Bu günlərdə tanınmış qələm adamı Xaliq Bahadırın “Abbas Mirzə”adında bir əsərini oxudum. Əslində buna qədər də Xaliq bəyin mətbuatda çıxan yazılarını rastıma düşdükcə oxumuşam. Xaliq bəyin bütün yazılarında həmişə bir xətt görünüb –Vətənin bütövləşməsinə həsrət, milli şüurun gəlişməsinə ümid. Ancaq o, heç vaxt ümidi uydurmayıb. İctimai həyatda, siyasi gedişatda çatışmazlıqları ayıq baxışlarla təhlil edir, doğru saymadığı bütün çalarları cəsarətlə dilə gətirir. Xaliq bəy siyasi mühitin adamı olsa da oyunlara bulaşmır. O, millətçilik yönündə maarifçi ziyalıdır. İctimai tərəqqiyə qarşı atılan addımlarla barışmır.Vətənin mənafeyini vasitəyə çevirənlərə qarşı açıq söz deməsi onu öz yaxın çevrəsində belə, arzuolunmaz şəxsə çevirir.Yaxşı cəhət odur ki, o, bundan sınmır. Özünün tutduğu mövqenin haqlı olduğunu dərk edir.
Xaliq bəylə cəmi beş dəfə görüşmüşük. İlk dəfə Asif Atanın ölümündən sonra keçmiş bir amaldaşımın vasitəsilə “Sahil Bağı”nda görüşdük. Mənə elə gəlir ki, Xaliq bəy Atanın Yolunun davam etməsi üçün gücü çatan bir işin qulpundan tutmaq istəyirdi – bizim yazılarımızı çap eləmək (səhv eləmirəmsə “Azadlıq”qəzetində çalışırdı). O, özü bunu demirdi, ancaq belə görünürdü. Elə “Sahil Bağı”nda görüşümüzdə də yazı söhbətini müzakirə elədik. Əslində ən çox mən danışdım, o isə qısa bir şey dedikdən sonra məni dinlədi. Onun dinləməsində bir təəssüf əhvalı hiss edirdim. Ola bilər onda mənim yersiz iddialarım Xaliq bəy üçün Atanın işinə uyğun görünmürdü. O vaxt elə bir yaradıcılığımız da yox idi.Yazılarımız əsasən Atanı yamsılamaqdan ibarət idi. Ona görə Xaliq bəy bizi davamlı çap eləmədi. Ancaq özü Asif Atanı ara-sıra yazılarında hallandırırdı. Hətta Asif Ataya, onun Yoluna qarşı xoşagəlməz yazı yazanlara yazılı cavab da verirdi. Bizə görə bu da onun xalqına bağlılığını göstərən amillərdən biri idi. O, dəyəri tanıyan və qədrini bilən ziyalıdır.
İkinci görüşümüz təxminən on il öncə gerçəkləşdi. Xaliq bəy Ocaq tədbirinə qatılmışdı, özümüz dəvət eləmişdik. Məncə o, bizim tədbirimizdən o qədər də razı qalmamışdı. Hətta başqa işinin olduğunu deyib tədbiri tez tərk eləmişdi. Xaliq bəy nə orada, nə də başqa yerdə yaxşımıza, pisimizə heç nə deməmişdi. Tədbirdə onun da sırasında olduğu müxalifətlə bağlı tənqidi çıxışlarımıza qarşı da nə etiraz etmiş, nə də münasibət bildirmişdi. Beləliklə, onun bizə münasibəti şəxsən mənim üçün sirr olaraq qalmışdı. Onunla sonrakı görüşlərimiz isə iki il bundan öncədən başladı. Xaliq bəylə çay süfrəsində geniş söhbətlərimiz oldu. Onun həmsöhbətini dinləmə qabiliyyəti, polemika aparmaq mədəniyyəti nadir sayılan keyfiyyətdir. Sonra bir- birimizi kitablarımız vasitəsilə bir az da dərindən tanıdıq.
Nəhayət onun Abbas Mirzə haqqında yazdığı əsər sağlam milli təfəkkürdən gələn bir örnəkdir. Abbas Mirzənin timsalında Azərbaycana sevgi və onun bütövlüyü uğrunda yetkin bir savaş ruhu tərbiyə edir Xaliq bəy. Burada o, həm vətənimizin faciəsini, həm də vətəni uğrunda inadla döyüşən qeyrətli şəxsiyyəti tanıdır.Yadların yanlış sunduğu və ağlımızda tərsinə oturtduğu hadisəni öz doğruçu baxışıyla yenidən işləyib canlandırır. Heç bir idealizəçiliyə varmadan burada faktlardan başqa o, öz sevgisinə və inamına dayanır. Bu da onu göstərir ki, Xaliq bəy Azərbaycanın mahiyyətinə vara bilir.Yurdunu mahiyyəti etibarilə tanıya bilmək və dərk eləmək də nadir xassədir. Əksəriyyətin söydüyü, aşağıladığı, satdığı, taladığı Azərbaycanı o, sevə bilir.
Dərdlinin ağrısını duyan az olur. Bu gün Xaliq bəy də az duyulan dərdlilərdəndir. Bununla belə Vətənini, Millətini oyunsuz sevən şəxs onun tarix qurucusuna çevrilir. Biz də bu yolda bəyə başarılar diləyirik.
Atamız Var Olsun!
17 Qürub Ayı, Atakənd.
(avqust, 2012. Bakı.)