“Babəki verən xalqın özünü balaca sayması günahdır”

(14 mart Böyük Babəkin edam olunduğu gündür)

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi?

Ağşın bəy: Çox sağ olun bu söhbəti təşkil etdiyinizə görə. Məsələyə yanaşmaq üçün Babəkə qədər olan mühiti, tarixi vəziyyəti öyrənmək lazımdır. O faciəli dönəm 630-cu illərdən başlayır ki, ərəblər bizim bölgəyə basqın etdilər. 603-cü ildə Alban Hökmdarı Cavanşirlə Sasanilər birlikdə vahid bir ordu yaratdılar ərəblərin istilasına qarşı. Uzun müddət bu davam elədi. Sonra Sasani dövləti­nin parçalanması və zəifləməsi Alban ordusunun tək qalmasına gətirib çıxartdı. Cavanşir öz torpaqlarına, Azərbaycana dönür, ittihaddan ayrılır, hardasa 5 ilə qədər mübarizəsini davam edir. Bu dönəmdə yeni bir era başlayır. Ərəblər o zaman Azərbaycan ərazisinə gələndə yüksək səviyyədə inkişaf eləmiş bir millət idik. İstər musiqi cəhətdən, istər incəsənət baxımından, hətta memarlıq, heykəltaraşlıq baxımından. Ərəb bununla hesablaşa bilmirdi, ayaq­laşa bilmirdi, ona görə də qadağa qoyurdu. Qadağa qoymağa başladı, get-gedə yoxsulluq, işsizlik, səfalət baş alıb getdi. Tarixçilərimizin fikrincə, Babək 22 il mübarizə edib. Babəkin mübarizəsini 22 il yox, 200 il nəzərə almaq lazımdır. Çünki ərəblərin işğalından sonra biz 100 ilə qədər özümüzə gələ bilmədik. Onun təpkisini, yan etkisini bu gün də biz hiss edirik. 8-ci yüzilin əvvəllərində yoxsulluğun, səfa­lətin, əziyyətin qapsadığı millətin içində bir üsyan başladı. Bu üsyan şübhəsiz ki, iki şeylə əlaqədə olmalıdır. Biri obyektiv şəraitlə, o biri də subyektiv şəraitlə. 8-ci yüzilin ortaları, 9-cu yüzilin əvvəl­lərindən Xürrəmilik düşüncəsi ortaya çıxır. Xürrəmdinliyi araşdırsaq, onun kökünü Avestada görə bilərik… O zaman hər yerdə istilaya qarşı üsyan başlamışdı, amma əsas üsyan Babəklə başlamışdı. Babək ortaya çıxmaqla Azərbaycan bir dirçəlişə başladı…

 Yasin: Soylu bəy, bir sıra çağdaş yazarlar Babəki müsəlman hesab edir, onun dinə qarşı deyil, ərəb işğalçılarına qarşı mübarizə apardığını iddia edirlər! Siz necə düşünürsünüz?

Soylu Atalı: Əslində Babəki müsəlman saymaq, yaxud da müsəl­man sayaraq, guya ki, işğalçılıq faktına qarşı döyüşüb fikri, Azərbay­canda istər şifahi şəkildə, istərsə də yazılı şəkildə çox səslənib. Kökündən səhv hesab edirəm. Baxın, əgər Babək müsəlman idisə, onda Xürrəmdinlik nə demək idi?! Onda gərək Xürrəmdinliyi inkar eləyək. Əgər imkanları olsaydı, Xürrəmdinliyi inkar edərdilər. Xürrəm­dinlik Baxışının özü böyük bir təlimdir. Asif Ata deyir ki, Xürrəmdinlik fəlsəfəsi olub, onu ərəblər yandırıblar. Məsələ burasın­dadır ki, Xürrəmdinlik prosesini dayandıra bilməyiblər, məhv edə bilməyiblər. Bu gün də süni şəkildə çox çalışırlar ki, onu təhrif eləsinlər. Bizim, bir xalq olaraq, nəhayət ki, ağlımız başımıza gəlməlidir. Bütün sahələrdə öz milli dəyərlərimizə sahib çıxmağı bacarmalıyıq. Həqiqəti deməyi bacarmalıyıq. Həqiqəti deyə bilmirik. Həqiqət ondan ibarətdir ki, Babək öz dinini, öz dünyabaxışını bu xalqa verirdi, özünün dini dünyabaxışı əsasında xalqı gələcəyə apar­maq uğrunda mübarizə aparırdı. Ərəblərin “lailahəilləllah” bayrağı altında ərəblərin yürüşünə qarşı mübarizə aparırdı. Ərəb yalnız fiziki varlığı ilə qalmadı Azərbaycanda, dünyabaxışı ilə qaldı, prinsipləri ilə qaldı. Babəki müsəlman saymaq kökündən səhvdir. Eləcə də, guya Babək sovetlərin ortaya çıxartdığı bir faktdır. Guya sovet ateizminə bir xidmət faktı kimi ortaya çıxarıblar. Əvvəla, Babək ateist deyildi. Belə bir söhbət meydana çıxarıblar ki, kim dinə qarşı çıxırsa, o, ateistdir. Ateizm materialist baxışın ideoloji əsasıdır. Babək İnamçı idi. Ateist İnamçı deyil, ateist inanmır heç nəyə. Hər şeyi kökündən inkar edir. Babəkin Fərəhçilik İnancı var idi. O, öz qaynağını Zərdüştçülükdən götürmüşdü. Bir epizod kimi deyim, xalqımız Novruz bayramı keçirir. Təəssüf ki, bu Bayram da millilikdən qırağa çıxarılıb, siyasiləşdirilibdir. 90-cı illəri yadınıza salın. İstədilər Novruz bayramını dini, İslami hadisə kimi sırısınlar xalqımıza. Sonra görünür başa düşdülər ki, Novruz bayramını dini, İslami fakt kimi təqdim eləsələr, İslamın zərərinə olacaq. Çünki Novruz qədim türk bayramı olaraq, türk panteizminə dayanır. Od çərşənbəsi, Su çərşənbəsi… bunlar hamısı panteizmlə bağlıdır. Özünü monoteist elan eləyən İslam üçün panteizm ortaqlığı onun zərərinə olacaqdır. Çox böyük ehtimalla, o məsələdə İranın da təsiri oldu. Demək, əvvəl çalışdılar dinə bağlamağa. Qafqaz Müsəlmanalrı İdarə­sinin inhisarında görmək istədilər, hansı ki, hakimiyyətin buyru­ğunda dayanır. Alınmadı, özünü doğrultmadı. Birmənalı şəkildə bu dəyəri təhrif eləyə bilmirsən, məzmun imkan vermir. Ona görə dedilər ki, bu, milli bayramdır. Amma nə yazıqlar ki, sonra Novruzu yenidən millilikdən çıxartdılar, beynəlxalqlaşdırdılar. Beynəlxalq­laşdırmaq Novruzu təhrif eləməkdir, o, milli dəyərdir. Türkiyə ilə mən beynəlxalq oluram? Bu cür təhrif eləmək qədimdən davam edir. Ya təhrif olunuruq, ya da inkar olunuruq. Babək də bu sıradan. Kitablar yazırlar, ona müsəlman adı qoyurlar, hətta deyirlər Babəkin ordusunda müsəlman ərəblər döyüşürdü. Müsəlman ərəb kimlə döyüşürdü? Onları özlərinin müsəlman imperiyaları ilə döyüşməyə nə yönəldə bilərdi? Bu avantüradır. Babəkin Xürrəmdin­liyi var idi, Xürrəmdinlik isə fərəh deməkdir. Ona da farslar çox yamaq vurdular, böhtan atdılar. Guya Babək atası-anası bəlli olmayan birisi idi, əxlaqsız idi, yığışardılar bir otağa, qadın-kişi fərqinə varmazdılar… Babəkə qarşı əxlaqsızlıqdı bu. Guya Xürrəm sözü eyş-işrət deməkdir. Xürrəm sözünün bir mənası da fərəh demək­dir. Babək fərəh mənasını qəbul eləmişdi. Babək kimi döyüş­kən, qəhrəman, azadlıq peyğəmbəri, necə ola bilər ki, dünyabaxışının adını eyş-işrət qoysun. Bunların hamısı Babəkə qarşı atılan böhtandır. Bizi zəminsiz qoymağa çalışırlar. Bir xalq olaraq, bütün dəyərlərimizi kölgədə qoymaq, gözdən salmaq niyyəti daşıyırlar. Sübut eləməyə çalışırlar ki, biz, xalq olaraq, havadan asılıyıq. Dəyərimiz qeyri-müəyyən, sifətimiz bəlli deyil, simamız bəlli deyil. Ona görə bu cür dağınığıq, bir araya gələ bilmirik. Bunu sübut eləməyə çalışırlar, bunu təbliğ eləməyə çalışırlar. Biz də, bu millətin övladı olaraq, bu təbliğatı ifşa edirik. Deyirik ki, Babək Azərbay­canın həm fiziki azadlığı uğrunda, həm milli-mənəvi azadlığı uğrunda mübarizənin başında dayanmışdı, özünün dünyabaxışı var idi və o, öz dünyabaxışı ilə bütün ərəb dünyasını sarsıtmışdı – Fərəhçilik İnancı ilə, az bir qüvvə ilə, Asif Atanın dediyi kimi, başı Bağdadda, ayağı Hindistanda olan ərəb ordusunu. Nədən güc alırdı? Xürrəmdinliyindən. Ata deyir, Ənəlhəqdən öncəki ənəlhəqliyimizdi Xürrəmdinlik. “Mən içimdə Şirvin gəzdirirəm” o deməkdir. Şirvin qüdrət Allahı idi. İçində Şirvin gəzdirmək – həqq mənəm deməkdir. Ondan sonra Mənsur Həllac dedi ənəlhəqq, Nəimi dedi, Nəsimi dedi. İçində Şirvin gəzdirdiyini, buna görə yenilmədiyini Babək demişdi. Bəşər tarixində heç bir xalqda Babək “Ənəlhəqliyi” olmayıb. Bu, Azərbaycan deməkdir, bu nicat deməkdir, xilas deməkdir, zəmin deməkdir, bunu qoymamalıyıq uçurmağa.

 Yasin: Belə nəticə çıxır ki, xalqı öz gözündən salmaq üçün Babəkə qarşı bu cür iftiralar atılır.

Soylu Atalı: Həmin adamlara baxın, – Babək haqqında yazan­lara. Ayrı-ayrı adamlar, Azərbaycanda fəaliyyət göstərən təriqətlərin etkisi ilə, pulu ilə, müsəlmanlıqdan qorxub, usanıb Babəki onun ayağına verirlər. Türk adı onlara yaraşmır. Nə qədər sərt səslənsə də deyirəm, Babəki müsəlmanlaşdırmağa çalışanlar Türk sifətini itirmiş adamlardır.

Yasin: Xaliq bəy, bu gün Güney Azərbaycanda İstiqlal mücahid­ləri Səttərxan inqilabına deyil, 100 illər öncə mübarizə aparmış Babəkin varlığına üz tuturlar, sizcə bu təsadüfmüdür, yoxsa İranın əsas silahı olan İslam rejiminə etiraz?

SAM_4389-500x375

Xaliq Bahadır: Babəklə bağlı çox yazılıb, çoxu da düşmən düşərgəsindən yazılıb. Ona görə də biz Babəki olduğu kimi tanıya bilməmişik. Mənim Babəklə bağlı öz fikirlərim var, o cəhətdən çıxış eləmək istəyirəm. Mənim düşüncəmə görə, Babək Dədə Qorquddan başlayır. Onu da deyim ki, Kitabi-Dədə Qorqud kitabının adı ilə içində yazılanlar düz gəlmir. Mən bunu dəfələrlə demişəm, “Dədəm Qorqudun Kitabı” olmalıdır adı. Kitabın içi türklükdür, ora sonradan katiblər əlavələr ediblər. Kitabda baş verənlər Türk Dünyasıdır, türk xarakteridir, Göyçə Gölünün çevrəsidir, bugünkü Ermənistan.

Babəkdən yazmaq istəyən Dədə Qorquddan başlamalıdır. Xür­rəm­din­likdən əvvəl Məzdəklik olub. Tarixdə Babəkin bir adı da Babək Məzdəkidir. Məzdəklik də Zərdüştlüyə dayanırdı. Elə bil bir-birinə bağlı türk ideologiyasıdır. Babəkə vurulan damğalar hamısı ərəbin, farsın vurduğu damğalardır. Babəkdə olan – Dədə Qorqudda olan idi. Düşmənlə vuruşurlar, sonra qayıdıb 7 gün, 7 gecə kef edirdilər, amma əxlaqsızlıq eləmirdilər. Xanlar xanı Bayandır xandır, bu günlə götürsək, Prezidentdir. Gəlir Salur Qazan – ordu koman­danı, baş baxan (nazir) kimi gedir. Dədə Qorqud – İdeoloji liderdir. Toplum demokratik toplumdur. İndi deyirlər, demokratiya bizə Avropadan gəlib, elə deyil. Demokratiya Avropaya türklərdən gedib. Dədə Qorqud 12 boydu, başdan-ayağa demokratik toplumdu. Yönətim demokratikdir, yaşayış demokratikdir. Yeyirlər, içirlər, hər şey də normadadır, bir dənə azğınlıq yox, bir dənə pozğunluq yox. İdeal bir toplumdur. O gəlir Babəkə çıxır. Ərəblər bura gəlib çıxdılar 7-ci yüzildə. Uzun illər burada gəzdilər, dolandılar, bir şey olmadı. Azərbaycandan çox adam girmişdi İslama. Belə danışırlar, guya bizim dinimiz olmayıb, bütünlüklə yalandır. Türklər yaranışından dinlə doğulub, amma bu nə din olub? Tanrıçılıq dini olub. Dədə Qorqudda da o var, Babəkdə də o var. Ərəblər gəlmişdilər, dinlərini yayırdılar, bir kimsə bir söz demirdi, bu da bizim demokratik­liyimizdən irəli gəlirdi. İndi Avropa bizə aşılayır tolerantlıq. Dözüm bizdə olub, bu gün də o bizdə var. Sonra nə oldu? Babək çıxdı ortaya. Babəkdən qabaq Cavidan çıxmışdı ortaya. 807-809-cu ildə Azərbaycanda ərəblərə qarşı qalxmağa başladı. Baxın, neçə yüz ildən sonra. Niyə, ona görə ki, ərəblər getdikcə azğınlaşdılar. Bilirsiniz ki, ərəblər tarixdən pozğun olublar. Bunu bütün dünya bilir. Bunlar bu pozğunluğu gerçəkləşdirməyə başladılar. Başladılar evlərə soxulma­ğa, qızları, gəlinləri aparmağa, başladılar vergiləri artırmağa, soyğun­çu­luğa. Bizdə belə şey yox idi. Bizdə Məzdək ideologiyası yayılmış­dı Zərdüştdən sonra, hamısı da bir-biri ilə bağlı idi. Bugünkü anlayışla desək, onların ideologiyası sosialist ideologiyası idi. Özəl mülkiyyəti tanımırdılar, torpaq kəndlinin olmalıdır, paylar bölünməlidir. Nizami deyir ki:

Bizdə ayrı deyil, kimsənin malı,
Bərabər bölərik bütün malları.

Nizami bunu özündən demir, bunu ordan götürüb, Azərbaycanda yayılmış o ideologiyadan götürüb. Bunlar başladılar bizi əməlli-başlı istismar etməyə, ərəblər. Bizdə də belə şeyləri götürmürdülər. Onda başladılar qalxmağa Cavidanla birgə. Cavidandan Bayrağı götürdü Babək – 816-cı ildə, bilirsiniz. Geyimləri də qırmızı idi, bayraqları da qırmızı idi. Ona görə də tarixə bunlar qırmızılar kimi düşüblər. Tarixdə ilk qırmızı bayrağı biz qaldırmışıq. Başlanğıcda 20 min idi Babəkin ordusu. Ərəblərin 100 minlik ordusunu darmadağın elədi. 300 minlik ordu gəldi, yenə də Babəklə vuruşa bilmədilər. Əxlaqsız adam döyüşə bilərmi? Top yox, tüfəng yox, əxlaqsız adam qolnan o savaşı apara bilərdi? Bu qədər xalqı birləşdirə bilərdi? Biz bir dənə güclü partiya yarada bilmirik bu gün. Babəkçilər torpağı yağının əlindən alıb, kəndlilərə paylayırdı. Bu onların qanından, canından gəlirdi. 6 ordunu darmadağın etdilər, sonra ərəblər gördülər buna heç cür davam gətirmirlər, Afşini Babəkə qarşı qoydular. Afşinlə də anlaşa bilmədi Babək, uduzdu. Babək bir lider kimi uduzdu, ideologiya kimi uduzmadı. Ona görə ki, Babəkin ideologiyası Babə­kin kökünə bağlı idi. Babək öldürüləndən sonra, Xəlifə Mötəsim belə buyurur ki, Azərbaycandan köçüb getmək istəyən kişilərə hər cür şərait yaradılsın. Birinci döyüşdə 10 min ordunun qarşısında Babəkin çox az ordusu var idi. Ərəblər birinci dəfə əsir düşənləri öldürürdülər, cox səviyyəsiz. Tarixdə belə şey olmayıb. Tanrıçı türklər heç vaxt əsir götürdüklərini öldürmür­dülər, əsir saxlayırdılar. O adam istəsəydi, gedə bilərdi öz xalqının içinə. Ərəblər türkləri əsir götürdükdə sonadək qırırdılar. Mötəsimin buyruğu nə idi, kişilərə şərait yaradılsın, kişilər ölkədən getsin, qadınlar qalsın ki, ölkəni ələ alsınlar. Bu gün Babək istənilən xalq üçün baş ucalığıdır. Babəki dəyərləndirə bilməmişik. Babək dünyanın ən böyük komandanların­dan biridir. Babəkin Bizansla danışıqları var idi. Bu gün Avropa bizi aldatdığı kimi, Bizans da Babəki aldatdı. Gəlmədilər, dönüklük elədilər, Babək təkləndi yenə. Azərbaycan xalqı bu gün də təklənmiş durumdadır. Bu gün Güney Azərbaycanda bir oyanış var, bu yalnız Babəkin adıyla bağlı deyil, həm də onun ideologiyası ilə bağlıdır. Bu ideologiya Azərbaycana gərək olan ideologiyadır. Azərbaycanın birliyi də daha çox bu ideologiyaya bağlıdır. Adına Zərdüştlük deyiblər, Babəklik deyiblər, Məzdəkilik deyiblər, Dədə Qorqud deyiblər. Bu bizim qanımızdan, canımızdan, genimizdən gələn bir ideologiyadır.

Yasin: Ağşın bəy, çağdaş mücadilə üçün Babəkin mübarizə dönməzliyi milli ideoloji baza rolunu oynaya bilərmi?

Ağşın Ağkəmərli: Dostlarımız yetərincə bu məsələ ilə bağlı fikirlərini dedilər. Ataların belə bir məsəli var, keçmişinə xor baxan, gələcəyinə kor baxar. Ancaq bu, o demək deyil ki, onu əsas götürək. O dövrlə bu dövrdə böyük fərq var idi. Ancaq bu günləri o mayə itmir. Necə ki, Babəklə bağlı məsələ vurğulandı ki, bunun kökü Zərdüştlə bağlıdır, Tanrıçılıqla bağlıdır, Dədə Qorqudçuluqla bağlı­dır, o gəlir öz təcəllasını, üstünlüyünü Babəkdə tapır. Bunda dayan­mır, sufilik gəlir, hürufilik gəlir. Həmin xətt davam eləyir. Bu gün də dayanmaq yox, davam eləmək lazımdır. Biz yaxın tariximizə nəzər salmalıyıq. Yaxın tariximizin vasitəsiylə millətləşməyə doğru getmə­liyik. O ideologiyanı əldə eləməyincə, biz gələcəyi itirmək təhlü­kə­si ilə üz-üzə qalacağıq. Asif Ata İdeyaları bu gün bizim baxışmızda önəmli yer tutur, o fikrin nəticəsidir ki, biz gələcəyə ümid bəsləyə bilirik. Əgər biz ideoloji məsələsində özümüzü kökləməsək, öz dəyərlərimizdən, düşüncələrimizdən qaynaq almasaq, şübhəsiz ki, gələcəkdə yenə də itirəcəyik. İndi Türk milləti öz tarixinə yaddır, kökünə yaddır, özgəliyə köklənə bilir. Bu gün bir sistem ortada var, biz yeni eranı başlaya bilərik. O yeni era mənim üçün Asif Atanın ideyalarından başlayır. Biz xalqımızı səpələnməkdən qurtara bilərik, didərginlikdən çıxara bilərik. “Göl”un ətrafında xalq birləşmir, “Bəzz Qalası”nın ətrafında xalq birləşmir. Bu məsələləri bəzi cəhətlərdə qiymətləndirmək olar, etiraz kimi götürmək olar, amma bu, millətləşmə deyil, məsələyə düzgün diaqnoz qoymaq lazımdır. Millətləşməyin doğru yolu olmadan biz heç vaxt sağlam bir dövlətçiliyə çata bilməyəcəyik.

 Yasin: Babəkçilik çağdaş Quzey Azərbycan üçün nə deməkdir, və yaxud da nə demək olmalıdır?

Xaliq bəy: Bir şey yadımdan çıxdı demədim, elə bu suala da aiddir. Demokratik Respublika 18-ci ildə Azərbaycanda qadınla kişiyə eyni hüquq verəndə, Avropanın ölkələrində bu yox idi. Bunu bizə Avropa öyrətmək istəyir. Amma bizim Demokratik dövlətimiz gələn kimi, qadına eyni hüquq verdi, bilirsinizmi hardan gəldi, Dədə Qorquddan gəldi bu. Ağşın bəy düz deyir, tariximizi bilmirik, deyirik ki, bu nə cür oldu ortaya gəldi. Tarixi bilməmək bizim hər birimiz üçün utancdır. Dədə Qorqudda bu var. Türk min illər boyu qadına yoldaş kimi baxıb. Bu, türk mədəniyyətidir. Demokratik respublika Dədə Qorqudda yaranmışdı, sonra Güney Azərbaycanda yarandı. Xiyabani hərəkatı oldu. Bu gün də Güney Azərbaycanda gedən proseslər demokratik proseslərdi. Çoxları deyirlər ki, bunu biz Avropadan götürürük, Avropadan götürmürük. Atillanı oxuyursan, onların diplomatları Atilladan nələr götürürlər, mədəniyyət götürürlər. Ona vəhşi kimi baxırlar, sonra gedib görürlər ki, türk böyük bir mədəniyyətin yiyəsidir. Diplomat yazır ki, ziyafət verirlər, hamının qabağına yemək qızıl boşqabda, qızıl çəngəldə gəlir, bircə Atillanın qabağına sadə qabda gəlir. Çıxıb baxır ki, hamının atının yüyəni qızılla işlənmədir, Atillanınkı sadədir. Soruşur, bu nədir? Deyirlər ki, xalqın başında duran, xalqın qulluqçusu sayılır. 4-cü yüzildən gedir söhbət, biz bunları bilmədiyimizə görə, elə bilirik ki, hər şeyi Avropadan götürməliyik. Biz elə bir mədəniyyət yaratmışıq ki, onların üstündə özümüzü formalaşdıraq, millətimizə gərək olaq. Bu gün biz çox geri qalmışıq. Təbii ki, bütünlüklə tarixə qapanıb qalmaq olmaz, ancaq yaxşı nə var, hamısını götürməlisən. Biz Quzeyli-Güneyli yeni Azərbaycan qurmalıyıq. Mənim belə bir çağırışım var: yeni, bütöv, özgür, demokratik Azərbaycan. Belə bir Azərbaycan üçün Babəkçilikdə üstün nə varsa, götürməliyik.

 Yasin: Soylu bəy, Babəkçiliyi qorumaq hansı anlamı daşıyır?

 Soylu Atalı: Bizim dəyərlərin hamısını qoltuqlara çəkirlər, İslam Azərbaycana gələndən sonra bütün dəyərlərimizi onun kölgəsində verirlər. Bunu dərk eləmək gərəkdir. Ərəb mənə necə mədəniyyət gətirə bilərdi ki, 7-ci yüzildə onun mədəniyyət deyilən bir şeyi yox idi. Həqiqəti qırağa qoyub, 20-ci yüzilimizdə yenə də cəhalətlə yaşamaq, bu ayıb bir məsələdir. Xaliq bəy deyir ki, biz Avropadan, demək olar ki, heç nə götürməmişik, mən qəbul edirəm o sözü. Biz yalnız demokratiya sözünü götürmüşük. O demokratiya sözü ki, o, türk insansevərliyi sözünün əvəzinə işlədilir. “Türk İnsansevərliyi” sözü demokratiya sözündən daha əsaslı sözdür. Dədə Qorqudda da var, Koroğluda da var. Dədə Qorqud özü böyük bir həyat sistemidir. Orda xalqın yaşaması üçün bir sistem mövcuddur. Koroğlu xalqın talanmış malını özünə qaytarırdı. Dastanın bütün boyları onu deyir. Bütün bəşər xalqlarının mədəniyyəti dayanır əsatirə, biz canlı həyata dayanırıq, əzizlərim. Koroğlu canlı həyatdır, Dədə Qorqud canlı həyatdır, Babək canlı həyatdır. Tariximizdə İnsanın Haqqı deyilən bir həqiqət var idi ki, insanın xalq olmaq imkanını tanımaq deməkdir. Hər bir insan özündə xalq olmaq keyfiyyəti gəzdirir, o, ölüb gedən cəmdək deyil. Babək özü xəlqi keyfiyyətdir, xəlqi mahiyyətdir. Hər bir fərdin xalq olmaq imkanına sayğı duymaq lazımdır. Tarix boyu Türk haqq anlayışına tapınıb. Hüquq oyundur. Ruhaniyyat xalqıyıq biz. Babəkçilik Ruhaniyyat hadisəsidir. Xürrəmdinlik Ruhaniyyat faktıdır, Dədə Qorqudluq Ruhaniyyat faktıdır. Asif Ata deyir ki, semitlərdə peyğəmbərlik nədirsə, bizdə Dədə Qorqud da, ağsaqqallıq da odur. Yol göstərən idi, öyüd verən idi, kamilləşdirən idi. Hamısı semit peyğəmbərliyindən yüksək hadisələr idi. Babəki qorumaq – Xalqı qorumaq deməkdir. 9-cu yüzili bu günə gətirə bilməzsən, heç gərək də deyil. Çox təəssüf ki, Babək fakt olaraq tarixdə qalıb. Biz, xalq olaraq, suçluyuq ki, Babəki həyat sistemimizdə inkişaf etdirə-etdirə bu günə gətirib çıxarda bilməmişik. İndi birdən-birə bu günə gətirə bilmərik, amma tarixdən götürüləsi çox şeylər var, – döyüşkənlik, yenilməzlik, fərəhçilik. Bu, tarixdə qalmır, bu, sabaha gedir. Babəki qorumaq – xalqı qorumaq deməkdir. Babəkin keyfiy­yə­tini qorumaq, xalqda yeni keyfiyyətləri aşkarlamaq deməkdir. Bu gün bizi başı-ayağı bilinməyən sürüyə ceviriblər. Sabahı-dünəni bilinməyən duruma salıblar. Bizim, xalq olaraq, inkişaf etməyimiz üçün həmin zəmin bizə lazımdır. Bizim inkişafımızın mayasında olmalıdır həmin xəlqi keyfiyyətlər. Yoxsa, biz bu cılızlıqdan çıxa bilməyəcəyik. Biz Babəkə dönüb baxanda Azərbaycan xalqının böyük bir fərəhçilik, qəhrəmanlıq, hətta peyğəmbərlik mahiyyətinə baxmalıyıq. Babək peyğəmbər idi. O cür yanaşmalıyıq. Onda biz içimizdə güc tapa biləcəyik. Bu xalqı ayaqda saxlamaq üçün, onu millətləşdirməkdən ötrü çox böyük əsasdır.

 Yasin: Soylu bəy, farslar İslamı könüllü qəbul etsəydilər, Babəkə münasibəti necə olardı? Bugünkü çirkablığı kimi olardımı?

 Soylu Atalı: Farslar İslamı könüllü qəbul ediblər, türklərdən fəqli olaraq. Niyə? Zərdüşt türk hadisəsidir, türk faktıdır. Əhəmənilər dövründə Zərdüştün təhrif olunmasını da bilirik. Ona görə təhrif olundu ki, farsların xarakterinə uyğun deyildi. Əhəmənilərin hökm­darı öz bacısıyla evlənmək üçün Zərdüştün “Yasnaları”na müdaxilə elədi. Bunu sonra türklərin adına dedilər. Bu qəti yalandı. Farslar çox gözəl bilirdilər ki, barbar ərəblərin etkisində olmayacaqlar. Türkün dünyabaxışının etkisi altında isə assimilyasiya ola bilərlər. Sonra İslam gələn kimi Zərdüştlükdən əl çəkdilər və İslamı qəbul elədilər. Amma türk davamlı şəkildə İslamla mübarizə apardı…

 Yasin: Suallarımızı səmimi cavablandırdığınıza görə hər birinizə təşəkkür edirəm.

SAM_4380-500x375

SAM_43901-500x375

SAM_4381-500x375

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv