Soylu Atalı. İdeologiyaya çevrilən cəhalət

Cəmiyyətdə Adamın İnsanlaşmasına inam yoxdur. Çünki cəhalət mühitində insanı dərk eləmək mümkün deyil. Cəhalət bulanıq sel kimidir. Bir yandan axıdılır ictimai həyata və bulanıq mühit yaradılır. Bu mühitdə toplum yuxulu kimi yaşayır. Mənəvi fəlakətlərin səbəbi dərk olunmur, çünki cəhalətə xilas kimi baxılır. İnsan taleyində dini və ideoloji cəhalət birləşib yeni fəlakətlər doğurur. Bunun da səbəbi odur ki, toplum alışdığı anlayışlardan qırağa çıxa bilmir. Müəyyən kəsimi dinin cənnətinə, müəyyən kəsimi də siyasətin demokratiyasına küsənir. XXI yüzildə hələ də inanırlar ki, adam yaxşı ibadət eləsə, öləndən sonra cənnətdə yaşayacaq. Siyasətin demokratiyası da dinin cənnətinə oxşayır. Hələ də inanırlar ki, demokratiya adlanan cənnət var və bu əla bir həyatdır. Hər kəs ona əməl etsə qurdla quzu bir yerdə otlayar. Əslində demokratiya aldadıcı ideoloji icraçılıqdır. Bir ideoloji ki, iki min ildir özünü doğrultmur, onun səadət qapısı nə vaxt açılacaqdır?! Kapitalizmin ideoloji nəzəriyyəsi olan demokratiya pulçuluğu qoruyursa, ictimai həyata necə nizam gətirə bilər?! Demokratiya üçün qan tökülür, qırğınlar olur, ölkələr parçalanır, dövlətlər sarsıdılır, tarixi dəyərlər sıradan çıxarılır. Demokratiya – görüntülər bolluğudur, vədlər yalanıdır, şüarlar elanıdır. Demokratiya azadlıq yaratmır, özbaşınalıq yaradır. Demokratiya hərcayilərin, pozucuların hüququnun təminatçısıdır. Demokratiya ilə dünyanı, ölkələri idarə edənlər hərcayiliyə mühit yaradırlar ki, insanların dili gödək olsun, pulçuluqla, pulçularla döyüşməsinlər. Demokratiyada şəxsiyyətlə pozğunun hüququ bərabərləşir. Şəxsiyyətin sözünün kəsəri olmur, yerimir. Demokratiya idarə olunan sürü yaradır.

xxx

Bu gün Azərbaycanda siyasi müxalifət Gürcüstana örnək kimi baxır. Bir vaxtlar Saakaşvilinin demokratik inqilabla hakimiyyətə gəlməsi qibtə hissi doğururdu, belə bir üsulla hakimiyyətə gəlməyin növbəsini gözləyirdilər. Həsrət vardı belə bir siyasi mühitin oluşmasına. Ancaq təəssüf ki, məsələyə tam olaraq hakimiyyət istəklərindən baxılır. Yalnız üzdə olan görünür, əsasən məsələnin mahiyyətinə varılmır. Saakaşvilinin siyasi davranışlarına tamahlanmaq ciddi təhlillərin olmamasını göstərir. Əgər Saakaşvili demokratiya mədəniyyətinin örnəyidirsə, nə üçün Borçalı toponimlərinin kökünü qazıyıb məhv edən şovinistlərin əməllərini aradan qaldırmadı?! Hesab edə bilərlər ki, biz Saakaşvili demokratiyasına milli istəklərimizdən yanaşırıq. Belə düşünənlər düz edərlər. Bir millətin tarixi saxtalaşdırılıb bəşəri haqqı ayaqlanırsa, bu mühitin demokratiyası necə bəşəri humanizmə uyğun ola bilər?! Tarixi haqqların məhvi üzərində dayanan ideolojidə ədalətin varlığı kimi inandıra bilər ki?! Lap götürək gürcü toplumunun öz münasibətini, ona demokratiya “rahatlığı” gətirən Saakaşviliyə niyə yox dedi?! Tutalım ki, prezident iki dəfə seçilməlidir deyə Saakaşviliyə səs verilmir. Bəs onun “demokrat komandası” niyə dışlanır?! Əslində bunu da demokratiyanın təzahürü sayırlar. Olsun! Zatən biz ona görə deyirik ki, demokratiya özbaşınalıq və anarxiyadır. Bu ideolojinin tələblərinə görə hər bir dəyər qısaömürlüdür. Həşirə alışdırılmış kütlənin səviyyəsinə uyğundur. İnsanları mənəvi cəhətdən sarsıdır, sosial problemlərlə üz-üzə gətirir, sağlam düşüncədən məhrum edirlər. Sonra da deyirlər hər kəsin azad seçim haqqı var. Bundan əvvəlki yazılarda da vurğu eləmişik ki, toplum gərgin problemlər içərisində yaşadığı üçün o daim yeni qüvvə axtarır. Onun sosial problemlərini həll eləyən başçı arzusu ilə seçkiyə gedir. Ancaq seçilmək üçün ortaya kimlər çıxır – milyonları olanlar. Milyonları olanlar da milyonlarını qorumaq və artırmaq üçün seçdirilirlər. Yəni toplum ya bu, ya da başqa bir milyonçuya “azad” şəkildə səs verir. Bu da olur onun seçim azadlığı. Biz yazmışdıq ki, demokratiyanın müstəqil etkisi yoxdur, bu ideoloji baxış hər zaman Quruluşa bağlı olur: – deyək ki, Quldarlıq Demokratiyası, Feodalizm Demokratyası, Kapitalizm Demokratiyası. Quldarlıq Demokratiyasında Quldarın hüququ olurdu, qulun hüququ olmurdu; Feodalizm Demokratiyasında feodalın hüququ olurdu, təhkimçinin hüququ olmurdu; Kapitalizm Demokratiyasında pullunun hüququ olur, pulsuzun hüququ olmur. Bu cəhətdən demokratiya gözə çəkilən pərdədir. Bu gün Gürcüstanda milyonçu İvanaşvili seçkini “udub”, – bunu demokratiyanın qələbəsi sayırlar. Əgər bu məsələnin köklü mahiyyətinə üz tutsaq, ayrı-ayrı fərqli məqamlar ortaya çıxar. Əvvəla Güney Qafqazın bu ölkəsində demokratiya kimi yaşanan bəlli dönəm gürcü toplumun istəyi və səyi ilə baş vermədi, Qərb tərəfindən quraşdırıldı. Qərbin humanist, azadlıqsevər görüntüsü yaradılmalı idi ki, bölgədə etkisini və nüfuzunu artırsın. İstəyəndə başqa postsovet respublikalarda da inqilab eləyə bilsin. Bunun üçün təbii ki, Gürcüstanı seçməli idi. Ermənistanda bunu eləyə bilməzdi, çünki Ermənistan birmənalı şəkildə Rusiyanın kuratorluğundadır. Azərbaycanda eləyə bilməzdi, çünki Azərbaycanın sağı da Azərbaycandır – Güney Azərbaycan. Qərb sonradan özünün başağrısına çevrilən mühit yaratmaq istəməz.
Bəllidir ki, Saakaşvili Qərbdə hazırlanmış adamdır. O, hakimiyyətə gətirilməli və onun əliylə Rusiyaya dirəniş göstərilməli idi ki, Rusiya Güney Qafqazda mütləq hakimiyyətə yiyələnməsin. İndi isə Qərb İranı zərərsizləşdirməyə (əslində dünya ağalığını genişləndirməyə) hazırlaşır. Bunu Azərbaycan Respublikasına dayanıb eləyə bilməz. Çünki Güney Azərbaycanla Quzey Azərbaycanın bütövləşməsinə zəmin yarana bilər. Rusiya amilinə görə Ermənistana da dayanıb edə bilməz. Həm də İranla Ermənistanın müəyyən ilişkiləri var. Deməli, yenə Gürcüstana dayamaq lazım gəlir. Ancaq İranı zərərsizləşdirmək üçün hardasa Rusiyanı da neytrallaşdırmaq tələb olunur. Görünən odur ki, Rusiyanın Güney Qafqazda təsirlərinə nisbətən geniş imkan vermək gərəkir. Bunu isə antirusiya kimi tərtibləndirilən Saakaşvili hakimiyyəti ilə eləmək olmazdı. Çünki oyunlar tam çılpaqlana bilərdi. Ona görə də Rusiyaya loyal münasibət sərgiləyən yeni komanda gərək idi. Bu da İvanaşvilinin komandasıdır. İvanaşvili də Qərbin kadrıdır.
Beləliklə, Rusiya ilə başqa anlaşılmazlıq olmasa, Qərb bu variantın üzərində işləyəcək. Biz Gürcüstan demokratiyasının təzahürünü belə görürük. Azərbaycan siyasətində isə hər kəs Qərb tərəfindən tərtib olunan ümumi oyunların balaca oyunçularına çevrilməyə yüyürür. Milli varolmanın təminatı olan Türk Birliyi yönündə isə təəssüf ki, heç bir ciddi əməl gözə dəymir. Durum ağır, mübarizə şətindir. Geri durmaq isə ölümə bərabərdir…
Atamız var olsun!

07 Yağış Ayı, 34-il.
(noyabr, 2012)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv