Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası

Sentyabrın 1-də (2024) ölkədə daha bir sıradışı parlament seçkisi keçirildi. Nə baş verdi: dörd il öncə “Qarabağın qaytarılmasından sonra ölkədə yaranan yeni situasiyaya uyğun yeni parlament yaradılması üçün” özlərini “buraxıb” gedənlərin böyülk çoxluğu “yeni parlamentə” yenidən deputat “seçildiyi” kimi, bir ay öncə özlərini “buraxanların” böyük çoxluğu yenə də “buraxıb” getdiyi yerə qayıtdı. Belə yerdə deyirlər: köhnə hamam, köhnə tas.
İndiki “seçkidə” iki başlıca yenilik oldu: çoxillik deputatlığın sonunda parlamentdən, bir də çoxillik hökumət görəvindən ayrılmanın, başqa işə keçmənin sonunda biriləri uşaqlarına mandat alıb verdilər.
Açıqlanan çoxsaylı faktlardan göründüyü kimi, bu “seçki” son otuz ildə keçirilən bütün yapay seçkilərin doruğu (doruq- ərəbcə zirvə) oldu. O üzdən də 1 sentyabr “seçkisi” ölkənin qaranlığa bürünməsi baxımından çox böyük umudsuzluq doğurub.
Tək neftlə qazdan ölkəyə milyardlarla dollar gəlir gəlirkən xalqımız savaşı uduzmuş, doğal qaynaqlardan yoxsul Erməniztanda olduğundan qat-qat ağır durumda yaşayır. Xalqın seçimi ilə deyil, özəl seçim yoluyla (başqa sözlə, seçkini saxtalaşdırmaqla) qurulan parlament xalqı dövlətdən, dövlət yönətimindən bütünlüklə uzaqlaşdırmaqla tək adam rejiminin sonadək legitimləşdirilməsi üçündür. Dördüncü hakimiyət (media) içində olmaqla hakimiyətin bütün qollarının etkisiz duruma gətirildiyi yerdə sorğulama olanağı aradan qaldırıldığından ölkənin gəlir-çıxarları bir adamın istəyinə bağlı olur.
Belə bir durumda burası çoxlarına qaranlıq qalır: nəyə görə doğal qaynaqlardan yoxsul “Ermənistanda” 227 dollar uşaqpulu, yoxsullara 157 dollar yardım, 135 dollar işsizpulu verilirkən, 7 yaşadək uşqaların bütün gərəklərini dövlət ödəyirkən, adamlara sırası çatdıqca ev verilirkən, doğal qaynaqları aşıb-daşan Azərbaycanda bunla nədən olmur?
MDB statistika qurumunun açıqlamasına görə, 2023-cü ildə Ermənistanda orta aylıq əmək pulu 824 dollar, Azərbaycanda 560 dollar olub. (O 560 dolların da doğru olmadığı, yüksək məmur aylıqlarıyla başqalarının aylıqlarının ortalaması olduğu bəllidir). Son otuz ilin qarşılıqlı statistikasına baxsaq, bütün illər üzrə yoxsul Ermənistanda əməyin orta aylıq dəyərinin Azərbaycandakından yüksək olduğunu görərik. Görərik, ancaq buna görə kimisə sorğulaya bilmərik. Bir daha vurğulamaq gərəkir: demokratik institutların, o sıradan, demokratik seçki institutunun çıxdaş edildiyi olkədə sorğulama etkinliyi yasal olaraq aradan qalxmış olur!
Son otuz il boyunca Azərbaycan müxalifəti, xalqı hakimiyətdən demokratiya, normal yaşayış minimumu istəyində bulunurkən bildirilib: “Bizim Qarabağ boyda dərdimiz, Qarabağ boyda problemimiz var”. Çoxdan Qarabağ dərdi bitib, Qarabağ problemi aradan qalxıb, bununla belə, avtoritarizm daha kəskin xarakter alıb, ardıcıl qiymət artımları, dövlət qurumlarındakı soyğunçuluq yolyla xalq qat-qat artıq yoxsullaşdırılıb. Yapay, yalançı seçkilərlə hakimiyəti gücləndirib əldə saxlamaq yolu seçilib. Bu isə, bəlli olduğu kimi, çox da güvənli yol deyil…
*
Pənah Hüseynov faktı. Sən demə, P.Hüseynov bir daha bu hakimiyətdən mandat almaq istəyində bulunub. Necə güclü, gurultulu, parlaq seçkiqabağı kampaniya aparıbsa, onu da bilməmişik. Bizə bəlli olan onun seçki sonrası yayılan açıqlamasıdır: “Bu, 1990-da Azərbaycan SSR Ali sovetinə seçkilər daxil iştirak etdiyim bütün seçkilərin ən namussuzu, ən şərəfsizi və tərbiyəsizi idi”. Düşünürəm: bəlkə, yazının adını P.Hüseynovun namus, şərəf, tərbiyə kriteriyası qoymaq daha düzgün olardı. Yaxşı, qoy qalsın, birincinin üzərində dayanmaq da yetərlidir.
P.Hüseynov AXC İdarə heyətinə salınanlardan idi. Bir illik AXC hakimiyəti dönəmində birillik prezident onu öncə dövlət katibi, sonra baş nazir postuna yüksəltdi. Hansı bacarığına görə- bəlli deyil. Demokratiyadan, demokratik düşüncədən bütünlüklə uzaq olan P.Hüseynov AXC hakimiyətinin tezliklə yıxılmasında önəmli rol oynadı. Sonra da o, özünün yazdığı kimi, KQB generalı, Azərbaycan KP MK-nın birinci katibi, Politbüro üyəsi olmuş H.Əliyevin Naxçıvandan Bakıya çağrılmasının “tərəfdarı və təşəbbüskarı” oldu.
P.Hüseynovu yenə sağ olsun, prezident Ə.Əliyevlə Ali Sovetin sədri İ.Qəmbərin sonadək xalqdan gizlətdiklərini açıb deyir: “Amma bu qərar o vaxtkı rəhbərlik tərəfindən kollektiv qəbul olunub”.
O kollektiv qərarla bağlı Ə.Əliyev nəyə görəsə, dönə-dönə ikili çıxışlar edəcəkdi: 1) “H.Əliyevi hakimiyətə mən gətirməmişəm”; 2) “H.Əliyevi hakimiyətə mən gətirmişəm”. Bu iki versiyadan hansının doğru, hansının yalan olduğiunu bilmək üçün yenə P.Hüseynova üz tutmaq gərəkir: “Biz AXC hakimiyəti olaraq kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. Kadrları bəlli bir KQB generalının “məsləhətiylə” seçib yerləşdirmək çağı çatınca onun özünü hakimiyətə çağırıb gətirməyi qaçılmaz etməyə bilməzdi. Demək, sonda, başqa sözlə, çağı çatınca onun özünü çağırıb gətirmək gərəkəcəkdi. Gərəkdi, çağırıb gətirdilər. Gətirdilər- gəlib öz kadrlarına yiyə dursun, yoxsa, AXC ideyalarına deyil, başqa yerə bağlılıq nədəniylə onlarla bacarmaq olmayacaq, politik, ekonomik sabotajdan tutmuş separatizmədək ölkədə səngimək bilməyən çeşidili çalxantılar, haralardasa kəskin, haralardasa barışmaz qarşıdurmalar baş verəcəkdi. O üzdən uslu tərpəndilər, çağındaca qaçıb aradan çıxdılar. Yox, lap da yox. Sonra… “müxalifətin liderləri” oldular. Özü də ALTERNATİVSİZ, dəyişməz, “əbədi” liderlər!
(Gerçəkdən onlar uslu tərpəndilər, yoxsa öncəki kəsmətə uyğun birillik çağ bitdikdən sonra dirəniş göstərən xəlifə Əbubəkrin başına gələn onların da başına gələrdi). Bizdə: “İş danışıqdan keçər”, deyərlər. Ruslardasa belə deyirlər: “Uzlaşma necə, sonuc da elə”. “Kakov uqovor, takov i rezultat”.
Ancaq inidi ortaya yeni görsəniş çıxır. P.Hüseynov Azadlıq radiosuna belə deyib: “Seçkinin naticələrinə və bu vəziyətə etiraz olaraq Xalq partiyasının sədrliyindən istefa verməyi planlaşdırıram. Xalq partiyasına da təklif edəcəyəm öz fəaliyətini dayandırıb qurultay çağırsın”. Başqa cür deyil, elə belə deyib. Bu isə gerçək istefa istəyindən çox hakimiyətə belə bir mesaj ötürməkdir: “Gedərəm ha! Gedərəm, sonra mənim kimi yekə bioqrafiyalı DİALOQ müxaliofətini hardan tapıb dünyaya göstərəcəksiz? Bəs asvtobus?! O avtobusda mənnən daha gözəgəlimli partiya sədri kimdir?”
Onun təkadamlıq partiyasına Azadlıq prospektində dörd otaqlı qərargah verilib. Ayı 38 manata. O, rejimə etdiyi çoxillik qulluğa görə bir də mandat gözləyirdi- verilmədi. Arxayınlıq doliu gözləntisi boşa çıxınca emosiyalarına yenilərək illərcə qulluğunda durduğun hakimiyətin daha bir yapay seçkisiylə bağlı belə bir şaşırdıcı çıxışda bulundu: “ən namussuz, ən şərəfsiz, ən tərbiyəsiz seçki”.
32 illik hakimiyətin illərlə yandaşlığını yaparaq çoxsaylı televiziya çıxışlarıyla onu xalqın gözündə doğrultmağa çalışan adam birdən-birə belə bir gözlənilməz partlayı.da bulundu. Nədən? Rejimə çoxillik qulluq yoluyla qazandığı mandatın ona deyil, başqa birisinə verilməsi üzündən! Biriillik hakimiyətin üç başdaduranından biri! Xalqın 32 illik ağrı-acılarını, tapdanıb-əzilməsini illərlə görməzdən gələn AXC-hakimiyət yetkilisi!
Bilindiyi kimi, görəvi böyüdən adamlarla görəvin böyütdüyü adamlar ayrı-ayrı kateqoriyalı varlıqlar olurlar. P.Hüseynov yaşanaq (bioqrafiya), görənək (praktika) baxımından ikincilərdəndir.
Ardı var

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv