Ədalət, İnsanlaşma qonusunda söhbət

(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır)

Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi nə itirirsə sevinci də, bütünlükdə həyatı da puç olur, sarsılır. Çünkü onun nəyi varsa maddi əldə etdiyidir. Ondan başqa içində onu ayaqda tutan heç bir şey yoxdur.

xxx

Məna – dünyanın yenilənmək imkanıdır.
Ata deyir, dünyadakılar ölür,  dünya ölmür. Niyə ölmür, – çünkü Məna daim təzahürlərlə yenilənir.

xxx

Millətçilik özgələşməyə tərs olmaqdır. Millətçiliyi pisləyirlər ki, özgələşməni qorusunlar. Bizim toplumumuz xəlqi ruhunu, xəlqi varlığını itirib, hərə bir yönə qulluq edir. Burada fəlakətli bir bəlirsizlik var. Xalqın düşüncəsi, dəyəri, ölçüsü olar. Nə yazıqlar ki, yoxdur.Çünkü xalqa aid olmayan hər şeyi xalqınkı sayırlar, milli dəyər sayırlar.
Bəs xalq ruhu nədir?! Axı xalq ruhu deyilən bir şey vardır. Xalq ruhunun yaratdığı nəsnələr var, milli dəyər dediyimiz də odur. Milli dəyər xalq ruhundan yaranan bir şeydir, xalqa qıraqdan gətirilən bir şey deyil. Ən yaxşı halda, gələn, gətirilən dəyər bizim üçün bəşəri dəyər sayıla bilər, milli dəyər sayılmır. Onu yaradan üçün millidir, onun getdiyi yer üçün isə bəşəridir. Tutaq ki, rusun dəyəridir, doğrudan da, insani dəyərdir. Ancaq o rusun milli dəyəridir, başqası üçün isə bəşəridir.
Milli – millətin özünün doğduğudur.

xxx

Elm nisbi idrakdır, yəni nisbiləri öyrənir.
Nisbini öyrənən nisbidir, ölümlünü öyrənən necə mütləq ola bilər?!

xxx

Ruh canlı varlıq kimi yaşamır, Məna kimi yaşayır – canlı varlıqlarda.

xxx

Hər kəs öz evinin ağasıdır deyimində dəhşətli ailəsizlik var. (Ailədə gizli ağalığı yaşadan çağırışdır).

xxx

İnsanı aldadan müqəddəslik müqəddəsliyin  nisbi səviyyəsidir. Əslində müqəddəsizlikdir. İnsanı böyüdən müqəddəslik isə müqəddəsliyin Mütləq səviyyəsidir. Bu açıdan  müqəddəslik baş tutmur.
Burda bir məsələ var. Hansısa bir müsəlmanın inamla, doğruçu düzeydə Məhəmmədə aşiq olması mümkündür. Yəni hədəf özü müqəddəslik deyil, həqiqi münasibət müqəddəslikdir.

Günev Atalı: Bəs müqəddəs olmayana müqəddəs münasibət necə olur?

Soylu Atalı: Bilmədən olur, bu yaxşı bir şeydir. Bilirsən dünya belə dünyadır. Sən safsan, sən gözəlsən, sən hər kəsə içinin saflığından baxırsan, ona görə inanırsan. Mənə inanırsan mən də səni aldadıram, bu sənin suçun deyil. Sən neyləyəsən ki, sənin üçün varlıq gözəldir, inanırsan. Suç məndədir.
Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdadır. Cinayəti necə cəzalandırmaq gərəkdir, –  insanlaşıb insanlaşdırmaqla. Mən insanlaşsam özüm öz içimdəki cinayəti cəzalandırmış olacam. Məni istəyirsən həbsxanaya sal, işgəncə ver, şallaq altında əzab çəkim. Axı mən içimdə dəyişmirəm. Sən niyə bundan ləzzət almalısan, mənə o çatmır. Mən kiminsə o cür işgəncə edilməsindən həzz duya bilmərəm. Bu adi adamlar üçündür, həzz verər ki, qoy pisliyinə görə elə canı çıxsın. Bu qisas məsələsidir. Axı İnsanlıqda, İnsanlaşmada qisas deyilən bir şey yoxdur. Əgər gözümün qarşısında ən ağır cinayətkarı belə, qamçı ilə dəhşətli dərəcədə döyərlərsə, döyənlə cinayətkarın arasında nə fərq olar?! Mənim gözümün qabağında ən pis adamı o cür döysələr sarsılaram, gedib əlindən alaram. Qoymaram ona işgəncə versinlər.
Fiziki cəza bəşər tarixində çıxış yolu olmayıb, çünkü o cür cəzalanan İnsanlaşmır, içi dəyişmir. Sadəcə şallaqlayıb gözünü qorxudursan. Qorxusundan filan şeydən imtina edir, ayrılandan sonra yenə həmən şeyi edəcək. Məsələ dəyişmir, kökündən həllini tapmır.

İnamlı Atalı: Soylu bəy, bizim xəttimiz, yolumuz bəllidir, ancaq bunlar çox incə məsələlərdir. Tutaq ki, sistem dəyişdi. Bunlar ömrü boyu millətə əzab veriblər, milləti yolundan azdırıblar, millətin canına, qanına yadlıq gətiriblər, ruhunu məhv ediblər. Onları anlatmaq olmur, onlar bu cür köklənib, artıq ayrı çıxış yolu yoxdur. Bunun gərək bir zindanı da ola.

Soylu Atalı: Biri var sənin hədəflədiyin bir şey, biri də var bu günün tələbindən yanaşmaq. Bu günün tələbi ilə yanaşırsan. Biz axı ölçü yaradırıq, qiymət veririk. Mən bu günün tələbi ilə niyə yanaşım, onsuz da pis adamı hüquqi yolla cəzalandırıb türməyə salacaqlar. Bunu biz istəsək də, istəməsək də eləyəcəklər. Biz İnsanlığın qurtuluşundan danışırıq, Məna tələbinin gözəlliyindən danışırıq. Biz danışanda deyə bilmərik, heyvani yolla İnsanlığı qurtar. Biri birinin namusuna sataşır, o da onu güllə ilə vurur. Axı bu çıxış yolu deyil. Biz “namusa görə güllə ilə vurmaq gərəkdir” çağırışı edə bilmərik, “namusa sataşmaq yolverilməzdir” çağırışı edirik. Biz ölçü veririk. Belə şeyləri təkrar yaşatmağı heç kimə ölçü kimi verə bilmərik. Söhbət ölçüdən gedir. Ölçü nədirsə, biz onu deyirik. İsa deyir, bir üzünə vuranda çevir o birinə də vursun. Mən yazmışam ki, “bir üzünə vuranda çevir o birinə də vursun” əməli qəddarlığın, ağalığın yaşamasına haqq verməkdir. Ancaq İsa çağırmalı deyildi ki, bir üzünə vuranda sən onun iki üzünə vur.

İnamlı Atalı: Bizim Azərbaycan mühitimiz artıq bu cürdür. İsa da elə yol seçdi ki, o yol artıq gəldi cəmiyyətdə oturuşdu. Məhəmməd də fərqli yol seçdi, o da öz ideyasını cəmiyyətdə oturuşdura bildi, indi bu cəmiyyətin halı ilə bağlıdır.

Soylu Atalı: Yox, bu, cəmiyyətin halı məsələsi deyil. Biz bütün cəmiyyətlərə eyni ölçünü veririk , ancaq hər bir cəmiyyət özündə necə münasibət bəsləyəcək, özü bilər. Bəlkə də gerçək münasibət bəsləməyəcək. Ancaq mənim dediyim odur ki, cəmiyyətdə baş verənlər ölçü deyil. Hədəf İnsanlaşmaqdır, ölçü də odur, ancaq sən özünü heyvandan qorumalısan. Cəmiyyətdəki heyvanlıqdan qoru özünü. Mən demirəm ki, əlini yanına sal, dayan. Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdır. Qıraqdan belə yanaşarlar, bu elə İsanın dediyi kimidir, – bu üzünə vuranda o biri üzünü çevir. Elə deyil. Ata deyir, cinayətin cəzası İnsanlaşmaqdır, bu ölçüdür. Ancaq Ata həm də deyir ki, Ataya qalxan əl kəsilməlidir. Yəni gerçəklikdə qaçılmaz olaraq nələrsə baş verir. Mən çağırmıram ki, pisi öldür, ancaq biri səni öldürməyə yeriyirsə, durub tamaşa eləməli deyilsən ki. Eləyirəm, ancaq elədiyimə çağırmıram. İt adamı dişləyəndə vurub başını əzəcək, gözləməyəcək ki, it onu parçalayıb axırına çıxsın. Ancaq “itlərin başını əzmək gərəkdir” kimi çağırışım yoxdur. Qisasa çağırış qan düşmənçiliyi, tayfa düşmənçiliyi yaradır. Bizim hədəfimiz qan düşmənçiliyinə haqq vermək deyil ki…
Ədalət Allah anlamına (əslində Mütləq olana) özgün anlayışdır. Ədalətin doğrulması üçün Allah anlamına – Mütləqə qovuşmaq gərəkdir. Ədaləti bərpa eləmək üçün gedib filankəsin başını kəsmək gərək deyil. Belə doğru olsaydı, gərək bütün bəşəriyyəti ucdantutma qırasan ki, ədalət bərpa olunsun. Çünkü hamı cinayət işlədir, hamı xəta edir, hamı cəza almalıdır. Onda İsanın dediyi gəlib çıxır, Atanın dediyi yox. İsa deyir, bütün bəşər məhv ediləcək, 5-3 əməli saleh adam qalacaq. 5-3 əməlisaleh adamdan yeni bəşər yaradılacaq.Bu cəfəngiyyatdır. Biz isə deyirik, hamını qırıb üçünü, beşini saxlamaqla sən bəşəriyyəti düzəldə bilməzsən. Nə bilirsən, saxladığın 3-5 əməli salehdən sabah əməlisaleh övladlar doğulacaq. Çoxları cinayətkar doğacaq.Yenidən sən onu qıracaqsan?! Periodik olaraq bəşəriyyəti qırmaqla 5-3 adam saxlayıb sıfırdan başlamalısan, yenidən başlamalısan. Ancaq Asif Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdır. İnsanlaşdır ki, cinayət, qatillik ortadan qalxsın. Demir ki, mütləq olaraq ortadan qalxacaq. Ancaq kütləviliyi aradan qalxsın, ölçü formalaşsın, orda-burda, söz yox, yenə olacaq. “Səfillər”i oxumusunuz, Jan Valjana katorqada o qədər cəza verirlər, bütün insani, estetik duyğuları məhv olur. Oradan canavar kimi çıxır. Bir yepiskop onu dəyişir. Oğurluğuna görə yepiskop onu jandarmaya verməliydi, ancaq vermədi. Sonradan onun həyatında böyük dəyişikliklər oldu. Bu, Atanın dediyinə doğmadır. Yepiskop davranışı ilə böyük bir dünya yaradır, ondan sonra Jan Valjan nələr eləmir, nə qədər acları doyurur, şəhər salır. Ruhaniyyat budur…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv