Dil bazarçısı yalandır, varmazam bazarına,
Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına.
Nəsimi
Başlıca müxalifət partiyaları olaraq tanınan iki partiya- Müsavatla AXCP- qarşıdakı prezident seçkisiylə bağlı BOYKOT qərarı verdi.
İstənilən partiyanın istənilən politik, toplumsal durumla bağlı istədiyi kimi qərar vermək hüququ var- burası bəlli. Ancaq burada adı çəkilən iki partiya ilkin yaranış baxımından, eləcə dəideya-politik missiya baxımından Xalq hərəkatına, Məhəmməd Əmin yoluna bağlı partiyalar sayıldığından bu iki partiyaya toplumsal (onların ərəbcəsində- ictimai) yanaşma başqa partiyalarla bir tutula bilməz.
Nə üçün? Bu iki partiya bizim ortaq əməyimizin törəməsi olduğu üçün. O üzdən birilərinin bu iki partiya ilə bağlı ən sağlam ələşdiriləri belə yasaqlamaq istəyi bütünlüklə yersizdir. “İndi niyə bu partiyada deyilsən?”- sorusu yalnız partiyadan satılıb gedənlərə verilə bilər, partiyalarda gələ-gələ önə çıxmış, normaya çevrilmiş antidemokratik görsənişlərə, antidemokratik ortama görə deyil.
Bir daha vurğulamaq gərəkir: birilərinin mənəmlik hikkəsiylə topluma aşılamaq istədiyi kimi, bu partiyalardan hamı “satıldığına”, “mübarizədən yorulduğuna” görə getməyib- antidemokratik ortam dışlamasından gedənlər də az deyil. Bütün bu qopub getmələrə çox gözəl anlatım olaraq, bugünlərdə Müsavat partiyasından getmiş Yadigar Sadıqlıdan bir alınti: “Müsavatçı olaraq qalmaq üçün Müsavat partiyasından istefa verirəm”. Y.Sadıqlı da bir çox başqaları kimi, gəncliyini, gənclik enerjisini, sağlamlığını Müsavat partiyasında qoyub getməli olanlardan biridir, onun burada dediyi isə iki partiyanın ikisində də bir çoxlarına özgü ola biləcək QU NƏĞMƏSİ yerindədir…
***
Yaxınlarda paylaşdığım “Daha bir aşama..” yazısında bugünkü, yarınki bir sıra qaranlıqlara aydınlıq gətirildiyindən burada yığcamlığa çalışacam.Ölkədəki ekonomik, sosial-politik durum, bu durumun dözülməz aşamaya gəlib çıxdığı hamıya bəllidir. Üstəlik, müxalifətin indiyədək aşırı soyuqqanlılıqla yanaşdığı TƏRTƏR SOYUQIRIMI, 44 günlük uğiurlu savaşdan az keçmiş yüzə yaxın Qazinin dolanışıq dözülməzliyindən, dövlət qurumlarındakı aşırı qanunsuzluqlardan ard-arda özünüöldürmə faktları da hamıya bəllidir, bütün bunlar bizim- yurddaşlıq duyğusunu itirməyənlərin, nələrəsə satmayanların ağrılarıdır. Bu sayaq ağrıların qat-qat artıb uzanmamas üçün qarşıdakı prezident seçkisiylə bağlı sosial şəbəkələrdən gen-bol yararlanmaqla, xalqı bir araya gətirəcək böyük kampaniya başlatmaq olardı.
Nə oldu? İki partiyanın ikisi də boykot qərarı verdi. Tutalqa nədir? “İctimai müzakirə keçirilmədən qəfil seçki qərarı verilib”. Sosial şəbəkədən yüksək yığıncaqlara daşımaqla xalqı aldatmağa yönəlik bu “tutalqa” yalnız yaddaşsızlar, bir də partiyalarda yaxın 30 illik keçmişi bilməyən gənclər üçün keçərli ola bilər.
1998-ci ilin noyabrında prezident seçkisi keçiriləcəyi, demək olar, ilin başından bəlli idi. 2003-də də, 2008-də də, 2013-də də, 2018-də də eləydi. Bu gün müxalifətin başında duranlar o seçkilərin hamısını bir-birilə dartışma, bir-birilə barışmaz düşmənçilik içində uduzdular- özü də “xalq, demokratiya” ritorikasına güc verə-verə.
Soruşmaq gərəkir: rejim onların istəyini yerinə yetirib keçiriləcək prezident seçkisiylə bağlı bir neçə aylıq, lap bir neçə illik “ictimai müzakirə” açsaydı nə olacaq, nə baş verəcək, nə dəyişəcəkdi? Bəlkə, 30 ilin (30 ildən də aşırı) dönəmin rejimdən daha çox bir-birinə düşmən “müxalifət liderlər” bir araya gəlib bir aday gəstərməklə rejimə qarşı bütöv CƏBHƏ yaradacaqdılar?.Yox, yox, yox da yox. O başdan bu başa (2012-ci ilədək) ardıcıllıqla müxalifətin biriliyinə çalışan birisi olaraq deyirəm: Böyük Məhəmməd Əminə and olsun yaratmayacaqdılar. Onlar özgöstəri üçün, barışmaz qarşıdurma nədəniyləNovxanıdakı bəlli yerə ayrı-ayrı qrafiklərlə gedənlərdirlər!..
AXCP-nin qurultayının ardınca partiyanın başlıca funksionerlərindən olan F.Qəhrəmanlının adından (adından!) konseptual bildiri yayıldı. Oxumayanlar tapıb oxusalar yaxşı olar. O, hakimiyətlə deyil, xalqla, başqa kimlərləsə “haqq-hesab” çəkməyə yönəlik oldiuqca acınacaqlı bir partiya “manifestidir”. “Biz xalqı mitinqlərə çağırdıq, xalq gəlmədi”. Niyə gəlmədi?- indiyədək burasını araşdırmaq gərək idi. Ortada AXC hakimiyəti dönəmindən üzü bəri yığılıb qalan bir sıra güvənsizliklər-inamsızlıqlar var! Gerçək politik liderlik xalqda özünə güvən- özünə inam yaratmaqdan keçir!
Sözügedən bildiridə partiyanın yeni proqramını oluşduran, “milli tərəqqi modeli” adını daşıya biləcək yeniliyə toxunulur. Çox gözəl, ancaq… 30 illik qızğın demokratiya söyləmələri hara getdi?! Türkiyəli jurnalistin bir çağlar dediyi kimi: “Demokrasi bitdimi?!” Sözsüz, bu, ortadakı gerçəklik baxımından ritorik sorudur.
Yeni “milli tərəqqi” proqramına gəlincə, ona uğurlar diləyirik, ancaq bunu da bildirmək gərəkir. Bir çağlar partiyada milli, demokratik ideyalara bağlı, bu ideyaların gerçəkləşməsi üçün Don Kixotcasına çarpışma aparan birisi vard. Adam Hərəkat öncüllərindən, partiyanı yaradanlardan, yaşadanlardan biriydi. Onun ləkəsiz, parlaq bioqrafiyası vardı. Buna görə də partiyada yüksək sayğı qazanmışdı. Günlərin bir günü partiyada adama qarşı gözdənsalma kampaniyası başladıldı. Öncələr “saman altından su yeritməklə”, 2011-ci ilin sonları, 2012-ci ilin başlanğıcında açıq aparılan kampaniya sonucunda adam yersiz, başqa sözlə, satqıncasına aşağılamalara dözməyərək partiyadan getdi…
İndiki seçki də belə getdi! 30 il boyunca seçkiyə hazırlaşmayanlar indi rejimin keçirməli olduğu “ictimai müzakirə” sonucunda seçkiyə hazırlaşacaqlarmış!
Mış, miş, muş, müş…