Xaliq Bahadır. Türk dövlətlərinin antiTürk- antiTürkiyə paradı

“Avropaya İnteqrasiya” Projesi

Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt Türk Birliyini dağıtmaq baxımından Avropa Birliyinin çox uğurlu addımı olaraq dəyərləndirilməlidir.
Türk Birliyinin yaranmasına yol verməmək Atilladan sonra Batının başlıca strateji amacı olub, olmaqdadır. Bu tarix gerçəyini, eləcə də çağımızın uğun gerçəklərini anlamayanların, anlasalar belə, özgüdükçü çıxarları üçün özlərini o yerə qoymayanların “Avrointeqrasiya” yapay coşquları xalqı aldatma görsənişidir.
Sözsüz, demokratik düşüncəli kimsələr olaraq biz Avrointeqrasiyaya qarşı deyilik, tərsinə, ulusumuzun, ölkəmizin gəlişməsi üçün bunu çox istəyirik. Ancaq biz eləcə də bu istəyin qarşılıqlı olmasını istəyirik. Başqa sözlə, Avropa bizimlə bağlı yalnız geopolitik istəklərdə bulunmasın (deyək, “nadir torpaq elementlərimiz”), eləcə də ölkələrimizin demokratiyaya qovuşmasını istəsin, özü də indiyədək olduğu kimi yalandan deyil, gerçəkdən istəsin, bu yöndə indiyədək olduğu kimi aldadıcı deyil, gerçək addımlar atsın. Bəlli olduğu kimi, inteqrasiya anlayışı qarşılıqlı sürəc dialektikasını yansıdır, belə bir yansıma yoxdursa, demək, gerçək inteqrasiya da yoxdur.

Batının REALPOLİTİKA kombinasiyası

Müxalifətə bağlı biriləri dörd Türk dövlətinin Avropa birliyinin 12 milyard avroluq buyruğu ilə Türkiyəyə qarşı çıxmaları faktını Avropaya inteqrasiya baxımından Türkiyənin özünün də uduşui olaraq göstərməyə, üstəlik, xalqı da buna inandırmağa çalışırlar. Bax, gerçək komplo teori budur: olmayanın olan kimi göstərilməyi! Onların hansı gerçəyə söykəndikləri bəlli olmasa da, belə bir gerçək ortadadır: 12 milyardın qarşılığında (çox ola bilsin, başqa sözvermələr də var) onların qarşısına Yunan Kıbrısını tanıma qoşulu (şərti) qoyulub. Soruşulur: bu necə demokratiya, bu nə tür inteqrasiya deməkdir? Burada açıq-aydın görünən imperialist inteqrasiya, imperialist demokratiya faktı var.
4 aprel 2025-ci il Səmərqənd toplantısında 4 Türk dövləti Avropa birliyinin istəyinə uyğun olaraq belə bir öhdəliyə qol qoyub: “KKTC-ni tanımırıq, tanımayacağıq”. Belədə hansı demokratiyadan, hansı demokratik dəyərdən danışmaq olar?! Pulu götürürsən, buyruğu yerinə yetirməlisən! Ancaq bu yalnız pula bağlı buyruq da deyil, ola bilsin, ortada bundan qat-qat artıq rejim qarantiləri var. Baxın, 4 Türk dövləti birdən-birə Türkiyəyə qarşçı çıxarılır, onların birində də xalqdan səs çıxmır. Nədən? Elliklə Tək Adam rejimi üzündən! Demokratik hüquq dövləti yerinə “Dövlət mənəm!” üstünlüyünün keçərli olması üzündən!
Avropa Birliyinin Türküstanı Çinin, Rusiyanın basqılarından qoruyacağına gəlincə, çox istərdik belə olsun, ancaq bir çox tarix faktları, eləcə də bir sıra çağdaş faktlar bu gümanı doğrultmur. 12 milyardın isə Türküstana investisiya olaraq gərəkdiyi kimi, eləcə də bütünlüklə gerçəkləşdiriləcəyi iki baxımdan böyük quşqu doğurur. Birinci, Avropa Birliyinin özünün korrupsiyalaşması baxımından, ikinci, investisiya subyekti olan dövlətlərdəki korrupsiya baxımından.
Kimlərsə olanı “düzgün” sayaraq yazırlar: “hər bir dövlət öz vətəndaşını düşünür”. Elə olsaydı, nə vardı! Doğal qaynaqları aşıb-daşan o dövlətlərin hamısında dövlət düzəyində geniş yayılmış korrupsiyanın doğurduğu işsizlik, yoxsulluq üzündən başqa ölkələrə, deyək, Rusiyaya, Türkiyəyə axışaraq çox çətin qoşullar altında yaşamalı olur…
Avro-Amerika investisiyalarının Türkiyə örnəyi
Ərdoğan çoxdan Türkiyəni Avropa, Amerika kompaniyalarının investisiya- açıq bazar alanına dönüşdürüb. Bunun qarşılığı nədir: Türkiyə, Türk ulusu yoxsullaşaraq yadelli kapitalın esirinə çevrilib…

 

Türk Dövlətləri Təşkilatı- Turan Projesi

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adı ilə “Təşkilatın” özülü 2009-cu il oktyabrın 3-də Naxçıvanda 4 Türk dövlətinin qatqısıyla qoyulmuş, oradaca “Naxçıvan sazişi” qollanmışdı. Onda yayılan açıqlamaya görə, “Türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilat” olaraq yaradılmış, 2021-ci ildə “Türk Dövlətləri Təşkilatına çevrilmişdi. Sonra üyələrin sayı artmış, Macarıstanla Quzey Kıbrıs “Təşkilata” qatılacaq adaylar arasında idi. “Təşkilatın tanıtımında” deyilirdi: “Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, hərbi birlik kimi Türk dövlətlərinin birləşməsində mühüm rol oynayacaq”.
TDT-nin “öz vəzifələrini yerinə yetirməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılır”. “Formalaşdırılan” 4 qurumun sonuncusu “Ağsaqqallar şurası” idi. Ərdoğan Şuraya əlaltılarından biri olaraq tanınan Binəli Yıldırımı başçı qoymuşdu. Çağında bunun gərəyincə dəyərləndirməsini yazmışdım, doğruldu: B.Yıldırım göstərişlə çalışan biri olaraq sonralar Türkiyə Ana yasasından Türklük anlayışının çıxarılmasına çağırdı. İndi isə Ərdoğanla birgə baş verənlərə susqun qalmaqdadır. Ərdoğan susursa, demək, o da susmalıdır. Diktatorlara belə buyruq qulu “ağsaqqallar” gərəkir…
“Turan birliyi” olaraq yaradılan bu qurumu bizdəki hay-küyçü “millətçilər” böyük coşquyla qarşılamışdılar- bir sıra “özəl” televiziyaların bəlli çıxışçılarından AMEA-yadək. Başlanğıcdan yazılı olaraq o qurumun yaradılmasına qarşı çıxdım. Hay-küyçü “millətçilərlə” aramızda kəskin dartışmalar oldu. Onlar dayaz-düşük düşüncələrinə uyğun olaraq məni “Turan qurulmasına qarşı çıxmaqda” suçlayırdılar. Guya ortada hızlı bir Turan quruculuğu vardı, mənsə, Allah bilir, haralarınsa “agenti”, nəyi olaraq o quruculuğa qarşı çıxırdım. Ən acıncaqlısı nədir: mənim tutalqalarıma bir sıra tanınmışlar da hay-küyçü “millətçilər” kimi yanaşır, yazırdılar: “bəy, başlıcası işi başlamaqdır, sonra düzələr”. Mənsə: “Himin əyri qoyulduğunu, başlanğıcın düzgün olmadığını, o üzdən gərəkən uğura aparmayacağını” yazırdım.
Turan ideyasının antidemokratik rejimlərin gerçəkləşdirəcəyi ideya olmadığını, onu yalnız demokratik rejimlərin gerçəkləşdirə biləcəyini vurğulayırdım. Turanın, başqa sözlə, Türk Dövlətləri Birliyinin yalnız Avropa Birliyi tipində qurula biləcəyini bildirirdim. Təkcə antidemokratik (eləcə də korrupsioner) rejimlərə görə deyil, ötüb keçən 35 illik bir sürədə Turan quruculuğu üçün gərəkənlərin edilməməsi üzündən işin yarıtmazlığını vurğulayırdım. 35 illik bir sürədə Dil, Tarix, Kültür ortaqlığına yönəlik ardıcıl addımlarla gərəkənlər edilməliykən, edilmədi. Bütün Türk dövlətlərində oxullardan-məktəblərdən artıq məscidlər tikilməklə Türkləşmə yerinə Ərəbləşmə yolu tutuldu. Yeri gəlmişkən, bapbalacı Qırğızıstan Türkiyədən aldığı 62,5 milyon dolların 35 milyon dollarına Bişkəkdə Orta Asiyanın ən böyük məscidini tikdirib. Bunun qısaca adı ərdoğanizm ola bilər: Ərdoğan ABD yönərgəsinə uyğun olaraq Türkiyəni məscidlərə, imam hatip oxullarına bürüdü. Bir çağlar demişdi: “15 min imam hatip yetişdirmişəm, 5 min də yetişdirəcəm, olacaq 20 min, ondan sonra Türkiyədə terrora son qoyacam”. Gerçəkdə nə etdi: boşuna “terrorla savaş” adı altında Türk oğullarını qırdırdı, indi isə əli 50 min Türkün qanına batmış Aponu tutuqluqdan çıxarmaqla barış yoluyla ölkədə terrora son qoyacağını bildirir. Bunun gerçəklikdən uzaq olduğu bəri başdan bəllidir- bunu o özü də bilir. Bilir, ancaq… yalan ona inanmaq istəyənlər üçündür!
Avropa birliyi dövlətləri yüzilliklər boyu bir-biriylə savaşmış dövlətlərdir. Onları nə birləşdirdi? Yiyələndikləri demokratik dəyərlər- demokratiya kültürü! Biz Türk dövlətləri olaraq o kültürün harasındayıq? Uzaqbaşı, başlanğıcında! İndiki rejim gerçəklərinə qalsa, o başlanğıc dediyimizin özü də quşquludur…

Türklüyün dışlandığı Türkiyə

Türk dövlətlərinin əməkdaşlığı (birliyi) ideyasını Qazaxıstan prezidenti N.Nazarbayev irəli sürmüşdü. Sözsüz, bu ideyanın uğurla gerçəkləşməsi üçün Türkiyənin öncüllüyü gərəkirdi. Ancaq o, Ərdoğan liderliyində ola bilməzdi- bunu çağında bir sıra yazılarımda bildirmiş,niyəsini də göstərmişdim: Ərdoğan ABD-nin onu hakimiyətə gətirdiyinin ilk çağlarından missiyasına uyğun olaraq Atatürkə-Atatürkçülüyə, başqa sözlə, Türklüyə qarşı olduğunu açıq bildirməklə qalmamış, ardıcıllıqla anlatdığına gərəkən uyğulamaqda bulunmuşdu.
Türkiyə toplumunu aldatmaq üçün Ərdoğan bir çoxları üçün çox çəkici görünən “Osmanlıya qayıdış” çağırışları ilə çıxışlar etməyə başladı. Onun gerçək istəyi Osmanlıya qayıdış deyil, bu ad altında, missiyasına uyğun olaraq, Atatürkü-Atatürkçülüyü, gerçəkdə isə Osmanlı dönəmində olduğu kimi TÜRKLÜYÜN ÖZÜNÜ Türkiyədə dışlanmış duruma gətirmək idi. Yenə Osmanlıda olduğu kimi, “islam birliyi” ideyasını ortaya atmaqla bu ideyanın gerçəkləşdirilməsi yoluyla, özəlliklə, missiyasına uyğun olaraq, özünün imam hatip dönəmi dinçi yoldaşlarından komanda oluşdurmaqla, hakimiyətə gətirilmə öhdəliyinə uyğun olaraq dini dövlətə daşımaqla, təriqət çoxluğuna yardımçı olmaqla Ərdoğan Türkiyə dövlətini dağılmaya sürükləyirdi.
Ərdoğan çoxdan dilə gətirdiyi bir qorxutmanı bügünlərdə görəvlilər qarşısındakı çıxışında yenidən dilə gətirdi: “Mənim getməyim dövlətin yıxılması deməkdir”. Adam Türkiyə dövlətini dağılma durumuna gətirib çıxardığını gözəl bilir. Ərdoğan Batı Projesi olaraq, başında durduğu Türk ulusuna hansı yamanlıqları etdiyini də gözəl bilir, o üzdən, bütün diktatorlar kimi, o, hakimiyəti itirməkdən çox qorxur. Bir də, ortada 23 illik dönəmə bağlı çox böyük yeyinti-dağıntı, oğurluq-korrupsiya faktları var!
Türk dünyasının yüz il öncəki ideoloqlarından olan Yusif Akcura yazırdı: “Türk-islam sintezi imperialistlərin qurğusudur. Din özüllü Turan olamaz”. Ərdoğan imperialist Projeyə uyğun olaraq din özüllü Turan qururdu. Alınmadı, alınamazdı. Demokratik dəyərlər içində olmaqla, Türklük öz dəyərlərinə dayanaraq Birlik yaratmaq yolu tutmalıdır.
Ergenekon, Balyoz işləmləriylə Atatürkün qurduğu (tarixsəl olaraq Mete xan dönəmindən gəlmə) Ordu-Dövlət sistemini dağıtmaqla da Ərdoğan tək Türkiyəni deyil, bütün Türklüyü uğursuzluğa uğratdı. O üzdən bu gün Türkiyə batının qullanma obyektinə dönüşüb. O üzdən İsrail Suriyadakı Türkiyə Ordu üslərini bombalayırkən, suçsuz yerə Türk əskərlərini, oradakı Türk sivillərini öldürürkən Türkiyə səssiz qalır. O üzdən Suriya üzərində ağalılq hüququ İsrailə verilirkən, Proje olaraq darmadağın edilmiş Suriyanı yenidən tikib-qurmaq missiyası Türkiyənin üzərinə qoyulub (Azərbaycanla birgə).
Yəhudi hahan: “Türklərin qaynaqlarını, enerjisini, kürdə, ərəbə xərclədib, Türkü başını qaldıramaz duruma gətirməliyik”. Özlərinin böyük arxa-dayaqlı üstün güclərinə, qarşılarındakınınm gücsüzlüyünə arxayınlıqdan daha nəyisə gizlətmir, açıq deyir, açıq bildirirlər. Ərdoğan Türkiyəni belə bir duruma gətirdi!

Tək Adam rejimi

Türkiyəli baxan deyir: “Suriyanı yenidən qurmaq üçün Türkiyə ekonomisini səfərbər etmişik”. İsrail kefi istəyəndən istəyənə Suriyanı bombalayıb dağıdır, Türkiyə tikib-qurur. ABD-dən buyruq belədir. Tramp bugünlərdə boşuna deməmişdi: “Mən Ərdoğanı sevirəm, o da məni sevir”. Trampın bu çıxışından az sonra İsrail başbaxanı Natanyahu dedi: “İki böyük dost ölkə ilə bazarlıq içindəyik. Birinci Türkiyə, ikinci Misir. Qəzzəlilərin hamısını alıb yurddaşlıq verəcəklər”.
İsrailin sınılrlarını genişləndirmək üçün milyonlarca Suriyalı, Fələstinli ərəb buyruqla Türkiyəyə yerləşdirilir, eləcə buyruqla onlara yurddaşlıq verilir. Burada bir gülləylə iki dovşan vurulur: bir yandan İsrailin sınırları genişləndirilir, o biri yandan Türkiyəyə dağıdıcı “kürd” sorunu ilə yanaşı yaxın gələcək üçün dağıdıcı ərəb sorunu da yaradılır. “Kürd” sorunu deyilənin arxasında İsraillə birgə ABD-nin dayandığı çoxdan bəllidir. Yaxınlarda YPG lideri Məzlum Abdi ilə HTŞ liderliyindən dövlət başına gətirdiyi Əhməd Şəraa arasında birlik yaradan da ABD oldu. Ərəblərdən sonra Suriyada başlıca çoxluq olan Türklər nəyə görəsə, ABD-in Suriya politikasında yox sayılmaqdadır. Bəlli olduğu kimi, ABD 2003-də İraqı tutduqdan sonra orada da oxşar politika yürütmüş, Türkləri bütünlüklə gözardı edərək Ərdoğanın yaxından yardımıyla Türk bölgəsində “Kürdüstan” qurulmasını başlatmışdi. Oxşar işlər Ərdoğanın yaxından yardımıyla bu gün Suriyada görülməkdədir. Trampın Ərdoğana sevgisi bütün bunlara görədir. Ərdoğanın Trampa sevgisi isə necə olur olsun sonunadək özünün TƏK ADAM rejimiylə hakimiyətdə qalmaq üçündür. Binəli Yıldırım Ərdoğan üçün nə deməkdirsə, Ərdoğan da Tramp üçün o deməkdir!
Tək Adam rejimi- bu, imperialist dövlətlər üçün ən əlverişli rejim deməkdir. Belə rejimin başında duran adamı diktəylə yönətmək, onun əliylə obyekt dövləti istənildiyi kimi qullanmaq olduqca asan olur. Ölkənin necə yönətilməsindən, ölkədə nələr baş verməsindən asılı olmayaraq Tək Adam rejimi imperialist güclər üçün toxuunulmazlıqla ödülləndirilir. Ta imperialist güclər üçün dəyərini itirənədək. O çağ çatanda isə antidemokratik yönətimi ilə xalqın nifrətini qazanmış Tək Adam rejimini çox asanlıqla yoxluğa yuvarlada bilir, üstəlik, rejim cinayətləri nədəniylə cana doymuş xalqdan alqış da qazanırlar.
Burasını ayrıca vurğulamaq gərəkir: Atatürkün qurduğu parlamentar sistemi aradan qaldırmaqla Ərdoğan özünün Tək Adam rejimini qura bildi. Tək Adam rejimi, bir də, gerçək legitimlikdən uzaq olduğundan imperialist güclər üçün əlverişli sayılır: belə rejimlə istədikləri kimi davranır, istədikləri bazarlığı yapa bilirlər…
Yunanıstan Ərdoğan dönəmində Türkiyənin 18 adasını ələ keçirib. Aralıq dənizində, Türkiyənin ağzının içində, ABD öncüllüyü, Yunanıstanın ev yiyəliyi, İsrailin, Ərəb ölkələrinin qatılımıyla Türkiyəyə qarşı manevra keçirilir. Bunun üstündən Yunanıstanın Genəlqurmay başqanı Dimitris Haupis Türkiyəni aşağılayan çıxışda bulunur: “Türkiyə bizə qorxu yaratmaqdadır. Gərəkərsə, Türkiyəni beş dəqiqə içində saldırıya uğradarıq”. Ərdoğan 23 illik hakimiyəti ilə Türkiyəni belə bir acınacaqlı duruma gətirib çıxarıb! ABD-nin Türkiyəyə veriləsi F-35-ləri Yunanıstana verməsi faktı isə planlı olaraq sonuncuya üstünlük qazandırmaq üçündür.
Belə bir durumda Türk dövlətlərinin 12 milyardlıq bazarlığa görə Türkiyədən üz döndərmələri, bir sıra müxalifət “İdeoloqlarının” bu fakta bəzək-düzək vurmalarına baxmayaraq, satqınlıq sayılacaq görsənişdir. Yuxarıda deyildiyi kimi, pul qarşılığında onlardan Türkiyəni “işğalçı” dövlət olaraq tanımaları istənib, onlar da istəyi can-başla yerinə yetiriblər. Müxalifət “ideoloqunun” yazdığına görə, Türk dövlətlərinin AB ilə indiki bazarlığı Türkiyənin özünün də yararına olacaq. Bir daha vurğulamaq gərəkir: bu, ortadakı gerçəkliklə uyuşmayan komplo teori yansıtmasıdır: Türkiyənin dörd bir yandan quşatıldığı açıq-aydın görünməkdədir. Sözügedən 4 Türk dövlətinin yalnız AB buyruğunu yerinə yetirdiyi çox da inandırıcı deyil- ortada Ərdoğanın da eş başqanı olduğu çox böyük Proje var…
Türkiyəni içindən yenmə politikaları hızla işləyirkən, Türkiyə çevrəsində düşmən qurşağı yaradılırkən, bunlar azmış kimi Türkiyənı təkləmək üçün Türk Birliyini dağıtmağa gedilirsə, burada Türkiyənin hansı yararından hansı qazancından danışmaq olar?! Bunu yalnız gerçəkliklə ilişkisi olmayan komplo teori olaraq topluma sunmaq olar.
Türkiyəni başıqapazlıya çevirmək üçün olmayan “erməni genosidi” ilə bağlı Avropada, Amerikada parlamentlərdə belə “genosid” qərarları çıxarılırsa, nədən danışırıq? Bəlli olduğu kimi, dünyanın ən demokratik dövləti sayılan Fransada parlament “erməni genosidini” dananları cəzalandırma qanunu çıxarıb. Üç ay, beş ay sonra “separatçı” Türk dövlətlərindən sözügedən 12 milyarlıq bazarlığa uyğun olaraq olmayan “erməni genosidini” tanımaları istənilsə necə olacaq? Planlaşdırıldığına uyğun olaraq, AB o 12 milyardlıq yatırımın istər ekonomik, istər politik qarşılığını yüz qat artıqlamasıyla alacaq. Sonucda qazanan qurğuya uğrayan deyil, qurğunu quran olacaq.
Qurğu isə Türk Birliyinə dərin, sağalması çətin yara vurmaq baxımından çox gözəl düşünülüb!..

P.S. 17 dekabr 2004-cü ildə Brüsseldə Avropa Birliyi ilə Türkiyə arasında qollanan anlaşmaya görə, Kıbrıs Rumlara verildi. Anlaşmanı dönəmin başbaxanı Rəcəb Tayyib Ərdoğan qollamışdı. Beləliklə, Türk Ordusunun bir çağlar savaşaraq (itki verməklə) aldığını Batı Ərdoğanı hakimiyətə gətirməklə, savaşsız, azacıq da itki vermədən, geri aldı. Ərdoğanın 4 Türk dövləti ilə bağlı indiki susqunluğu buna görədir- işin içindədir…
*
Nə yaxşı, bizim gerçəkdə görüb anladığımızı, ancaq yaza bilmədiyimizi demokratik Amerikada yaza bilən jurnalistlər var. Amerikalı jurnalist Candace Ovens yazır: “Ağ evi yəhudilər yönətir, Tramp bir kukladır”. Buradan çıxış edərək belə deyə bilərik: Tramp Böyük Ortadoğu Projeisinin (BOP) başqanı, eş başqanı Ərdoğan onun kuklasıdır.

19.04.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv