndən sonra o, yenidən xalqın birliyinə qarşı olur.Bu görsəniş gərəkirkən passiv, gərəkirkəın aktiv fazaya keçirilir.
Antidemokratik rejimlər o fazaların ikisində də görəvlə, mandatla ödülləndirdiyi, beləcə, yedirib-bəslədiyi tanınmışlardan yararlanır.Onlar da gərəkirkən passiv, gərəkirkən aktiv fazaya keçirilir.Deyək, başqa çağlarda az-çox xalqın çıxarlarına uyğun çıxış eləyən belələri rejimə gərəkən yerdə, tapşırığa uyğun olaraq, rejimin topdağıtmaz qala divarlarına çevrilməklə onu “düşmən hücumlarından” qoruyurlar. “Düşmən” isə rejimin antixalq politikalarına qarşı çıxan, gerçəkdən xalqa bağlı kimsələr olur.
Bu günlərdə ortaya dövlət qurumlarına bağlı ard-arda cinayət faktları çıxdı.Qabaqca Naxçıvandakı milyonlarla oğurluq faktları, ardınca çoxillik naxçıvanbaşının adına bağlı milyardlarla oğurluq faktı, onların ardınca baş nazirin birinci yardımçısı, ordu işlərinə baxan Yaqub Eyyubovun adına bağlı bir milyard dollarlıq oğurluq faktı.Bəlli olduğu kimi, bu, Y.Eyyubovun adına bağlı ilk oğurluq faktı deyildi; bundan qabaqlar da onunla bağlı ortaya böyük oğurluq faktları çıxmışdı.Onlar da ordu ilə bağlı oğurluqlar idi. Elə o çağlar ona cinayət işi açılmalı ikən, açılmadı.
Bu biri yandan da ortaya çıxarılan yeni antixalq qanunu.Belə desək, təhkimçilik hüququ.Rusiyanın proqressiv çarlarından sayılan III Aleksandr Rusiyada təhkimçilik hüququnu 1861-ci ildə aradan qaldırmışdı- yurddaş hüquqlarını pozan faktor olaraq.21-ci yüzildə Azərbaycanda nə baş verir? Yalançı bəlgələrlə ölkənin quru giriş-çıxış yolları qapadılır, bu azmış kimi, cərimələr uyğulanmaqla yurddaşların ölkə içində yerdəyişməsi qısıtlanır.Beləliklə, ölkədə xalqı soymağa yönəlik çoxsaylı cərimələr kateqoriyasının üstünə biri də gəlir.Burada da qazanan hakimiyət, itirən xalq olur.
Yaqub Eyyubovun 1 milyard dollar oğurluq pulunun Riqa bankında dondurulması sorağı sosial şəbəkədə alovlanma etkisi doğurur.Xalqın aclıq,yoxsulluq içində üzüldüyü ölkədə ortaya birbaşa hakimiyət adamlarına bağlı bir-birindən şaşırdıcı oğurluq faktları çıxır.Cinayət işi açılmalıdır- açılmır.Rusiya-Putin faktoru, eləcə də yüksək korrupsiyalaşma ilə bağlı açılmaq perspektivi də yoxdur.Bu arada ayır-buyur prinsipinə uyğun “at gedişi” edilir: ortaya Bəhram Bağırzadənin “bakılı-rayonlu” qarşıdurması yaradacaq çıxışı çıxarılır.Bakılıların da, rayonluların da DÜZÜNƏQULU çıxışları ilə tanıyıb sevdiyi doktor Rəşid Mahmudov ona yanıt verir.Ancaq nə yanıt? Qaş qayırmaq gərəkirkən göz çıxaran bir yanıt! Beləliklə, eldə deyildiyi kimi, “ara qarışır, məzhəb itir”.Bax, adına polittexnologiya deyilən o ilginc nəsnə budur: milyonlarını, milyardlarını oğurlamaqla onu yaman günə qoyan hakimiyətə, hakimiyət oğrularına qarşı çıxmalı olan xalq bölünüb parçalanmaqla dönüb özü özünə qarşı çıxır.
B.Bağırzadənin o çıxışı çoxdan elədiyini deməklə aranı səngitməyə çalışanlar da oldu, alınmadı.Birincisi, o çıxış (eləcə də o sayaq bölücü-ayrımçı çıxışlar) haçaq edildiyindən asılı olmayaraq hakimiyətə gərəkirkən aktiv fazaya keçirilməklə öz işini görəsidir.İkincisi, istər “rayonlu”, istər “bakılı” adından qarşıdurmaya atılanların çoxu, yazdıqlarından göründüyü kimi, primitiv düşüncə yiyələridir.Üstəlik, qarşıdurmanı qızışdıranlar arasında tapşırıqlı trollar da az deyil.
Kimlərsə “filankəs Azərbaycanın dəyərlərindəndir”, deyə, onu “linç” etməməyə çağırdılar.Bu, yaxşı çağırışdır, ancaq hamımız bilməliyik: yağıların yüz yerə parçaladığı xalqımızı birilərinin içimizdən də parçalamaları faktına dözümlə yanaşmaq təpərsizliyində buluna bilmərik: belələri kimliyindən asılı olmayaraq kəsinliklə qınanmalı, belə çıxışlar kəskin təpkilərlə qarşılanmalıdır.Hamılıqla bilməliyik: coğrafiya olaraq, xalq olaraq bizim bölünüb-parçalanmaq limitimiz çoxdan tükənib! Bu, rejimin antixalq xarakterli qaz limiti deyil; qaz limiti cibləri soyursa, qarşısı alınmayan bölünüb-parçalanmalar ürəkləri soyur!
Baxın, arxasında bəlli bir oliqarxın dayandığı APA B.Bağırzadənin çıxışı ilə bağlı Bakı küçələrində sorğu keçirməyə başladı.Xalqdan oğurlanan milyardlarla bağlı deyil, Bəhramın çıxışı ilə bağlı sorğu.Nə oldu? Bir çoxları gərəksiz bilərək sorğudan yayındı, bir bakılı xanım o sayaq çıxışları yersiz-gərəksiz saydığını bildirdi, kimlərsə də sorğu gərəyinə uyğun olaraq Bəhramı yamanladı.İndi gəlin düşünək: nəyə görə xalqdan oğurlanan milyardlarla bağlı sorğu keçirmək yerinə, Bəhramın çıxışı ilə bağlı sorğu keçirildi? Birinci istər-istəməz xalqı birləşdirən faktordur, ikinci ayıran, bölüb-parçalayan, qarşıdurmaya sürükləyən faktor.Nə etdilər? Özlərinə gərəkəni etdilər.
Xanımlar, bəylər, unutmamalıyıq: dünənimizin, bugünümüzün, gələcəyimizin ulusal-demokratik öndəri Məhəmməd Əmin Rəsulzadə… bakılı idi.
Xanımlar, bəylər, unutmamalıyıq: Azərbaycanın canlı Konservatoriyası, canlı musiqi Akademiyası, musiqi kültürümüzi göylərə ucaltmış Üzeyir Hacıbəyli… kənddən çıxmışdı.Ruhları incitməyin!
Dəyərə gəlincə, bizə bizi özünün ulusal-demokratik ideologiyası ilə birləşdirən-bütövləşdirən M.Ə.Rəsulzadə, bizə bizi özünün ulusal-demokratik yaradıcılıq ideologiyası ilə birləşdirən-bütövləşdirən Ü.Hacıbəyli kimi dəyərlər gərəkdir.Demək, birləşdirici-bütövləşdirici dəyərlər.
İstəsəniz, Bakımızla rayonlarımızın, rayonlarımızla Bakımızın birliyinə örnək olacaq başqa bir fakt.Məhəmməd Əmin Bəyin qurduğu dövlətin baş qəzetinin (“Azərbaycan”) başında çağının görkəmli ideoloqlarından biri olaraq tanınan Üzeyir Bəy dururdu.Düşüncəmizi genişləndirən Demokratik Respublikamızı yaradanla qanımızı coşduran “Koroğlu” operasını yaradan necə ayrılmazdırsa, biz də eləcə ayrılmazıq: ancaq qabaqcıl, sağlam düşüncəli kimsələr olaraq! Yeri gəlmişkən, Məhəmməd Əmin Bəyin qurduğu dövlətin himn musiqisini də Üzeyir Bəy yazmışdı.Himnsiz dövlət, musiqisiz himn olurmu?!