YASİN TÜRKSOY. TÜRK FOLKLORUNDA İNSANİLİK DƏRİNLİYİ

(folklor üzərinə bir-iki gəzişmə)

“Hər bir xalqın mədəniyyətinin ən dərin qatı folklordur” (Soylu Atalı).
Biz də xalqımızı coğrafi iqlimi ilə, siyasətiylə deyil, folkloru ilə öyrənib tanıtmağı doğru sayırıq. Türklər döyüşkən ulus olsa da estetik zövqlü, gözəllik vurğunu, Duyğulu, Hissiyyatlı və Ruhlu olublar. Bunu dərk etmək üçün türklərin ən qədimdən Folklorunu – Xalq Yaradıcılığını, Kültürünü incələmək gərəkdir. Bu cür yanaşma həqiqətin öyrənilməsinə aparan yoldur.
Türk Folklorunda – Xalq Yaradıcılığında Həyata, onun Fəlsəfəsinə aid hər şey var.
“… Bizim bayatılarımızda, atalar sözlərində, nağıllarımızda fəlsəfi fikirlər o dərəcədə zəngindir ki, bəlkə da fəlsəfə tariximizi onların təhlilindən başlamaq olardı” – deyir, Asif Ata.

Burada bir neçə sadə örnək göstərməklə bu fikrin doğruluğunun şahidi olarıq.
Sayaçı sözlərindən:
Nənəm a şişək qoyun,
Yunu bir döşək, qoyun.
Bulamanı tez yetir,
Gözləyir uşaq, qoyun.

Deyilişdə necə sadə poetik bənzətmə var. Süfrəsinə bərəkət, nemət verən varlıq necə də əzizlənir, bəslənilir, sevilir, nəğmələrdə öyülür. Buna üzdən baxsan, heç nə anlamarsan, bayağılıq görərsən. “Bu nə deməkdir, qoyuna da “nənəm a nazlı, a şişək qoyun” deyilər ?”. Daxilin gözüylə baxanda isə həyat sevgisi görərsən. İçin o qədər təmiz olmalıdır ki, dünyanın halında bayağılıq deyil, ülvilik görəsən. Gərək o qədər böyük, kamil olasan ki, Mənanı anlayasan. Burada etnik fitrət özünü göstərir. Türk təbiətə, canlıya, cansıza münasibətində çox doğmadır. Doğrudur, İnsaniliyin milliyyəti yoxdur. Ancaq türkdəki qədər heç bir xalqda təbiətə İnsani yanaşma bunca dərin deyil…

Holavarlardan:
Qara kəlim, gündə mən,
Kölgədə sən, gündə mən.
Sən yat qaya dibində,
Qoy qaralım gündə mən.

***

Boynunu mən yağlaram,
Yaman gözü dağlaram.
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.

Burada türkün psixologiyası, İnsaniliyi açılır, açıqlanır. Ona qulluq göstərən heyvana qarşı sərt, amansız deyil, sevgiylə yanaşır. Heç nəyə faydaçı gözlə baxmır, təbii ehtiyacın əldə olunmasında təbiətə qarşı ağa münasibəti sərgiləmir. Bu doğmalıq Folklordan, Xalq Ruhundan mayalanır və o bulaqdan gəlir.
Türkün qurda – bozqurda olan sevgisi də belədir. Türk sevgisində Qurd müdrikləşdirilib, əzəmətləşdirilib. Yol göstərən kimi, güclülüyün ifadəsi kimi dəyərləndirilib. Türk təbiəti vəhşiliyin ixtiyarına buraxmır, onu İnsaniləşdirir…

***

“Başım baxtı, evim taxtı  Sevgilim” , “Dilin üçün öləyim, gəlinciyim” burada türkün qadına, yara düşüncəsi, sevgisi, sayğısı, inamı açıqlanır.

“Bu xına o xınadan deyil” ibrətli xalq deyimi, Kərkük bayatılarında ayrılıq, həsrət yükünün, Vətənə münasibətin obrazlaşdırılması da türk xislətidir, özünəməxsusluğudur. Kərkük bayatılarında dərd mənalanır.
Kərkük bayatılarından:
Dərə-dərə;
Su gələr dərə-dərə.
Bağçamda gül qalmadı,
Yad gülü dərə-dərə.

***

Qurut göz yaşın, Kərkük;
Altundu daşın, Kərkük.
Birləş qardaşlarınla,
Yüksələr başın Kərkük.

***

Qədirin ifa etdiyi “Apardı sellər Saranı” xalq nəğməsində də folklor zənginliyini bildirən İnsani haray eşidilir.

***

Anadolu türkülərində, şərqilərində də folklorun məzmunu yuxarıda vurğuladığımız çalarlarla özünü göstərir.
Bir türküdən örnək:
Geldi bir kara duman,
Dağların arasına.
Kaderim da benziyor,
Dumanın karasına.

Burada dumanın dağların arasına, sırasına gəlişi ilə düşüncələrimizdə həyatın enişli-yoxuşlu haləti vurğu edilir. Obrazla həyat arasında bağlılıq diqqətimizi daha dərin məqamlara yönəldə bilir.
Təbiəti anladır, İnsanı anladır. Təbiətlə İnsanı doğmalaşdırır, İnsanda həyatı bədiiləşdirir, mənalandırır…

Xəzan ayı, 34-il
( Oktaybr 2012 )

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv