Ürəyinizdə Günəşi olsun!
Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm.
Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də CHP-nin başqanı Kamal Kılıçdaroğlu. Bu dörd adamın arasında seçki çəkişməsi gedir. Gələn ayın (mayın) 14-ü seçki keçiriləcək. Mənim Ərdoğana münasibətim kəskin şəkildə pisdir. Çünkü Ərdoğan Türkiyəni, Türklüyü hər yöndən məhv eləyib. Dövləti pis duruma soxub, baxmayaraq ki, Türkiyədə bəzi silah sənayesinin gəlişməsi onun hakimiyyəti dönəmində qabağa getdi. Ərdoğan hakimiyyətdə olmasaydı belə, o məsələlər öz çözümünü tapacaqdı. Onu Ərdoğan edib, düz edib. O demək deyil ki, hakimiyyətin başında duran ancaq pis işlər görməlidir, yaxşı işlər də görməlidir axı. Ancaq hansısa yaxşı işləri, Türkiyəni gətirdiyi duruma görə, onun günahını yumur. Ona görə mən Ərdoğan rejiminin getməsini istəyirəm. Ərdoğan rejimi qaldıqca Azərbaycan rejimi də qalır. Azərbaycan rejimini qoruyur (Putinlə birgə). Bir-birini qoruyan bu rejimlər antimilli rejimlərdir.
Ancaq kimin olması məsələsinə gəlincə, Ərdoğandan qıraqda olanların heç biri mənim idealım deyil. Sadəcə Türkiyə bu antimilli gedişlərdən qurtulmalıdır. Belə baxmaq zorundayam. Hələki 6-lı masa deyirlər, 6 partiyanın yaratdığı birlik üstünlük qazanır. Bunların başında Kamal Kılıçdaroğlu durur. Bu dönəmdə bunların udması Türkiyənin xeyrinə ola bilər.
Kamal Kılıçdaroğlu haqqında çoxsaylı əks təbliğatlar yayıb gözdən salmağa çalışırlar. Ancaq görünən odur, tərbiyəli, arı bir siyasətçidir. Heç bir maxinasiyalarda adı hallanmır. Milli kimliyinə də damğalar vururlar. Ana nənəsinin erməni olduğu iddia olunur. Bu da hələ təsdiqini tapmayıb. Özü çıxışlarının birində Xorasan türkü olduğunu bildirmişdi. Lap ana nənəsi erməni olsun. Kılıçdaroğlu kimi adamlar Türkiyədə erməniliyə çalışa bilməzlər. Məsələ Azərbaycanda olduğu kimi deyil. Türkiyə oturuşmuş bir dövlətdir, ermənilik rolu oynamasına çevrəsindəkilər yol verməz. CHP-də olanların hamısının nənəsi erməni deyil. Üstəlik bu gün İstanbul Böyük Bələdiyyə Başqanı Əkrəm İmamoğlu ilə Ankara Böyük Bələdiyyə Başqanı Mansur Yavaşın reytinqi Türkiyədə çox yüksəkdir. Xalqın arasında onlara böyük sayğı var. Özəllikcə Əkrəm İmamoğluya sevgi getdikcə artır. Onlar Cümhuriyyət Başqanlığına adayın yardımçıları kimi nəzərdə tutulub. Yəni Batı anlayışı ilə desək, vitse prezident kimi nəzərdə tutulublar. Bundan başqa, nədən 20 ildi Türkiyənin başında duran gürcü Ərdoğana kimlik suçlaması bildirilmədi (arvadı Əminə Ərdoğan da ərəb soyundandı), ancaq Kılıcdaroğlunun etnik kimliyi, inanc kimliyi bu qədər sorğuya çəkilir. Burada güclü məkrin olması açıq görünür.
CHP-ni PKK ilə iş birliyinə görə suçlayırlar. Elə bir şey yoxdur. HDP kürdlərin partiyasıdır, başında Dəmirdaş var, o da hal-hazırda tutulub. 6-lı masada HDP yoxdur. 6-lı masada Kılıcdaroğlu var (CHP), Maral Akşənərdi (İyi partiya), Səadət partiyasından Təməl Qaramollaoğludur, Ahmed Davudoğlu (Gələcək partiyası), Ali Babacan (Demokrasi və Atılım partiyası), Gültəkin Uysal (Demokrat partiyası). 6 partiya var, burada HDP yoxdur. O ki qaldı, HDP ilə nələrdəsə anlaşmanın olması, bu qaçılmazdır. Mən ruhaniyyatçıyam, Ocaqçıyam, mən Mütləqə İnamçıyam, mənim üçün “ya hər şey, ya heç nə” prinsipi əsasdır – mənəviyyatda, əxlaqda, millilikdə, bəşərilikdə, insanlıqda. Ancaq bu siyasətdir, bu reallıqdır. Bu reallıqda, siyasətdə gərəkən addımlar atılmasa uduza-uduza gedirsən. Gərəkən addımlar da nədir, kimlərləsə nədəsə uzlaşmalısan. Kürdlər az deyil, kürdlərin çoxlu səsi var. Bu səsi itirmək elə seçkini itirmək deməkdir. Kürdlərin hamısını PKK-lı deyib dışlamaq olmaz, bunlar Türkiyənin vətəndaşlarıdır. Ona görə kürdlərin səsini əldə eləmək gərəkdir. HDP ilə də üç-beş millət vəkili məsələsində anlaşma olarsa olsun, yenə deyirəm, bu qaçılmazıdr. Ona görə bu cür məsələlərdə sağ-sol suçlamaları doğru saymıram. Yetər ki 6-lı masa qalib gəlsin, Ərdoğan hakimiyyətdən getsin. 6-lı masada Əhməd Davudoğlu ilə Əli Babacanın olması heç mənim də ürəyimdən deyil. Çünkü onlar Ərdoğanla birgə hərəkət ediblər, birgə çalışıblar. Baxmayaraq onlar deyirlər, “biz hakimiyyətdə olanda Ərdoğan Türkiyənin çıxarlarına uyğun çalışırdı. Elə ki Ərdoğan təkbaşına başladı Türkiyəni yönətməyə, dövlətin çıxarlarına qarşı getdi, onda biz ayrıldıq”. Bu məsələni burada geniş açmağa gərək bilmirəm…
Qarşıda başqa bir Birlik (ittifaq) yaradıblar: Ərdoğanın AK partiyası, Millətçi Hərəkat partiyası, Hizbullahın uzantısı olan HÜDA partiyası, Böyük Birlik partiyası. Bir də keçmiş Baş Baxan Bülent Ecevitin Demokratik Sol partiyası (DSP) ilə əməkdaşlıq qurublar. Onunla Kılıçdaroğlu da danışdı, nəsə anlaşmaq istədi. Bir gün sonra DSP-nin başçısı Ərdoğanın partiyası ilə anlaşmağa getdi, yəni belə bir sürüşkənlik elədi. Məhərrəm İncənin Məmləkət Partiyası təkbaşına qatılıb. Sinan Oğan isə “Ata İttifaqı”nın adayıdır. Bu Birlikdə (İttifaqda) 4 partiya var: Zəfər partiyası, Ədalət partiyası, Ölkəm partiyası, Türkiyə Alyansı partiyası.
Burada çəkişmə nədir, indiyə qədər heç o partiyaların çoxu üzdə yox idi. Ancaq hər bir partiyanın 0.5-1,8 % səsləri olub xalqın içində. Bunlar da üst-üstə yığılanda 7-10 % edir. Bunlar əsas güclərdən hansının yanında olsalar həmin güc üstünlük əldə eləmiş olur. Ona görə də xırda partiyalarla danışmalı, işləməli olurlar. Başqa sözlə, siyasi alver danışıqları aparırlar – hansı partiyaya neçə mandat (deputat yeri) veriləcək, seçkidə uduş olduğu halda, dəstək verən kiçik partiya başqanları dövlətin hansı görəvində yer alacaq i.a.
Bu gün gediş onu göstərir, 6-lı masa üstün görünür. Aparılan anket sorğuları bunu deməyə əsas verir. Ərdoğan maxinasiyalar eləməsə, iç savaş başlatmasa, ayrı-ayrı oyunlara getməsə 6-lı masa seçkilərdə uda bilər. (Bu seçkilərdə həm də millət vəkilləri seçiləcək). 6-lı masanın üstün görünməsi Ərdoğanın davranışlarında da özünü göstərir. Ərdoğan çox rahatsızdır, həm də çox həqarətli danışır, təhqirlərə, ucuz təbliğatlara meyil edir. Bu rahatsızlığı üzündəndir, baxanlarını (nazirlərini) ayr-ayrı bölgələrdən millət vəkili eləməyə çalışır ki, onlara da, özünə də toxunulmazlıq əldə eləsin. Deməli, bu seçkidə udacağına inanmır. Türkiyə toplumunda Ərdoğanın yalanlarını anlamağa başlayıblar. Yəni Türkiyədə belə bir durum var…
Soylu Atalı. Türkiyədə seçki sürəci
Aprel 21st, 2023 admin