Yaxın Şərqin taleyi siyasi məngənədən necə açıla bilər?! Heç kim bu suala cavab vermir. Ya Şərqin taleyini məngənədə hesab etmirlər, əksinə, onun bu minvalla (inqilablar dalğasında) xilas olacağını düşünürlər, ya da siyasi nəhənglərin əlindən yaxa qurtarmağı mümkünsüz sayırlar. Biz isə hər iki yönü yanlış sayırıq. Xatırladırıq ki, Əfqanıstandan başlayan və bu gün Suriyada davam eləyən oyunlar bir xətt üzrə inkişaf edir. Hadisələr bu xəttin sonuna doğru kəskin xarakter alır. Əgər Əfqanıstanda Qərbin maraqları bir vaxtlar əsasən SSRİ ilə toqquşurdusa, o (Qərb), bu gün İraqdan Suriyaya qədər davam edən hadisələrin axarında özünün müttəfiqi adlandırdığı Türkiyə ilə hesab çəkməyin zamanını yaxınlaşdırır. Biz hər zaman vurğulamışıq ki, Amerika ilə Türkiyə heç vaxt müttəfiq olmayıblar. Türkiyə əsasən Amerikanın siyasi maraqlarına yarayıb. O, bu xidməti məcburi qaydada seçib, – Sovet respublikalarından biri olmaqdansa, müstəqil qalıb ABŞ-ın maraqları ilə hesablaşmağa üstünlük verib. SSRİ dağıldı, Türkiyə isə yağışdan çıxıb yağmura düşdü. Bu yağmur isə onu yuyub aparmaqdadır. ABŞ İraqı dağıtdı və oranı PKK-nın inkişaf edib döyüşməsi üçün meydana çevirdi. “Kürdüstan dövləti”nin layihəçilərindən birini – Təlabanini dövlətin başına gətirdi, o birinə – Bərzaniyə isə ölkənin Quzeyini hərbi düşərgə elədi. PKK da məhz həmin düşərgədə mərkəzləşib. İndi PKK sanki başqa bir ölkədir və Türkiyə başqa bir ölkə ilə müharibə edir. İşin eybəcərliyi ondadır ki, bu “başqa ölkə”nin sınırları Türkiyənin içərilərindən başlayır. Heç bir Qərb ölkəsi də PKK kimi vəhşi bir terrorçu şəbəkənin əməllərindən diksinib həyacan təbili çalmır. Çünki hər birinin istəyi PKK-da ifadə olunur.
Görünür ki, PKK-nın son günlər aktivləməsi də Suriyadakı durumla bağlıdır və Qərbdən sifariş olunub. Hələ ki, Suriya məsələsi vəziyyəti mürəkkəbləşdirib. Heç kim siyasi müəyyənlik sərgiləyə bilmir. ABŞ aranı qarışdırdı ki, Əsəd rejimini devirsin. Ancaq gözləmədiyi bir şəkildə Əl-Qaidənin Əsəd hakimiyyəti ilə döyüşü başladı. İndi ABŞ bu iki qüvvənin bir-birini sıradan çıxartması üzərində işləyir. Hətta Əsəd hakimiyyətinə Əl-Qaidənin mövqeləri ilə bağlı bilgilər də verir. Analogiya az uyğun olsa da, eynən 1944-cü ildə SSRİ-Almaniya döyüşündə ikinci cəbhənin açılmasını ləngitməsi və hər ikisinin zəifləməsini gözlədiyi kimi. ABŞ-ın elə bir təcrübəsi var. Türkiyə hökumətinin də Suriya ilə bağlı mövqeyi müəmmalıdır. Xəlifəlik arzusunda olan Ərdoğan hökuməti Əsədin rejimini əvvəldən istəmir, bu bəllidir. Çünki Əsəd rejimi 1979-cu ildən İslam İnqilabıyla Şərqə hegemonluq etmək marağında olan İranın dostudur. Ancaq Ərdoğan hökuməti dünyanın gözü qarşısında terrorçu Əl-Qaidəyə də yaxın mövqe sərgiləyə bilməz, baxmayaraq ki, Əl-Qaidə də xəlifət arzusundadır.
Deməli, Suriya həm Qərb üçün, həm də Ərdoğan hökuməti üçün arzuolunmaz bir mərhələyə keçib. Bununla belə, Qərb Türkiyənin başı öz içinə qarışsın deyə, PKK-nın silahlarını işə salıb. Ümumiyyətlə, Türkiyəni zəiflətmək və parçalamaq yönündə proseslər heç vaxt daynmayıb, – nə Osmanlı dönəmində, nə Atatürk dönəmində, nə də ondan sonra. Orta Doğu Projesi əsasən Türkiyənin bir daha qüdrətlənib dünyada aparıcı söz sahibinə çevrilməməsi yönündə planları həyata keçirir. Nə kürdlər, nə də ermənilər ABŞ üçün bəşəri bir nəsnə deyil.
Bütün bu hadisələrin fonunda diqqətimizi cəlb edən və bizi narahat eləyən bir məsələ də var. Türkiyədə PKK-nın yeni oyunları, İranın Azərbaycana qarşı viza söhbəti, “İranla müharibə başlasa Naxçıvan ayaq altında qalacaq” panikası. Bütün bu oyunlar sanki bir əllə törədilir. Əcəba, doğrudanmı “Kürdüstan dövləti”nin hazırlanması bu qədər aktualladırılaraq sürətləndirirlir?! Gözlə görünməyən siyasi vahimələr haqqında düşünmək artıq gecikir. Bu gün Naxçıvanın ətrafında hadisələr elə eybəcər şəkil alır ki, elə bil Naxçıvan “Kürdüstan dövləti” üçün boşaldılmağa sürüklənir. Belə ki, İranın viza rejimi tətbiq etməsi Bakıya gəlib-gedən əhalidə panikanın təsirini gücləndirir. Başqa bir tərəfdən, Naxçıvanda əhali sadə iş yerlərindən (yeməklxana, çayxana və s.) məhrum olunur. Eləcə də susuzluqdan kənd təsərrüfatını iflic duruma salırlar ki, bu da yerli əhalinin həyat tərzini dözülməz hala gətirir, artıq orada yaşamaq mümkünsüzlədirilir. Deməli, dözülməz vəziyyətdən qaçıb canını qurtarmaq Naxçıvanı boşaltmaq anlamına gəlir. Dəhşətli bir sual adamın içini qovurur – kimdir, hansı əllərdir bunları törədən?! Əcəba, Naxçıvanı verməyəmi hazırlayırlar?! Cavid durub yurdunu seyr etməli və haray qoparmalı:
“Ya rəbb, bu nə dəhşət, bu nə vəhşət, nə qiyamət?!”
İblis hökm edir Vicdana, kimsədən yoxdur kəramət!
(Cavidin ağrısına ağrımızı, sözünə də (ikinci sətri) sözümüzü əlavə edirik).
Yükümüzdən böyük fərəhimiz yoxdur!
Atamız var olsun!
12 Qürub Ayı, 34-il. Atakənd.
(avqust, 2012. Bakı).